"3-5 aya Xankəndində də Azərbaycan bayrağı asılacaq, orda da bizim icra hakimiyyəti olacaq"

"3-5 aya Xankəndində də Azərbaycan bayrağı asılacaq, orda da bizim icra hakimiyyəti olacaq"
2 Yanvar 2021
Mətni dəyiş

Artıq 2021-ci ildə yaşayırıq. 2020-ci il Azərbaycanın sosial-siyasi, ictimai həyatında çox böyük hadisələrlə yadda qaldı. Xüsusən, pandemiyanın yaratdığı fəsadlar və Qarabağın işğaldan azad edilməsi ilin əsas hadisələri oldu. Azərbaycan Ağsaqqallar Şurasının sədi, millət vəkili Eldar Quliyevlə bütün bunlardan və başqa məsələlərdən danışdıq. Abzas.net həmin müsahibəni sizə təqdim edir:

- Eldar müəllim, 2020-ci il Azərbaycanda həm pandemiya ili kimi, həm də Qarabağın işğaldan azad olunması ili kimi yadda qaldı. Cəmiyyəti xeyli sevindirən və narahat edən məqamlar oldu. Ümumilikdə 2020-ci ildə hansı problemləri gördünüz ki, sizcə 2021-ci ildə artıq bunlar aradan qalxmalıdır?

- 2020-ci il üçün təbii ki, ən böyük problem 30 ildir işğalda olan torpaqlarımız idi və dünya ölkələrinin, region ölkələrinin bizə ədalətsiz yanaşması idi. 28 il idi ki, ATƏT-in Minsk qrupu yaranmışdı amma bütün dövrlər əllərini ağdan qaraya vurmadılar. Həmsədr dövlətlər dünyanın ən güclü dövlətləri idi demək olar, bu müddət ərzində də heyətləri bir neçə dəfə dəyişdi, amma nə Amerikadan, nə Fransadan, nə də elə bizim qonşu Rusiyadan bu məsələ ilə bağlı normal bir təklif görmədik. Yeganə o oldu ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası torpaqlarımızın qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etdi. Ancaq çox təəssüf ki, onun da icrasını verdilər yenə ATƏT-in Minsk qrupuna. Ancaq vəziyyət o yerə gəldi çıxdı ki, artıq dövlət başçıları da bu görüşlərə isti baxmadı. Cənab prezident də dəfələrlə dedi ki, görüşməyin mənası nədir? Çünki Ermənistan həm qətnamələri yerinə yetirmirdi, həm də danışıqları uzadırdı. Ancaq 2016-cı ildə ordumuz zəfər yürüşünə çıxdı, 2 gün içində torpaqlarımızın kiçik bir hissəsini işğaldan azad etdik. Ancaq o vaxt da ATƏT-in Minisk qrupunun, elə Rusiyanın və Sarkisyanın da yalançı vədləri ilə müharibəni saxladıq. Yoxsa elə o vaxtdan bu məsələni həll etmişdik. Ermənistanda hakimiyyətlər dəyişirdi, amma Qarabağla bağlı vəziyyət dəyişmirdi. Hətta Paşinyan gələndən sonra vəziyyəti bir qədər də pisləşdirdi. Ermənistanın "Qarabağ bizimdir" iddiaları, yeni torpaqların işğalı ilə bağlı fikirləri, bizim tarixi mədəniyyət şəhərimiz olan Şuşada yallı getmələri və Qondarma rejimin parlamentinin Şuşaya köçürüləcəyi ilə bağlı fikirləri həm Azərbaycan xalqını, həm də Azərbaycan hökumətini fakt qarşısında qoydu. Azərbaycan da torpaqlarını işğaldan azad etdi.

Problemlər ümumilikdə əlbəttə var idi, amma biz əvvəllər rayonlara gedəndə insanlar bizə deyirdilər ki, müharibə başlasın, torpaqlarımızı işğaldan edin, biz bir il, iki il bütün sosial-iqtisadi çətinliklərə dözərik. Təbii ki, müharibənin təsirləri ötüşəndən sonra böyük ölçüdə bu problemlərdən danışmaq olacaq.

Cəmiyyətdə başqa bir narahatlıq doğuran məsələ də Rusiya sülhməramlılarının Azərbaycana gəlməsidir. Ancaq mən insanları tam əmin edirəm ki, narahat olmasınlar. İndi Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın yanında Türkiyə kimi möhtəşəm Avropa dövləti var. Canımzdan, qanımızdandılar və arxamızda durublar. Bir şeyi də unutmayın ki, bu gün Rusiya təklənib. Həm NATO tərəfindən, həm Avropa Birliyi tərəfindən, həm də Amerika tərəfindən. Son illərdə Rusiyanın özünün içərisində də böyük çaxnaşmalar var. Bayden də gəlməmişdən əvvəl artıq ultimatumlar verməyə başlayıb. Bunlardan da əlavə iqtisadi sanksiyalar var. Ona görə də Rusiya özünü qorumalıdır, saxlamalıdır və konsensusa getməlidir. Azərbaycan kimi dövlətlə getməlidir konsensusa, Türkiyə kimi dövlətlə getməlidir...

"3-5 aya Xankəndində də Azərbaycan bayrağı asılacaq, orda da Azərbaycanın icra hakimiyyəti və digər dövlət strukturları olacaq."

- Eldar müəllim, xüsusən Azərbaycan müstəqilliyini yenicə qazanandan sonra Rusiyanın etdikləri Azərbaycanda Rusiyaya qarşı həm neqativ fikirlər yaradıb, həm də Rusiyadan narahatlıq var. Siz isə narahatlığa əsasın olmadığını arqumentlərlə deyirsiniz. Bəs sizcə, Rusiyanın imperialist maraqları bu dəfə də bütün maraqlarını üstələsə, Rusiyanın qarşısını almaq olacaq?

- Əlbəttə, hərbiyə qalsa, əhalinin və ordunun sayına qalsa onlar bizdən güclüdür, 130 milyon əhali onlardadır, 10 milyon bizdədir. Amma bu gün arxamızda türk dövlətləri var, bundan da başqa artıq Azərbaycan adi dövlət deyil. Azərbaycan bu gün inkişaf edir və elə bütün məsələlərdə, hərbi inkişaf baxımından da Rusiyadan geri qalmayıb. Artığımız var ki, əskiyimiz yoxdur. Son müharibə özü göstərdi ki, Azərbaycanın güclü və nizami ordusu var, torpaqlarımızı 44 günə işğaldan azad etdilər və Ermənistan təslim olmasaydı, axıra qədər gediləcəkdi. Mən sizə onu da deyim ki, 3-5 aya Xankəndində də Azərbaycan bayrağı asılacaq, orda da Azərbaycanın icra hakimiyyəti və digər dövlət strukturları olacaq.

- Eldar müəllim, indi biraz ölkədəki pozuntulardan və dövlətin bu pozuntulara münasibətindən danışaq. 2019-cu ildən etibarən Azərbaycanda vəzifə səlahiyyətlərini aşıb xeyli miqdarda dövlət vəsaitini mənimsəyən, eyni zamanda, vətdandaşlardan, müxtəlif dövlət qurumlarından rüşvət tələb edən icra başçıları və başqa məmurlar həbs edildilər. Sizcə bu 2021-ci ildə də davam edəcək?

- Kimliyindən asılı olmayaraq hər bir məmur öz əməlinə görə cavab verməlidir, həm vicdanı qarşısında, vicdanı yoxdursa, hakimiyyət qarşısında məsuliyyət daşımalıdır. Məmurlar birinci dövlətin fikrini çəkməlidirlər. Çox təəssüflər olsun ki, bizim məmurlar vəzifəyə gələn kimi birinci özlərini fikirləşirlər, sonra dövləti. Belə olmaz. Əgər buna etibar ediblərsə, iş tapşırıblarsa, o işi görməlidir. Dövlətə, xalqa xidmət eləməlidir. Allah eləməsin ki, mən düşünüm ki, 10 nəfər acından ölür, amma mən toxam. O günü Allah heç mənə göstərməsin. Biz çalışmalıyıq ki, insanlara kömək edək, əl tutaq. Düzdür, pandemiya biraz əlimizi-ayağımızı bağladı, inanın ki, biz adi günlərdə nə qədər adama kömək edirik. Biz millət vəkilləri ilə qərara gəlmişik ki, belə şeyləri ictimailəşdirməyək. Bəziləri kiməsə biraz yardım edir, onu saytlara verir, əşşi eləmisən Allahın bilsin, sən bil, bir də o insanlar bilsin. Bunu reklam etmək lazım deyil.

