Avropa Birliyi liderləri Mayk Pompeo ilə görüşdən imtina ediblər

Photo by Jabin Botsford/The Washington Post via Getty Images

ABŞ Dövlət katibi Mayk Pompeonun Avropaya planlaşdırılan səfərinin Avropa Birliyi ölkələrinin liderlərinin onunla görüşməkdən imtina etməsi səbəbiylə ləğv edildiyi bildirilib.

Bu barədə məlumatı Reuters agentliyi yayıb.

ABŞ Dövlət Departamenti Dövlət katibi Mayk Pompeonun 13 yanvarda Brüsselə iki günlük səfər edəcəyini, NATO-nun Baş katibi Jens Stoltenberg və Belçika nazirləri ilə görüşəcəyini açıqlamışdı.

Ancaq Avropa Birliyi (AB) liderlərinin onunla görüşməkdən imtina etməsi ilə əlaqədar planlaşdırılan səfərin ləğv edildiyi bildirilib.

Reuters xəbər verir ki, AB liderlərinin görüşdən imtina etməsinin səbəbi Tramp tərəfdarlarının 6 yanvarda konqres binasına basqını etməsidir.

Liderlər konqresə basqında günahlandırdıqları Tramp administrasiyasının hər hansı bir rəsmisi ilə görüşmək istəmədiklərini açıqlayıblar.

Lüksemburq Xarici İşlər Naziri Jean Asselborn konqres basqınından bir gün sonra verdiyi açıqlamada Donald Tramp haqda danışarkən “cinayətkar” və “piromanyak” sözlərindən istifadə edib.

Lüksemburq Xarici İşlər Nazirliyi hadisələrdən sonra Pompeonun bu ölkəyə səfərinin ləğv olunduğunu təsdiqləsə də, məsələyə münasibət bildirməyib.