Məhəmməd Talıblı: “Ölkədə valyuta tələbi artmadığı halda, bahalaşmanın da olması gözlənilmir”

Bu günlərdə Bakıda 1 dolları 1, 74 manata satan şəxs saxlanılıb. Qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40 000 ABŞ dollarını 69 900 manata satan zaman polis əməkdaşları tərəfindən tutulub. Məsələ ictimayət arasıdna marağa səbəb olub və müxtəlif suallar yaradıb.

Məsələn, REAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyir ki, valyuta da məhsuldur, alqı-satqı predmetidir, qiyməti alıcı ilə satıcı arasında razılaşma yolu ilə müəyyən edilir – niyə həbs edilir ki?

Abzas.net məsələ ilə bağlı ekspertlərlə danışıb. Maraqlıdır, elan olunan məzənnə ilə dollar almaq mümkündürsə, baha satış necə alıcı tapır? Maliyyə sektorunda vəziyyət necədir? Valyuta bazarının hüququ əsası varmı?

İqtisadçı ekspert Məhəmməd Talıblının fikrincə, bu, sadəcə biabırçıqlıdır: “Valyuta nədir? Təkcə tədavül vasitəsimi? Və digər pulun funksiyaları da var. Pul özü həm də bir əmtəədir”, – deyə o, vurğulayır.

Məhəmməd Talıblı deyir ki, qarpızı, almanı, pomidoru niyə istədiyin qiymətə sata bilərsən, amma valyutanı yox? Pul həm də əmtəədir axı. Bu cür hallar ondan xəbər verir ki, bizdə valyuta bazarına inzibatı basıqlar var.

Məhəmməd Talıblının sözlərinə görə, o bazarı ilk olaraq formalaşdırmaq, sonra isə azad etmək lazımdır. MB-ın o bazardan getməsi yox, sadəcə monetar tənzimləmə alətindən effektiv istifadəsi olmalıdır.

“Qısaca deyim ki, bu bazarda Neft Fondunun dövlət büdcəsinə transfer ediləcək vəsaitlərinin satışı məhdudlaşsa, o zaman valyuta bazarında ciddi problemlər yaranacaq. Ona görə bu bazarı inzibati yollarla deyil, sivil tənzimləmə və valyuta daxilolmaları kanalları ilə təmin etmək lazımdır”, – deyə iqtisadçı ekspert bildirib.

Məhəmməd Talıblı deyir ki, valyuta bazarını xüsusilə ABŞ dolları və avro ilə təmin etmək çətin deyil. Lakin indi qeyd etdiyim hallar bazarda əlavə ajiotajın yaranmasına səbəb olur.

Onun sözlərinə görə, nəzəri baxımdan qəbul etsək ki, hətta valyuta bazarında bahalaşma varsa belə, bunu tətikləmək olmaz, çünki bu cür hallar valyuta bazarında panik durumu şiddətləndirə bilər.

“İkincisi, isə dünyada, o cümlədən Azərbaycanda cəmiyyət həyatı tam donubsa, nisbi volatillik şəraiitində valyuta tələbi arta bilməz. Cəmiyyət sükunət halında olan zaman iqtisadi dinamizm mövcud ola bilməz. Ona görə mən belə hallar bahalaşma üçün ciddi zəmin yox, epizodik hal hesab edirəm. Çünki ölkədə valyuta tələbi artmadığı halda, bahalaşmanın da olması gözlənilmir”, – deyə Məhəmməd Talıblı bildirib.

Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, saxlanılan şəxsin valyuta satışı ilə qanunsuz məşqul olması, onun məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yaradır.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı 2015-ci ildə qanunları sərtləşdirib, yeni məhdudiyyətlər gətirdilər.

“Valyuta bazarı tənzimlənən bazardır və bununla bağlı Mərkəzi Bankın müəyyən qaydaları var. Bilirsiniz ki, əvvəl valyuta bazarı sərbəst idi və sərbəst olan zaman kimin hansı kursdan və nə qədər satış etməsinin önəmi yox idi. 2015-ci il 15 yanvar qərarından sonra bazarda dollara olan ehtiyacın bilavəstə artması səbəbindən o dönəm üçün xeyli məhdudiyyətlər gətirdilər. O cülmədən də valyutanın sərbəst alış-verişinə məhdudiyyətlər gətirildi. Qanuna görə indiki halda bu yalnız lisenziya almış banklar vasitəsi ilə ola bilər. Ona görə də həmin şəxs dollar satışı ilə məşğul olaraq qanunsuz bank funksiyalarını həyata keçirib və düşünürəm ki, onun məsuliyyətə cəlb olunması qanunvericiliyə uyğundur”, – deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.