15 iyul 2020-ci ildə Bakıda Milli Məclisin önündə orduya dəstək mitinqi

- Eldar müəllim, uzun illərdir Azərbaycanda müxalifətlə iqtidarın münasibətləri gərgin olub, ancaq Qarabağ müharibəsi dövründə ölkədə bir ümumilli birlik yarandı və hər kəs eyni möqtəyə vurmağa çalışdı. Bütün bunlara baxmayaraq, hər şeyin fonunda hakimiyyət müxalifəti xarici dairələrin təsiri altında olmaqda, hökumətə yox, dövlətə müxalif olmaqda günahlandırır və müxalifətin bütün ittihamlarını rədd edir. Müxalifət də iqtidarı ölkədə bütün azadlıqların pozulmasında, siyasi repressiyalarda və digər bir çox məsələlərdə ittiham edir. Sizcə əslində münasibətlər necə olmalıdır? 2021-ci il üçün nə gözləyirsiniz?

- Bütün bu deyilənlər daha çox Azərbaycanın xaricində olan, dövləti təhqir edən adamlarla bağlıdır. Azərbaycanın daxilində olanlara yox. Mən izləyirəm mətbuatdan, məsələn, keçmiş Baş nazir Pənah Hüseynin də çıxışına baxdım, mənim onun fikirlərindən xoşum gəldi. Birinci növbədə bizə nə lazım idi, torpaqlarımızı azad etmək, müxalifət də, hətta radikal hesab olunan müxalifət də gəldi qoşuldu birliyə, azad etdik. Amma daha sonra baxırıq ki, deyirlər Rusiya gəldi, çıxmayacaq. Bundan başqa, o elə olmalıdır, bu belə olmalıdır və s. Bilirsiniz, dava uzaqdan baxana şirin görsənir, amma gəlib yaxından baxanda görürsən ki, bu insan ölümüdür. Bu gün biz 3 minə yaxın şəhid vermişik, 6-7 min qazi var, bunların məsələləri həll olunmalıdır və olunur. Yəni bü gün kənarda durub niyə elə oldu, niyə belə oldu deyirlər. Axı hər şey göründüyü kimi deyil. Hamısı yox, amma bəzilə ara qatmaqla məşğuldurlar...

"Mən bu gün and içə bilərəm ki, o 44 gün ərzində bəlkə də İlham Əliyev heç 44 saat yatmadı".

- Siz düşünürmüsünüz ki, müxalifətin hökuməti tənqid etməsi, milli məsələlərdə çox həssaslıq göstərməsi normaldır? Yəni, siz belə düşünürsünüz ki, müxalifət, hətta sizin radikal hesab etdiyiniz müxalifət Rusiya ilə bağlı məsələdə həssaslıq göstərirsə, ara qarışdırır?

- Yox, mən hesab edirəm ki, xaricdə oturub onu elə etmək lazımdır, bunu belə etmək lazımdır demək artıqdır. Türkiyədə də o molla Fətullah Güləni çıxsaq, belə adam yoxdur, heç Ermənistanda da yoxdur. Oturublar xaricdə, hər şeydən kənarda, ordan danışırlar ki, belə edək, elə edək. Baxın, Azərbaycandakılar Əli Kərimli də başda olmaqla necə gəlib qoşuldular bu birliyə? Hamımız bu addımı dəstəklədik, sağ olsunlar, gəlib qoşuldular. Lakin bundan sonra, şəhidlərimizin hələ qırxı çıxmamış müzakirələr və tələblər başlandı. Bunu düz etmədik, onu səhv etdik və s. Mən bu gün and içə bilərəm ki, o 44 gün ərzində bəlkə də İlham Əliyev heç 44 saat yatmadı. Gecə-gündüz gedirdi, əlaqə saxlayırdı, danışırdı. Çünki baş komandandır. Görürdünüz, çıxırdı çıxış edirdi, özündən asılı olmadan "İtiqovan" deyirdi və s. Bu onun daxilindən gəlirdi. 35 ölkənin müxbirinin suallarına cavab verirdi, təxribat xarakterli suallar verirdilər, siz gördünüzmü onlara necə təmkinlə cavab verib, oturtdu onları yerində?

- Orda suallar daha çox Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı idi. Siyasi məhbuslarla, mətbuatın vəziyyəti ilə bağlı suallar verdilər, sizcə Azərbaycanda həqiqətən də bu yöndə problemlər yoxdur?

