Azərbaycan icazəsiz səfərlərlə bağlı son xəbərdarlığını etdi, məhəl qoyulmasa nə etmək olar?

Azərbaycan icazəsiz səfərlərlə bağlı son xəbərdarlığını etdi, məhəl qoyulmasa nə etmək olar?
16 Yanvar 2021
Mətni dəyiş

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər. Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə cavab olaraq bildirib.

Bəs görəsən, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa növbəti səfərləri də baş tutarsa, Azərbaycan nələr edə bilər?

Abzas.net məsələ ilə əlaqədar hüquqşünas Səməd Rəhimli ilə danışıb.

Səməd Rəhimli deyir ki, bu məsələdə dövlətin hansı tədbiri görməsi konkret müəyyən edilməyib. Onun sözlərinə görə, belə hallarda dövlətlər müxtəlif tədbirlər görürlər.

Burada nəsə edə bilməyimiz sual altındadır

"Fərz edək ki, Azərbaycan bu səfərlərin qarşısını zorakı yollarla almaq istədi, həmin səfərlər iki yol ilə olur, biri Laçın dəhlizi, digəri hava yolu ilə Xankəndi (Xocalı) aeroportuna gəlirlər, Azərbaycan bu ikisinin qarşısını almalıdır. Laçın dəhlizinə nəzarətimiz nə qədərdir, gediş-gəlişə nəzarət məsələlərində Rusiya sülhməramlılarından asılılığımız nə qədərdir bunu bilmirəm. Burada nəsə edə bilməyimiz sual altındadır.

İkinci məsələ hava yoluna nəzarətdir ki, burada da nə edəcəyimizi mən təsəvvür edə bilmirəm. Baxmayaraq ki, Azərbaycan və Ermənistan bir-birlərini rəsmi dövlət kimi tanımırlar, amma diplomatik toxunulmazlıq haqqında Vyana Konvensiyası var və əgər Azərbaycan bilirsə ki, hansısa diplomatik toxunulmazlığı olan şəxslər səfər edir, onlara qarşı zorakı tədbirlər görə bilməz. Ona görə də mən düşünürəm ki, yeganə yol orda faktiki nəzarəti həyata keçirən Rusiya ilə danışıb məsələni həll etməkdir, zorakı üsullarla nəticə mümkünsüz görünür", - deyə Səməd Rəhimli bildirib.

Rusiyanın planlarına uyğun deyilsə, onlar elə havada qalacaq

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov deyir ki, məsələ belədir ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarətini tənzimləyən və Ermənistanın da qəbul edərək tanıdığı sənədlər yoxdur.

Onun sözlərinə görə, 9 noyabr bəyanatında bu məsələlər tənzimlənmir. Dağlıq Qarabağ ərazisi üzərində Rusiya istədiyini edir, Ermənistan mümkün olanı edir, Azərbaycan isə heç nə edə bilmir.

"Azərbaycan Dağlıq Qarabağın faktiki hüquqi durumu ilə bağlı istəklərini, etirazlarını, düzəlişlərini Rusiyanın nəzərinə çatdırmalıdır, Rusiyadan nələri isə tələb etməlidir. Mən inanmıram ki, Dağlıq Qarabağ ərazisi ilə bağlı Vladimir Putin və İlham Əliyev arasında hansısa konfidensial razılaşmalar olmasın.

Münaqişə məhz, Dağlıq Qarabağa görə başlanıb, Azərbaycan ordusunun qalib olduğu son 44 günlük müharibə də həmin ərazilərin statusu ilə bağlı mübahisələrə aydınlıq gətirməyib. Buna görə də Rusiya orda istədiyi cür hərəkət edə bilir", - deyə keçmiş səfir bildirib.

Arif Məmmədov deyir ki, Rusiyanın bu hərəkətləri Əliyevlə razılaşdırılıb. Onun sözlərinə görə, 9 noyabr bəyanatına əsasən Rusiya əsgərlərinin oraya yerləşməsinə İlham Əliyev imza atıb, amma reqlament yoxdur, yaxın zamanlarda olacağı da gözlənilmir.

"Türkiyə isə bu proseslərdən kənarlaşdırılıb və indi Türkiyənin Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri birbaşa xarakterli deyil, dolayı xarakter daşıyır. Tövsiyyələr verə bilər, bu tövsiyyələr Rusiyanın planlarına uyğun deyilsə, onlar elə havada qalacaq. 10 noyabrdan sonrakı bütün danışıqlarda söhbətlər Dağlıq Qarabağla bağlı yox, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların bərpası ilə bağlıdır. Bütün bunlara görə Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağ ərazisinə səfərlərinin qarşısını diplomatik yollarla almaq imkanı yoxdur", - deyə Arif Məmmədov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun