Laçın şəhəri ermənilərdəmi qalır? Ermənilərə belə deyilib, amma onlar şəhəri tərk edir

Laçın şəhəri ermənilərdəmi qalır? Ermənilərə belə deyilib, amma onlar şəhəri tərk edir
1 Dekabr 2020
Mətni dəyiş

Laçında hava artıq çox soyuyub, yayılmış videolardan görünür ki, rayona qar yağıb.

BBC News Azərbaycancanın əldə etdiyi məlumata görə, Azərbaycan ordusu bu gecəyarısı dekabrın 1-ə keçən gecə Laçına girməlidir.

Rayon Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşdırılmış 10 noyabr Bəyanatına əsasən qaytarılan rayonlar arasında üçüncüsü və sonuncusudur. Bundan əvvəl Ağdam və Kəlbəcər rayonları Azərbaycana təhvil verilib.

Bir şəhər, bir qəsəbə və 125 kənddən ibarət olan bu dağlıq rayonu 1992-ci il mayın 18-də Erməni Silahlı Qüvvələri tərəfindən İşğal olunub.

Azərbaycanlılar rayonun geri qayıtmasının günlərini sayarkən Laçın şəhərində və iki kənddə erməni əhalisinin qalacağına dair iddiaları təəccüblə qarşılayıblar.

Ermənilərin "Berdzor" adını verdiklər şəhərin "meri" Narek Aleksanyana istinad edən Ermənistan mediası üç gün əvvəl yazıb ki, "razılaşmada dəyişiklik edilib", şəhərin özü və iki kənd - Sus və Zabux (Ağavno- ermənilər belə deyirlər, red.) hələlik təhvil verilməyəcək. O, əhalini bu ərazilərdən köçməməyə çağırıb.

Onun sözlərinə görə, bu məntəqələr 5 kilometrlik dəhliz ərazisinə düşür.

"Merin atası da köçürdü"

Buna baxmayaraq, 1-ci Qarabağ müharibəsindən sonra ora köçmüş ermənilərin böyük əksəriyyəti, onların təbirincə, "dəqiq məlumata malik olmadıqlarından və təhlükəsizlikləri barədə narahat olduqlarından" şəhəri və kəndləri boşaltmağa başlayıblar, Laçında olmuş BBC Ruscanın müxbiri Yuri Vendik bildirir.

"Hətta Narek Aleksanyanın atası da köçürdü. O, Ermənistandakı kəndinə qayıdırdı. Biz onun yığışdığını gördük", həmkarımız Yuri Vekdik deyir.

O, eşitdiklərinə əsasən qeyd edir ki, Zabux kəndində Livandan köçürülmüş ermənilər də köçüb, təkcə bir neçə şəxs qalıb.

Jurnalistin sözlərinə görə, oradakı ermənilər şəhərin və dəhlizin de-fakto erməni idarəçiliyi altında olacağını güman etdiklərini deyiblər.

Şəhər idarəçisinin belə bir şərh verməsinə səbəbin nə olduğu qeyri-müəyyəndir. Ermənistan rəsmiləri də konkret bununla bağlı şərh verməyiblər. Azərbaycan Müdafiə Nazirliyindən BBC-ə bu barədə şərh verə bilməyəcəklərini deyiblər.

İndiyədək təkcə üçtərəfli Bəyanatda bu barədə açıqlama verilib. Bəyanatda deyilir ki, Ermənistan Respublikası 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur, sənəddə deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında Rusiya Sülhməramlılarının Qarabağda qurduğu postlara dair 20 noyabrda paylaşılmış xəritədə Laçın şəhəri yaxınlığında qurulmuş postun yerinin bir qədər dəyişdirildiyi görünür. Lakin bu dəyişiklik, üç yaşayış məntəqəsinə dair yeni iddiaların izahı deyil.

"Azərbaycan qüvvələri orda olmalıdır"

Azərbaycan rəsmiləri ermənilərin Laçın şəhərində və iki kənddə qalıb-qalmayacağı barədə heç bir şərh verməyib.

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Laçın rayonunun bütövlükdə təhvil verilməməsinə dair ehtimalları rədd edir.

Çoğrafi gerçəkliyə görə, müharibənin nəticəsindən asılı olmayaraq Laçın dəhlizinin şəhərin mərkəzindən keçdiyini deyən Zahid Oruc, Birgə Bəyanata istinadən deyir ki, orada alternativ yolun üç ilə çəkilməsi ifadəsi əskini tapıb.

"Hazırda yolun hardan çəkiləcəyi barədə qəti fikir söyləmək çətindir", - o deyir - "Amma indiki şəraitdə bu, şəhərin mərkəzində, 5 kilometrlik radiusda Rusiya sülhyaradıcı qüvvələrinin orada yerləşdirilməsi anlamına gəlir."

O vurğulayır ki, razılaşmada Azərbaycanın həmin dəhlizin təhlükəsiz çalışmasına zəmanəti yer alıb.

"Bu bizə bunu onu deyir ki, bütün sərhədlərimizin Azərbaycanın dövlət strukturları vasitəsilə aparılacaq. Laçın sərhədlərində Ermənistan və Azərbaycanın mövqeyi, təhlükəsizliyi Rusiya qüvvələri tərəfindən qorunası deyil."

Zahid Oruc qeyd edir ki, Kəlbəcərdə olduğu kimi, orada da Azərbaycanın dövlət atributları, qüvvələri qoyulmalıdır.

"Belə olan şəraitdə dəhlizi fərqli çoğrafiyaya, təhlükəsizlik qurşağına, hətta öz nəzarət ərazilərinə, yaxud Rusiya sülhyaradıcı qüvvələrinin hakimiyyəti altına düşəcək halına gətirmək çox yanlışdır. Qəti şəkildə belə ola bilməz".

Bu gün Laçından yayılmış fotolarda ermənilərin rayonu boşaldaraq, əşyalarını yük və minik avtomobillərinə dolduraraq və mal-qaranı sürərək Ermənistana, Gorusa üz tutduqları görünür. Onlardan arxada yandırılmış evlər qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun