Ərdoğanın Emmanuel Makrona yazdığı məktub üzə çıxıb: “Sevgili Makron…”

Amerikanın Politiko nəşri Türkiyə prezdidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makrona yazdığı məktubun mətnin yayıb.

Məlumata görə, məktub Avropa Birliyi ölkələrinin Türkiyəyə qarşı sansksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələrindən bir həftə sonra, yəni, Emmanuel Makron koronavirusa yoluxanda yazılıb.

Məqalədə yazılıb ki, Türkiyə Avropa Birliyi ilə münasibətləri düzəltmək istəyir, ancaq bu çox çətin görünür: “Ərdoğan Avropa Birliyində Ankaraya qarşı sərt tədbirləri müdafiə edən, birliyi buna çağıran Fransa və Yunanıstanla dialoqa girib körpülər qurmğa çalışır, buna görə də ardıcıl diplomatik təmaslar içindədir”, – deyə Politikonun məqaləsində qeyd olunub.

Türkiyəylə münasibətlərin yaxşılaşmasına isti baxan Almaniyanın Xarici İşlər naziri bu həftə Türkiyədə səfərdə olub, görüş zamanı açıqlanıb ki, Şərqi aralıq dənizindəki problemli məsələləri həll etmək üçün 25 yanvarda Yunanıstanla dialoq başlayacaq.

Keçmiş olsun məktubu

Politiko Türkiyəyə qarşı sanksiyaların müzakirə edildiyi Avropa Birliyi zirvə görüşündən bir həftə sonra, yəni, Emmanuel Makron koronavirusa yoluxanda, Ərdoğanın ona göndərdiyi keçmiş olsun məktubunu da yayıb.

Məktubda Ərdoğan Makrona “Əziz Emmanuel” deyə müraciət edib. Bundan əvvəl isə Ərdoğan bütün çıxışlarında Makron haqda “Əqli baxımdan müalicəyə ehtiyacı var” deyirdi.
Ərdoğan Fransa liderinə şəfa diləyib və yenidən münasibətlərdən danışmağa dəvət edib: “Sağalın, sizinlə koronavirusa qarşı birlikdə addımlarımız haqda müzakirələr aparaq. İkitərəfli əlaqələrimizdən və Türkiyə – Avropa Birliyi, o cümlədən regional məsələlərdən danışmaq istəyyirəm”, – deyə Ərdoğan məktubunda qeyd edib.

Adı açıqlanmayan fransalı rəsmilər məktubu təsdiqləyiblər və qeyd ediblər ki, Makronun da yanvar ayında Ərdoğana göndərdiyi cavab məktubunda “Hörmətli Ərdoğan” deyə giriş edilib.

Xatırlatma

Ötən il Fransa Prezidenti çıxışlarından birində bildirib ki, “İslam separatizmi” ilə mübarizə aparmaq üçün sərt qanunlar qəbul edilməlidir. E. Makron Fransa Müsəlmanları Şurası ilə birlikdə yeni təşkilat təsis edərək “marifçi İslam” qurmağın lazım olduğunu bəyan etmişdi.

2020-ci ilin oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri şəhərində çıxış edərkən “maarifçi İslam” fikrini irəli sürən Fransa lideri Emmanuel Makrona öz psixikasını müalicə etməyi tövsiyə etmişdi.

“Dövlət başçısının ölkəsindəki milyonlarla müsəlmanla bu şəkildə davranması, hər şeydən əvvəl, öz ağlı üzərində nəzarəti itirməsi deməkdir. Onun psixikasının müalicəyə ehtiyacı var”, deyə R.T.Ərdoğan demişdi.