Maskalar pulsuz paylana bilərmi?

Maskalar pulsuz paylana bilərmi?
1 Dekabr 2020
Mətni dəyiş
Martın əvvəllərindən ölkədə yayılmağa başlayan koronavirus tibbi maskaların qiymətinə də öz təsirini göstərib. Əvvəl 10 qəpiyə satılan maskanın qiyməti artaraq 30 qəpik olub.
Maskadan müəyyən müddət yalnız qapalı məkanlarda istifadə zəruri sayılsa da, noyabrın sonlarından "Covid-19”-un sürətli yayılması nəticəsində artıq küçədə də taxılması məcburi qaydaya çevrilib.
Noyabr ayının 21-dən tətbiq olunan qaydalara əsasən, açıq havada maska taxmayan fiziki şəxslər 100 AZN, vəzifəli şəxslər 200 AZN, hüquqi şəxslər 400 AZN cərimələnməlidir.
Mütəxəssilər maskanın  iki saatdan bir dəyişdirilməli olduğunu deyirlər və təxmini hesablamalara görə, işə gedənlər hər gün  1 manat 80 qəpik pul xərcləməlidirlər. Türkiyədə, eləcə də bir sıra başqa ölkələrdə maskalar pulsuz paylanır, xüsusən də iş yerlərində.
"Toplum TV”  Bakı sakinlərinin bu mövzuda fikirlərini öyrənib. Sakinlərin bəziləri iş yerlərində maska ilə təmin olunduqlarını desələr də, əksəriyyəti ay ərzində ailə büdcəsinin bir hissəsini maskaya xərcləmələrindən şikayətləniblər. Onların fikrincə, pulsuz paylama praktikası Azərbaycanda da tətbiq edilməlidir. Bu mümkündürmü və ya maskaları daha ucuz  satmaq olarmı?
Bu suallara ilk növbədə TƏBİB-dən cavab almaq istəsək də, qurumdan zənglərimizə cavab verən olmadı.
İqtisadçı Natiq Cəfərli isə pulsuz paylama mexanizminin olmadığını dedi:
"Bunu necə etmək olar? Qapı-qapı gəzib maska paylamaq mümkün deyil. Ona görə də heç olmasa, böyük obyektlərdə, ictimai nəqliyyatda və risk qruplarına daxil olanlar arasında yaymaq olar. Məsələn,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təqaüdçülərin ünvanları var, onlara paylana bilər”.
N.Cəfərlinin sözlərinə görə, maskaların qiyməti  aşağı salınmalı, maddi cəhətdən daha çətin durumda olanlara pulsuz verilməlidir.
O hesab edir ki, apeklərdə qiymətlərin tənzimlənməsi üçün ölkəyə gətirilən maskaların sayı və yerli istehsalın həcmi artırıla bilər.
Azərbaycanda son günlər koronavirusa gündəlik yoluxma sayı 4 mini ötüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı metropoliteni, həftəsonları ictimai nəqliyyat işləmir. Büdcə təşkilatlarında çalışanlıarın sayı 30 fazidək məhdudlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun