Əli Kərimlinin həbsdə olan mühafizəçisinə daha iki ittiham irəli sürülüb

Niyaməddin Əhmədov polislər tərəfindən saxlanılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova qarşı yeni ittihamlar irəli sürülüb.

Vəkil Zübeydə Sadıqova Abzas.netə bildirib ki, yanvarın 18-də Əhmədova qarşı Cinayət Məcəlləsinin 233-1.1.2 (Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və 281.2-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlar – eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə əlavə ittihamlar elan edilib.

9 aydan çoxdur ki, həbsdədir

Əhmədova qarşı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Vəkil deyir ki, N.Əhmədov istintaqda da, məhkəmələrdə də dəfələrlə deyib ki, onun heç bir günahı yoxdur. Əli Kərimlinin mühafizəçisi olduğu üçün onu həbs ediblər.

Vəkilin sözlərinə görə, hər 3 maddədə ittiham edilsə də, heç bir ilkin sübut təqdim edilməyib. Hətta istintaqda da terrorçuluqla bağlı, açıq çağırışlarla bağlı sorğu-sual edilməyib.

“9 aydan çoxdur ki, həbsdədir, telefonla danışmaq hüququ bu günə kimi təmin edilməyib. Dəfələrlə müvafiq qurumlara və iki dəfə məhkəməyə müraciət etmişik. Lakin şikayətlərimizə baxan olmayıb”, – deyə Zibeydə Sadıqova bildirib.

AXCP də N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Xatırlatma

AXCP-nin məlumatına görə, 2020-ci ilin aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat “uydurma xarakterlidir”.

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Ötən il Milli Şuranın şəhərin mərkəzində keçirdiyi 19 oktyabr mitinqində Ə.Kərimli tutularkən son ana qədər onun yanında olanlardan biri N.Əhmədov idi. Partiyanın məlumatına görə, karantin rejimində Ə.Kərimlinin telefon və internet əlaqələri məhdudlaşdırıldığı vaxt N.Əhmədov ailənin ərzaqla təminatında kömək edib. Bundan sonra onu həbs ediblər.