Fransalı nazir: “5 yaşlı hicablı qız görməyi dözülməz hal hesab edirəm”

Fransada prezident Emmanuel Makronun partiyasından olan iki millət vəkili, Aurore Berge və Jean-Baptiste Moreau parlametə “Cümhuriyyət dəyərlərinə hörməti artıran” adı altında yeni qanun təqdim edib.

Fransa parlamentində toplanan xüsusi komitə “Cümhuriyyət dəyərlərinə hörməti artıran” adı ilə təqdim edilən qanunu müzakirə edib.

Qanunda dini ayrıseçkilik yaradan iki maddənin parlamentin müzakirəsinə təqdim edilməsi qəbul edilməyib və layihədən çıxarılıb. Həmin maddələr 18 yaşa qədər qızların ictimai yerlərdə hicab taxmasını qadağan edirdi.

Komitə sözügedən müddəaların aşırı olduğunu düşünüb və səsverməyə çıxarılmasına razılıq verməyib.

Fransa Daxili İşlər Naziri Christophe Castaner də bildirib ki, həmin maddələr ümumiyyətlə təqdim edilən qanunla əlaqəsizdir və rədd edilməlidir.

Dözülməzdir

Fransanın qadın-kişi bərabərliyi üzrə naziri Marlene Schiappa məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, o, bu qadağaları dəstəkləyir.

Onun sözlərinə görə, hətta komitədə və parlamentdə təmsil olunan bir çox millət vəkili də bunu dəstəkləyir.

“5 yaşında hicablı qız görməyi və beşikdə 2 yaşlı hicablı körpəylə rastalşmağı dözülməz hal hesab edirəm”, – deyə Fransanın qadın-kişi bərabərliyi üzrə naziri Marlene Schiappa bildirib.