Rusiya Mərkəzi Afrika Respublikasına yüzlərlə əsgər və ağır silahlar göndərib

Rusiya Mərkəzi Afrika Respublikasına yüzlərlə əsgər və ağır silahlar göndərib
23 Dekabr 2020
Mətni dəyiş

Müxalifət qrupları Moskvanın dəstəklədiyi Prezidenti devirməklə təhdid ediblər.

Rusiya tərəfindən dəstəklənən Mərkəzi Afrika Respublikasının prezidenti Francois Faustin-Archange Touaderaya qarşı çıxan üç üsyançı qrupun çevriliş cəhdindən sonra, yeni prezident və parlament seçkilərinə bir neçə gün qalmış, Rusiyanın bölgədəki siyasi böhrana güclü müdaxiləsi üzə çıxıb. Fransız Xəbər Agentliyi bazar ertəsi paytaxt Banguidə həyatın normal axarına dündüyünü və yeni il hazırlıqlarının görüldüyünü, ancaq 2013-cü ilin dəhşətli xatirələrinin hələ də zehinlərində təzə qaldığı bir vaxtda, insanlar üçün bu təhlükəni görməzdən gəlməyin çətin olduğunu yazıb. O dövrdə əksəriyyəti müsəlmanlar olan "Seleka" adlı silahlı ittifaq prezident Francois Bozizeyi devirmişdi və paytaxt Bangui başda olmaqla, digər şəhərlərdə də minlərlə insanın ölümünə səbəb olmuşdu.

Kreml dünən Mərkəzi Afrika Respublikasında baş verənlərlə bağlı böyük narahatlıq keçirdiyini, yüzlərlə Rus hərbi personalının Prezident Touaderanın qiyama müqavimət göstərməsinə kömək etmək üçün ağır silahlarla birlikdə bölgədə yerləşdirildiyini bildirib.

Kremlin Mətbuat katibi Dmitriy Peskov dünən “Gələn xəbərlər həyəcanlıdır. Bildiyimiz qədər hələlik Rusiya vətəndaşlarının həyatlarına bir təhlükə yoxdur. Mövzunu bu qədər yaxından izləməyimizin bir səbəbi də budur", - deyə bildirib.

Bir Rus diplomat Rusiyanın dünən gecə OAC-a əsgər göndərməsi iddialarını rədd edib, ancaq diplomatın sözlərindən elə başa düşülüb ki, əsgər yox, muzdlu göndərilib.

Mərkəzi Afrika prezidenti uzun müddətdir öz təhlükəsizliyini özəl Rusiya hərbi şirkətlərində işləyən mühafizəçilərə tapşırıb. Ancaq dünən mediada yer alan xəbərlərdə, Rusiya ordusunun paytaxt Bangui sakinlərini genişmiqyaslı hücum təhlükəsi ilə bağlı şəhəri tərk etməyə çağırdıqları və Prezidentin "Rusiya ordusu tərəfindən daha da güclü mühafizə edildiyi" bildirilib.

Məlumatlara görə, üç güclü silahlı qrupdan ibarət koalisiyanın çevriliş cəhdi 27 dekabrda keçiriləcək prezident seçkilərini dayandırmağı hədəfləyir.

Mərkəzi Afrika prezidenti 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putindən ölkənin silahlı qüvvələrinin silah-sursatla təchiz olunmasına kömək etməsini xahiş edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun