"Ərazi bütövlüyünü tam təmin etməmiş Ermənistanla kommunikasiya əlaqələri açılmamalıdır"

"Ərazi bütövlüyünü tam təmin etməmiş Ermənistanla kommunikasiya əlaqələri açılmamalıdır"
15 Yanvar 2021
Mətni dəyiş

10 noyabr üçtərəfli bəyanatından sonra artıq Qarabağda infrastuktur layihələri həyata keçirilir. Azərbaycan prezidenti açıqlamalarında bildirir ki, Qarabağa həyat qayıdır və yaxın zamanlarda məcburi köçkünlər də öz yurd-yuvalarına qayıdacaqlar.

Prezident çıxışlarında Qarabağın erməni sakinlərinə də poztiv mesajlar verib, onları Azərbaycan vətəndaşı adlandırır və vəd edir ki, onlar Dağlıq Qarabağda Azərbaycan vətəndaşı kimi daha xoşbəxt və tamhüquqlu yaşayacaqlar.

Buna baxmayaraq, Azərbaycanda hökumətə yaxın ekspertlər, mətbuat gündəlik olaraq Ermənistana qarşı tənqidi fikirlər yayır və çox ağır ifadələr işlədilir. Elə prezident özü də bir çox çıxışlarında sərt ifadələrlə yadda qalıb. Bəs əslində vəziyyət necədir, xalqlar barışmaq istəyir, ya dalaşmaq?

'Abzas' məsələ ilə bağlı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğludan açıqlama alıb.

Qubad İbadoğlu deyir ki, prezident həmişə daxili auditoriyaya və xarici audutioriyaya ünvanlanan mesajları fərqləndirib.

Onun sözlərinə görə, hətta bəzən daxili auditoriyada ayrı-ayrı qruplara ünvanlanan mesajları da fərqləndirib.

"Ona görə də düşünürəm ki, bəzi mesajlar var ki, onlar indiki halda xaricə ünvanlanıb və prezidentin bu mesajları bəzən də məcburiyyətdən irəli gəlir. Məsələn, Azərbaycanda Türkiyənin hərbi bazalarının olmasını təkzib edən açıqlamalar buna misal ola bilər. Bu açıqlama məcburiyyətdən irəli gəlib və daha çox xarici auditoriyaya yönəlib", - deyə o, vurğulayıb.

Hərakat rəhbəri deyir ki, ikibaşlı və bəzən bir-birinə zidd olan fikirlər müəyyən mənada ictimaiyyəti də çaşdırır.

Onun sözlərinə görə, bir tərəfdən Ermənistanla informasiya müharibəsindəyik, bir tərəfdən də Ermənistanla əlaqələr qurmaqla, nəqliyyat əlaqələri yaratmaqla əməldə barışığa hesablanmış addımlar atırır və bu ikisi bir-birinə ziddir.

"Rusiya tələsir..."

Ermənistanla münasibətlərə də toxunan Qubad İbadoğlu deyir ki, Azərbaycan hələ ərazi bütövlüyünü tam təmin etməlidir və ondan sonra kommnukasiya əlaqələri gündəmə gələ bilər.

Onun sözlərinə görə, Azərbaycanın Qazax rayonunun 7 kəndi, Naxçıvanın da bir neçə kəndi hələ də ermənilərin işğalı altındadır və geri qaytarılmayıb.

"Bütün Azərbaycan əraziləri Azərbaycanın nəzarətinə keçməlidir. Sərhədlərin demarkasiyası başa çatmalıdır, Ermənistanın Silahlı Qüvvələri Qarabağdan çıxmalıdır. Bundan sonra artıq regional layihələrdən danışmaq olar. İndiki halda regional layihələr Ermənistan iqtisadiyyatını böhrandan çıxarmasına, tənəzzülün qabağının alınmasına, Ermənistanın hərbi gücünün artmasına və bütövlükdə götürəndə Dağlıq Qarabağın itirilməsinə xidmət edir".

ADR rəhbəri hesab edir ki, zamanında verilən qərar deyil, Rusiya tələsir və Rusiyanın tələsməsində səbəb Amerika Birləşmiş Ştatlarındakı mövcud vəziyyətlə bağlıdır.

"Ona görə də Rusiya öz tələsik planını Azərbaycanı və Ermənistanı məcbur etməklə daha tez reallaşdırmağa çalışır. Buna yol vermək olmaz. Qarabağın statusu məsələsi hələ gündəmdədir, sabah yenidən müzakirələr başlasa, bizim nəyəsə təsir etmək gücümüz olmayacaq", - deyə Qubad İbadoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun