Azərbaycan erməni rəsmilərini Qarabağa icazəsiz səfər edəcəkləri təqdirdə sanksiyalarla hədələyib

Azərbaycan XİN Ermənistan rəsmilərini Qarabağa icazəsiz səfər edəcəkləri təqdirdə sanksiyalarla hədələyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, əgər Ermənistan XİN rəhbəri rəsmi Bakının icazəsi olmadan yenidən Azərbaycana səfər edərsə, bu, “Ermənistan tərəfinə baha başa gələ bilər”.

Həmçinin Azərbaycan XİN Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə müəyyənləşdirilməli olması ilə bağlı Ermənistan XİN-in fikirlərini əsassız adlandırıb.

“Ermənistan rəsmilərinə xatırlatmaq istəyirik ki, prezident İlham Əliyev statusu  tarixin zibilliyinə göndərib”, – XİN-in şərhində bildirilir.

Xatırladaq ki, ötən gün Ermənistan XİN rəhbəri Ara Ayvazyan bildirib ki, Qarabağın statusu məsələsi açıq qalır və münaqişə Qarabağ ermənilərinin özünütəyinetmə hüququnun tanınması ilə həll oluna bilər.