Rusiya Azərbaycan məhsullarından imtina edir: Nə etməli? – Vahid Məhərrəmli

Vahid Məhərrəmli

Bu ilin dekabr ayının 8-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti rəsmi saytında məlumat yayıb. Məlumatda bildirilir ki, Rosselxoznadzor Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə pomidor və alma tədarükündə müvəqqəti məhdudiyyətlər tətbiq edir. Xidmətin yaydığı məlumatda o da bildirilir ki, Rosselxoznadzor dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Rusiya Federasiyası ərazisinə tədarük olunan məhsullarda karantin obyektlərinin aşkarlandığı barədə sistematik məlumatlar vermişdir. Həmçinin məlumatda qeyd edilir ki, yalnız 22 oktyabr 2020-ci ildən bu günə qədər karantin altında olan obyektlərin aşkarlanmasının 17 hadisəsi qeydə alınıb. Xidmətin yaydığı məlumata görə, ölkəyə gətirilən pomidorda Cənubi Amerika pomidor güvəsi, almada isə şərq güvəsi aşikar edilmişdir. Rosselxoznadzor bildirir ki, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə Rusiya tərəfindən Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar apardığını bildirib.

Onu da qeyd etməliyəm ki, bir gün sonra, dekabrın 9-da Rosselxoznadzor Ermənistan Respublikasının Armavir bölgəsindən Rusiya Federasiyası ərazisinə pomidor və bibər tədarükünə də müvəqqəti məhdudiyyətlər tətbiq edib. Belə ki, Rosselxoznadzor Ermənistandan Rusiya Federasiyası ərazisinə daxil olan pomidorda pepino mozaika virusunu aşkar edib. Rusiya həmin virusun ərazisinə yayılmasının qarşısını almaq üçün 2020-ci il dekabrın 14-dən etibarən Ermənistan Respublikasının Armavir bölgəsində istehsal olunan pomidor və bibər idxalının qadağan edilməsini zəruri hesab edib.

 Artıq uzun müddətdir ki, Azərbaycandan Rusiyyaya göndərilən meyvə-tərəvəzlərdə karantin obyektləri olan zərərvericilərin aşkar edildiyi və bu səbəbdən Azərbaycan Rusiya gömrük-sərhəd məntəqəsində Azərbaycana məxsus yük avtomaşınlarının, saxlandığı, geri qaytarıldığı haqda məlumatlar yayılır. Belə məlumatların bir neçəsini qeyd etməklə bu sahədə mövcud olan problemlərin nə dərəcədə ciddi olduğunu təsvir etmək olar:

 2017-ci il oktyabr ayının 21-də Rosselxoznadzorun əməkdaşları Azərbaycandan gətirilən 33 tondan çox pomidorun ölkəyə daxil olmasına icazə vermir və səbəb kimi fitosanitar sertifikatda məlumatın tam dolğun olmaması göstərilir. Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

2017-ci il noyabr ayının 21-də Rosselxoznadzor tərəfindən aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanır. İdarənin əməkdaşları  Azərbaycandan 18 ton pomidorun Rusiyaya idxalının qarşısını alır. Səbəb kimi məhsulun müvafiq sənədlərinin saxta olması göstərilir. Bu səbəbdən məhsul geri qaytarılır .

 2019-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikası Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbərinin məlumatına görə, həmin ilin yanvar-iyun ayları ərzində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Azərbaycana qaytarılması ilə bağlı 66 hadisə qeydə alınıb. Ümumilikdə respublikaya 1320 ton yük qaytarılıb. Həmin gömrük-keçid məntəqəsindən verilən məlumata görə, bir həftə ərzində, 2019-cu ilin 16-23 iyun tarixlərində gömrük məntəqəsində Azərbaycandan aparılan məhsulların tərkibində zərərli maddələr (pomidor güvəsi, şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi) aşkarlandığı üçün 119,095 ton pomidor və 108,146 ton təzə gilas məhsulunun Rusiyaya idxalı qadağan edilib. Həmçinin o da qeyd edilir ki, fitosanitar riskin böyük olduğu nəzərə alınaraq, həmin yüklər ixracatçı ölkəyə geri qaytarılıb.

 Çox təəssüflər olsun ki, 2018-ci ildə 18, 2019-cu ildə isə Avropa İttifaqına ixrac olunan 10 fındıq daşıyan nəqliyyat vasitələri məhsulun tərkibində aflotoksin maddəsinin miqdarının yüksək olması səbəbindən geri qaytarılmışdır.

Onu da qeyd etməliyəm ki, artıq 3 ildən çoxdur ki, Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.  Və bu agentlik 2018-ci ilin yanvarın 1-də fəaliyyətə başlamışdır. Agentliyin Aparatının işçilərinin say həddi 135 ştat vahidi müəyyən edilib. Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi orqanıdır. Ona görə də əminliklə demək olar ki, Rusiya tərəfinin Azərbaycana geri qaytardığı meyvə-tərəvəz məhsullarına sertifikatı 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təqdim edir.

Rusiya tərəfi qeyd edir ki, yükün müşayiət sənədlərində hər şeyin yaxşı olduğu göstərilir. Dəfələrlə belə məlumatlar KİV-lərdə yayılmasına baxmayaraq, Qida Təhlükəsizliyi Agentliyi keçən dövr ərzində bu məsələlərə münasibət bildirməmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində isə kütləvi informasiya vasitələrində Azərbaycana məxsus 118 ton (32 ton pomidor, 53 ton gilas, 20 ton noxud, 13 ton çiyələk) məhsulda zərərvericilər aşkar edildiyi üçün Rusiyaya buraxılmaması haqda məlumatlar yer alıb. İş burasındadır ki, KİV-lərdə bu haqda geniş məlumat yayılsa da, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib ki, “Rusiyadan Azərbaycana 118 ton bitki mənşəli kənd təsərrüfatı məhsulu geri qaytarılmayıb. Yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

AQTA sədri daha sonra bildirib ki, Geri qaytarılan cəmi 5 nəqliyyat vasitəsidir. Həmin 5 nəqliyyat vasitəsində pomidor, gilas və tütün kimi kənd təsərrüfatı məhsulları olub. Agentlik sədri həmin 5 nəqliyyat vasitələrində olan yükün cəmi çəkisinin 118 ton olduğunu gizlədib. Həmçinin iyul ayının ilk günlərində 3 nəqliyyat vasitələrində geri qaytarılan kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxması aşkarlandığını qeyd edib.

 Məmur gözə çox görünməsin deyə, yükün çəkisini deyil, maşının sayını qeyd edib. 2019-cu ilin yanvar-iyun aylarında Rusiya sərhəddindən geri qaytarılan 1320 ton yük haqqında isə ümumiyyətlə susub. Agentliyin sədri 3 nəqliyyat vasitəsində kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxması aşkarlandığını etiraf etsə də, həmin məhsullara hansı əsaslarla sertifikat verildiyini deməyib. Bütün bunlar azmış kimi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri deyir ki: “bizim bitkiçilik təsərrüfatlarımızda artıq aqrokimyəvi vasitələrin, pestisidlərin, eyni zamanda bitki ziyanvericilərinə qarşı olan vasitələrin tətbiqi düzgün həyata keçirilir”.

 Məmur anlamır ki, əgər bizim bitkiçilik təsərrüfatlarımızda zərərvericilərə qarşı mübarizə tədbirləri düzgün həyata keçirilsəydi, ixrac edilən kənd təsərrüfatı məhsullarının tərkibində karantin obyektləri aşkar edilməzdi və yüklə dolu maşınlar geri qaytarılmazdı. Mal, məhsul vaxtında xarici ölkələrin bazarlarına çıxarılardı, ixracla məşğul olan sahibkarlar vaxt itkisi ilə yanaşı əlavə maliyyə itkiləri ilə üzləşməzdi.

Qida Təhlükəsizliyi rəhbərliyinin dediyinə görə, Qida Təhlükəsizliyi İnstitutunun bazasında ən müasir tələblərə cavab verən 21 laboratoriya yaradılmışdır. İxrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb. Necə olur ki, Azərbaycanda ən müasir tələblərə cavab verən laboratoriyalarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmur, Dağıstanın Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində yerləşən laboratoriyada aşkar edilir. İş burasındadır ki, yuxarıda qeyd edildiyi kimi 2019-cu ilin yanvar-iyun ayları ərzində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Azərbaycana qaytarılması ilə bağlı 66 hadisə qeydə alınıb. Bu o deməkdir ki, orta hesabla ayda 11 dəfə və yaxud 3 gündən bir belə hadisə olub. Digər fakt odur ki, uzun müddətdir Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının tərkibində karantin obyektləri aşikar edilsə də, yükü müşaiyət edən sənədləri tərtib edən, bu kimi faktları və halları gizlədən vəzifəli şəxslər haqqında hər hansı bir tədbir görülməyib.

Ölkədə bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına məsul olan Kənd Təsərrüfatı Nazirliyi isə susur. Bu ölkədə təhlükəli zərərvericilərə qarşı ciddi mübarizə aparılmır. Bu sahədə vəziyyət olduqca kritikdir.

Onu da qeyd etməliyəm ki, son bir neçə ildə Rusiya Federasiyasında istixana şəraitində pomidor istehsal edən təsərrüfatlalarının sayı sürətlə artır. Rusiya Federasiyasının “Русские Теплицы” Assosiasının baş direktorunun verdiyi məlumata görə, istixana təsərrüfatları Rusiyanın Aqrar Sənaye Kompleksində ən gəlirli seqment hesab edilir. Ona görə də bu sahədə çalışanların sayı artır. Digər tərəfdən müasir texnologiyanın tətbiqi nəticəsində istixana təsərrüfatlarında hər kvadrat metrdən 120 kiloqramdan çox xiyar, 80 kiloqramdan çox isə pomidor əldə etmək mümkün olur. Rusiyada istixanalarda quraşdırılmış xüsusi lampalar sayəsində bitkilərdə fotosintez prosesininin sutka ərzində davamlı getməsinə və nəticədə məhsuldarlığın dəfələrlə artmasına nail olmuşlar.

Onu da qeyd etməliyəm ki, 2019-cu ildə “Русские Теплицы” Assosiası 2020-ci il üçün 3,2 min hektar istixana ərazisində 1,5 milyon ton (təlabatının 75 faizi qədər) tərəvəz istehsal olunacağı proqnozu vermişdi. Bir neçə gün əvvəl isə Rusiya Kənd Təsərrüfatı Naziri çıxışında qeyd etmişdir ki, bu il (2020-ci il) istixana şəraitində yetişdirilən tərəvəz məhsullarının istehsalı rekord həddə-1,3 milyon tona çatıb. Bu da öz növbəsində Rusiya tərəfindən tərəvəz idxalının ciddi azalmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yaxın illərdə Azərbaycan meyvə-tərəvəz ixracı üçün yeni bazarlar axtarmalıdır. Bu gün pomidor, alma və sair meyvə-tərəvəz istehsal ilə məşğul olan sahibkarlardan məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, istehsal xərcini azaltmaq və məhsulun rəqabətqabiliyyətliyini yüksəltmək tələb olunur.