- Elə bir dövlət yoxdur ki, orda belə problemlər olmasın. Bizim hüquq-mühafizə orqanlarımız var, içlərində ədalətliləri də var, ədalətsizləri də var. Beş barmağın beşi də eyni olmur. Cənab prezident ümumi rəhbərdir, ona məlumatlar verənlər var ki, elədir və ya belədir. Amma gəlin böyük dövlətləri götürək, Fransanı, Amerikanı, Rusiyanı. Siz Fransanın mövqeyi ilə bu gün razılaşa bilərsinizmi? Amerikanın bu gün apardığı siyasətlə biz razılaşa bilirikmi? Yox. Amma əlbəttə, problemlər var. Mən demirəm biz bu gün elə həyat qurmuşuq ki, hamı xoşbəxt yaşayır. Amma elə olur ki, insan öz səhvindən də düşür həbsxanaya. Amma problemlər var, olacaq da. Nə qədər düzəltsək də, yenə də görəcəyik ki, 5-10% belə şeylər olacaq. Mən deyərdim ki, burda faiz məsələsidir. Baxın, görün Azərbaycan prezidenti, onun xanımı hər il nə qədər insanı azadlığa buraxdırır. Hərdən elə olur ki, istintaq orqanlarında da, məhkəmələrdə də düzgün qərarlar qəbul olunmur. Bunların hamısına nəzarət etmək mümkün deyil. Amma yenə də deyirəm, dünyada ən böyük şey ədalətdir. Olur, müəyyən yanlışlar da olur, amma bu o demək deyil ki, hansısa dövlətdə yoxdur. Qardaş dövlətimiz Türkiyənin özündə də müəyyən qədər var, bizdə cüzi faizlə olsa da var. Bunu düzəldəcəyik, gələn il yenə olacaq. Həmişə olacaq. Amma biz çalışmalıyıq ki, bu faiz nisbətində aşağı düşssün, heç olmasa, 2-3% olsun. İran qonşu dövlətimizdir, orda yoxdurmu belə şeylər? Rusiyanı götürək, orda yoxdurmu? Hələ bizdə heç kimi zəhərləmirlər, onlarda görürsünüz ki, KQB adam zəhərlədir. Mən heç vaxt heç kimə yaltaqlanmıram, yaltaqlanmaram da. Mənim bir simam var. Amma bizim prezidentimiz cənab İlham Əliyev çox ədalətli insandır. Amerika bir tərəfdən, Fransa bir tərəfdən, çox qarışmasa da Rusiya bir tərəfdən təzyiq edirdi ki, müharibə dayansın, amma qorxmadı, torpaqları işğaldan azad etdi. Xilaskar oldu. Mən əminəm ki, başqa ölkə bizimlə eyni vəziyyətdə olsa, bütün olanların fonunda cəsarət göstərib müharibə edə bilməzdi, amma İlham Əliyev etdi. Son 200 ildə ilk dəfə idi ki, torpaq qaytardıq.

Mən hakimiyyət üçün mübarizənin əleyhinə deyiləm, amma necə deyərlər, kişi kimi, mərdanə. Namizədlik versinlər, seçilsinlər, kim nə deyir ki? Heç kimin alnına yazılmayıb ki, sən demokratik ölkədə ömür boyu prezident olacaqsan. Seçkilər olacaq, namizədlik verib qalib gələcək kimsə, heç nə. Amma bu gün mən İlham Əliyevə alternativ görmürəm, xüsusən, bu müharibədən sonra alternativ görünmür hələ. Ola bilsin ki, 5-10 ilə alternativ ola. Radikal müxalifətin əsas istəyi hakimiyyətə gəlməkdir. Paşinyan da gəldi də, noldu? Heç hakimiyyətdə olmağı bacarmadı. Cənab prezident görüşlərdə dünyanın gözü qabağında nə hala saldı onu. Guya ailəsini göndərirdi döyüşə, yoldaşı döyüş qrupu yaradırdı. Ölmürlər də. Mənim oğlumun qırx yaşı var, zabitdir, desəydilər gedəcəkdi. Döyüşlərdə olan yaxınlarım var. Maştağa on üç şəhid verdi. Adam var idi ki, iki müharibədə də iştirak edib. Biz nəslimizdən 5 şəhid vermişik uzun illər ərzində. Övladın gizlədən adam kişi şəxsiyyət deyil. Sən hökumətdən gizlədə bilərsən, amma Allahdan gizlədə bilməyəcəksən.

- Eldar müəllim bu gün hakimiyyət var, müxalifət var. Bunlar bir-birlərini tənqid edirlər və s. Bir də müxtəlif sənət adamları var, müğənnilər, idmançılar və başqa peşə sahibləri, onlar son dövürlər sosial şəbəkələrdə müxtəlif müxalifət funksionerlərini təhqir edirlər, hədələyirlər və görünür ki, bütün bunlar hüquqi baxımdan cavabsız qalır. İnsanlar düşünür ki, bu adamlar siyasi xadimləri hakimiyyətə xoş gəlmək üçün təhiq edirlər, hədələyirlər. Sizcə bu doğrudur, hökumətin buna münasibəti necə olmalıdır?

- İnsan gərək şəxsiyyətini, mənəviyyatını itirməsin, ədalətli olsun. Onsuz da nə etsən də ədalət həmişə var, bu gün də olmsa, beş gündən sonra çıxacaq. Adamın bir üzü olar. Əgər günahı varsa tənqid elə, günahı yoxdursa, şərləmə. Bax mənim prinsipim budur. Heç vaxt İlham Əliyev deməz ki, gedin filankəsi şərləyin, təhqir edin, mənə xoş gəlsin. O təhiqrləri eliyən adam axmaq adamdır. Əmin olun, kimsə belə bir şey edirsə, hakimiyyətin də heç xoşuna gəlmir o. Mən indi bilmirəm kimlər bunu edir, idmançılar varsa, yəqin gənclərdir, biraz da qolları güclüdür, insanlar tanısınlar, bilsinlər deyə, reklam üçün edir. Mən də sizi əmin edirəm, hakimiyyət heç kimə deməz ki, get filankəsi təhqir elə, mən də baxım xoşum gəlsin.

- Eldar müəllim, milli məsələlərdən, siyasi məsələlərdən danışdıq. Müsahibənin son sualı sosial məsələlərlə bağlıdır. Bu günlərdə İqtisadiyyat naziri 80 min yeni iş yerinin açıldığını bildirdi, bu açıqlama cəmiyyətdə birmənalı qarşılanmadı. Bundan əlavə, büdcə müzakirələri oldu, sizcə 2021-ci ildə əhalinin sosial vəziyyətində hansı dəyişikliklər olacaq?

- Artıq bir ildir ki, koronavirusla əlaqədar olaraq bir çox iş yerlərində məhdudiyyətlər tətbiq olunub. Kafelər bağlıdır, restoranlar bağlıdır. Orda işləyənlər bu gün evdədirlər. Hansı şəkildəsə maaş alırlar, amma əvvəlki kimi deyil. Məsələn, bir xadimə xanımla görüşdük, restoranda işləyirdi. Dedi Eldar müəllim, mən 350 manat maaş alırdım, yetim saxlayıram, hər gün də axşam evə gedəndə qazanımı doldururdular, yemək aparırdım evə. İndi maaşımı versələr də müəyyən qədər, hər şey çıxıb əlimdən. Yəni, hərənin bir dərdi var. Əlbəttə, bu gün deyirsənsə 80 min, 100 min iş yeri açmışam, bu doğru olmaz. Yeganə səhiyyə sahəsində iş yerləri açılıb. Lap ola bilsin ki, 50 min iş yeri açılıb, amma 200 min iş yeri həm də bağlıdır axı, neçə vaxtdır işləmirlər. Amma sizə onu deyə bilərəm ki, hər şey yaxşı olacaq. Baxın, əvvəl görüşlərdə hamı deyirdi ki, müharibə olsun, torpaqları alın, biz bunun yaradacağı çətinliklərə dözərik. Müharibə ilə yanaşı əsas pandemiyanın yaratdığı çətinliklərdir. Başqa ölkələrdə baxanda bizdə vəziyyət çox yaxşıdır. Yaxşı da olacaq. Çünki işğaldan azad olunan ərazilərin özündə belə minlərlə iş yerləri açılacaq. Universitetlər, məktəblər, kafelər, restoranlar. Bundan başqa dövlət qurumları yaradılacaq orda. Çox böyük həcmdə iş yerləri açılacaq, işçilərə ehtiyac olacaq. Ola bilsin biraz çətindir, amma biz bu il bütün yükü qoyub, Qarabağa həyatı qaytarmalıyıq. Oranı yenidən qurub başa çatdırmalıyıq. Bundan sonra, mən düşünürəm ki, sosial baxımdan ölkədə çox yaxşı vəziyyət olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun