Amerikada növbəti edam: “Son 120 ildə ən çox edam cəzası Trampın dövründə icra olunub”

ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənən son federal ölüm cəzası məhkumunun da cəzası icra edilib.

48 yaşlı Dustin Higgs Tramp dövründə edam edilən 13-cü ölüm məhkumu olub. Higgs zəhərli iynə ilə İndiana əyalətindəki Terre Haute həbsxanasında edam edilib.

Higgs 1996-cı ildə Merilend əyalətində üç qadının qaçırılaraq qətlə yetirilməsinin təşkilatçığında ittiham olunurdu. O, son sözündə bildirib ki, o günahsızdır və qətlə yetrilən qadınların qətlinin tapşırığını o verməyib.

Qadınlar Higgsin dostu Willis Haynes tərəfindən Higgsin silahı ilə vurularaq öldürülüb. Haynes isə ömürlük həbs cəzasına məhkum edilib. Haynes məhkəmədəki ifadəsində Higgsin cinayət törətmək üçün onu məcbur etmədiyini bildirib.

Edam cəzasının icrasını qurbanların yaxınları da izləyib. Qurbanlardan birinin bacısı ona deyib ki, ölümün bacımı və digərlərini geri gətirməyəcək, amma cəzanı çəkməlisən.
17 il sonra edamlar yenidən başladı

13-cü edam qərarı Trampı son 120 ildə prezidentliyi dövründə ən çox edam qərarı təsdiqləyən Amerika prezidenti edib.

Vəzifəsinin son günlərini yaşayan Tramp 17 ildən sonra federal edamların icrasını başlatmışdı. Federal ölüm cəzasına məhkum edilən şəxslərin cəzalarının icrası 17 ildir təmin edilmirdi.

Son altı ayda 13 məhkum edam edilib. Bu, federal ölüm cəzasına məhkum edilmiş bütün məhkumların təxminən dörddə birinə bərabərdir.

20 yanvarda Tramp hakimiyyəti Co Baydenə təhvil verir. Bayden isə seçki kampaniyası dövründəki açıqlamalarda ölüm cəzasının icrasını dayandıracağını elan etmişdi.