Dağlıq Qarabağdakı son vəziyyət: “47 min 834 nəfər erməni Dağlıq Qarabağa qaytarılıb”

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ermənistandan Dağlıq Qarabağa 181 erməninin gəldiyini açıqlayıb. Nazirlik bildirib ki, gələnlərin marşurutu üzrə Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir və konvoy Rusiya sülhməramlılarının nərzarəti altında Dağlıq Qarabağa keçir. 

Məlumatda deyilir ki, bu günə kimi ümumilikdə 47 min 834 nəfər erməninin Dağlıq Qarabağa gətirilməsi təmin olunub.

Nazirlikdən bidiriblər ki, Rusiya sülhməramlıları həm müharibə dövründə Dağlıq Qarabağdan qaçan ermənilərin geri qayıtması üçün, həm də onların həyat şəraitlərinin yaşılaşdırılması üçün çalışırlar.

Türkiyə saytları hərbi bazalar yaradılır deyir, Azərbaycan Müdafiə Nazirliyi təkzib edir 

Bu günlərdə Türkiyə mətbuatında Azərbaycanın üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Məlumat yayıldıqdan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir”, – deyə Vaqif Dərgahlı bildirib.

Əsir və girovlarla bağlı

Üçtərəfli bəyanatdan irəli gələn məsələlərdən biri də əsir və girovların, o cümlədən cəsədlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi idi. 10 noyabra qədər olan əsir və girovlar dəyişdirilib. Lakin Azərbaycan bu bəyanatdan sonra kəşfiyyat həmləsi edib saxlanılan erməni hərbiçilərin Ermənistana verilməyəcəyini bildirib. Onlar terror törətməkdə ittiham olunur.

Azərbaycan tərəfi bildirib ki, razılaşma 10 noyabra qədər olan əsir və girovları əhatə edirdi.

10 noyabr bəyanatı

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.