Natiq Cəfərli: "Prezidentin yanaşması və ritorikası düzgün deyil"

Natiq Cəfərli: "Prezidentin yanaşması və ritorikası düzgün deyil"
10 Yanvar 2021
Mətni dəyiş

7 yanvarda prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirib. Müşavirədə bir çox məsələlərdən danışan prezidentin iqtisadi məsələlərdəki fikirləri də müzakirəyə səbəb olub.

İqtisadiyyatdan və iqtisadçılardan danışan prezident ölkə iqtisadiyyatı haqqında müsbət, iqtisadçıları haqqında da mənfi fikirlər səsləndirib. Prezident deyib ki, Dünya Bankının “Doing Business” hesabatında bizim reytinqimiz artırılıb: “Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza", - deyə o, vurğulayıb.

2021-ci ilin neft qiymətlərinə də toxunan prezident deyib ki, o proqnozlaşdırır ki, 2021-ci ildə neft qiymətləri stabil və yüksək olacaq.

Abzas.net məsələ ilə bağlı iqtisadçılarla danışıb.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, reytinqin hesablanma alqoritimini və mexanizimini bilmək kifayətdir ki, söhbətin nədən getdiyini aydın görəsən.

Proqressiv addımlar 

Onun sözlərinə görə, həmin siyahıda Səudiyyə Ərəbistanı kimi, Tacikistan kimi ölkələr də var. Bu da onu göstərir ki, son bir ildə hökumətin atdığı proqressiv addımlar toplanan balların sayını arıtrır.

Natiq Cəfərli deyir ki, Azərbaycan ilk dəfə deyil bu siyahıda onluğa düşür. Son on ildə 6-7 dəfə ilk onluğa düşmüküş. Bu belə ilk baxışdan yaxşı görsənsə də, məsələnin fəlsəfəsinə baxanda, heç də yaxşı bir şey olmadığı görünür.

"İslahat daimi ola bilməz. İslahatın başlama və bitmə nöqtəsi var, hədəfləri var. Azərbaycan bəzi məsələlər üzrə addımlar atdı. Məsələn, hüquqi şəxslərin qeydiyyatı məsələsi. Bizdə 3 iş gününə həll olunur. Avropda bu bəzən 40-50 gün çəkir. Bu yaxşı göstəricidir və bu yüksək bal toplayıb reytinqdə önə çıxmağa imkan verir. İnvestitsiya ilə bağlı ümumi rəqəm açıqlanır, demək bizdə neft-qaz sektorunda o qədər ciddi investitsiyalar olur ki, bu da müqayisədə digər ölkələrdən çox olur və ümumi hesablamada bizim ballarımızı artırır. Son zamnlar Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Şahdəniz-2, Tanap və Tap layihələrinə ümumilikdə 46 milyard dollara yaxın vəsait qoyulub ki, bunun da yarıdan çoxu xarici investitsiyadır. Bu da ümumilikdə reytinqdə Azərbaycanın ballarının artmasına və yerinin yaxşılaşmasına səbəb olur. Amma ümumilikdə dediyim kimi, islahatlar ömrü boyu gedə bilməz, başlama və bitmə nöqtələri olmalıdır. Bunu bir təmirlə müqayisə etsək, ömrü boyu təmir gedən evdə yaşamaq olmaz", - deyə Natiq Cəfərli bildirib.

Dünya Bankının “Doing Business” hesabatı ciddi mənbədir, amma bir də real vəziyyət var

Prezidentin iqtisadçılarla bağlı dediyi sözlərə də toxunan ekspert deyir ki, yanaşma doğru yanaşma deyil. Hətta hökumət özü də çox böyük xərc çəkib iqtisadi araşdırma mərkəzlərinə rəy hazırlatdırıb.

Onun sözlərinə görə, Dünya Bankının “Doing Business” hesabatı ciddi mənbədir, amma real vəziyyət də var. Real vəziyyət isə ondan ibarətdir ki, ölkənin Ümumi Daxili Məhsulu ötən ilə nisbətən 4.5% azalıb, rəsmi işsizlik 600 mini keçib, turizm sahəsi çöküb, qeyri-neft sektorunun qeryri-ərzaq satışlarında ciddi azalmalar var, kreditlərin, əsasən də biznes kreditlərinin verilməsində ciddi azalmalar var. Bunlar faktlardır.

"Çox maraqlıdır ki, prezident öz çıxışda da bəzi tənqidilər səsləndirdi. İqtisadiyyatla da bağlı, xərclərlə də bağlı, korrupsiyayla da bağlı tənqidlər səsləndirdi. Tənqid istənilən ölkənin inkişafı üçün əsas təməllərdən biridir. Tənqid olmalıdır ki, o tənqidlər sayəsində də problemlər təsbit olunsun. Yəni, bunun ən yaxşı nümunəsi SSRİ-idi ki, orada tənqidlər olmurdu və sonunu gördük necə oldu. Ona görə tənqid hər zaman lazımdır və prezidentin yanaşması da, ritorikası da doğru deyil. Yeri gəlmişkən, elə tənqidlər də var, hökumət eşidir, nəticə çıxardır və dəyişməyə çalışır", - deyə iqtisadçı ekspert bildirib.

Hazırda neftin qiyməti süni yolla 50-55 dollar səviyyəsinə çatdırılıb

Prezidentin neft qiymətləri ilə bağlı fikirlərinə də toxunan Natiq Cəfərli deyir ki, biz gördükçü dövlət büdcəsində neft qiymətləri 40 dollardan hesablandı, konservativ yanaşma var. Yəni, daha ehtiyyatlı yanaşma var.

Onun sözlərinə görə, neftin qiymətini proqnozlaşdırma çətin məsələdir. Hazırda neftin qiyməti süni yolla 50-55 dollar səviyyəsinə çatdırılıb, çünki Səudiyyə Ərəbistanı pandemiyanın daha çox ziyan vuracağını görərək, öncədən elan etdi ki, daha bir milyon barel hasilatı azaldacaq.

"Süni şəkildə qiymətin tənzimlənməsi yolu tutulub dünyada və hasilatı azaltmaq yolu ilə qiymətləri artırmaq trendini görürük indi. Amma bu müvəqqətidir. Hamı bilir ki, bu divar bir gün qurtaracaq. Hasilatı sən daima azalda bilməzsən. Bir müddətdən sonra ölkələr hasilatı yenidən bərpa etməyə başlayacaq. Neft qiymətləri ilə bağlı ikinci təhlükəli məsələ isə odur ki, pandemiyadan əlavə, 2021-ci ildə İranla müəyyən müqavilələrin bağlanması gözlənilir. Amerikada yeni seçilən Co Bayden hökumətinin İranla münasibətləri yumuşaldacağı, nüvə sazişi imzalayacağı və başqa müqavilələr də imzalayacağı gözlənilir. Bu da o deməkdir ki, İran bu gün sanksiyalara görə ümumilikdə 300 min barel neft sata bilirdisə, bundan sonra 10 dəfə artıra bilər. Bu da neft qiymətlərinin düşməsinə səbəb olacaq. Livyada da neft müqavilələri imzalandı ki, bu da nefrin qiymətinə mənfi mənada təsir edəcək. Ona görə bu il ərzində neft qiymətlərinin 45-50 dollar arasında olması ehtimalı yüksəkdir", - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun