İnsanıstan və heyvanıstan - Ənnağı Hacıbəyli

İnsanıstan və heyvanıstan - Ənnağı Hacıbəyli
23 Dekabr 2020
Mətni dəyiş

Ənnağı Hacıbəyli

Hakimiyyət hərislərinin dediklərinə inanan kütlə tiraniyanın, avtoritarizmin yaşam mənbəyidir.

Corc Oruellin "Heyvanıstan” əsərini otuz il qabaq oxumuşdum. Dünən yenidən yadıma düşdü və bir də oxudum. Tərcüməçinin "Xalq maskaradları çox xoşlayır və bu qəddar dramda həyatı bahasına iştirak edir” sözləri xəyalımı uzaqlara apardı.

Düşündüm ki, böyük əsərlərin məkanı və milliyyəti olmur. Bu əsərlərin böyüklüyü elə bundadır. Onu oxuyan ingilis "mister Cons”a görə əsərin İngiltərədən, "Yelisey çölü”nə görə Fransadan, "37-ci il repressiyaları”nı xatırladan səhnələrə görə SSRİ-dən bəhs etdiyini düşünür. Əslində isə əsər sadəcə tiraniyadan – antiinsani rejimlərdən, özünü həyasızcasına "Hər şey insan üçün” şüarı ilə gözə soxan hakimiyyətlərdən bəhs edir.

Yox, mən son vaxtların düşmən bayraqlı yürüşlərində iştirak edərək kütləvi taclanma qurbanlarını nəzərdə tutmuram. Bu, çox cılız nəticə olardı (üstəlik, bizdə totalitarizmin olduğunu iddia etmək də ciddi söhbət deyil). Bəşəri bəlaları böyük ustalıqla ümumiləşdirmiş bir əsər personajlarının adı və fəlsəfəsi ilə Stalin rejimini nə qədər çox xatırlatsa da, əsərin başlıca qayəsi daha qlobal məkan – antiinsani rejimlərdir.

Heyvanlar insan zülmündən qurtulmaq üçün üsyan edərək yeni respublika yaradırlar, lakin "əski hakimiyyət zamanı da, yeni quruluşda da heyvani həyat tərzi” dəyişmir. İnqilabdan çox keçməmiş dövlət çevrilişi baş verir, köhnəni əvəz edən yeni rəhbər yaxın ətrafı ilə birləşərək mübarizə yoldaşlarının qanı bahasına eyş-işrət məclisləri qurur.

"Bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha bərabərdirlər”.

Haqq-ədalət, bərabərlik kimi kateqoriyalar hamı üçün bərabər olsaydı, bu, insanlıq olardı ki! Olmaz, "dünən mənim süfrəmin tör-töküntüsü ilə dolanan adamlar gəlib mənnən barabar olsun?”

Olmaz, gücün haqqı haqqın gücünün bərabərliyini qəbul eləmir. Eləsəydi, bu, insanlıq olardı ki! Olmaz, haqqın gücü hələ o haqqı qazanmayıb. Bir də ki, haqq güclə haqq olacaqsa, daha bunun nəyi haqq oldu?!

Dəyirman tikintisini dövlətə xəyanət kimi qələmə verən "Napoleon” hakimiyyətini möhkəmləndirən kimi dəyirman tikintisinin davam etdirilməsi barədə göstəriş verir. İçəridə düşmən axtarışı başlanır və "Napoleon” onu hakimiyyətə gətirənlərin böyük bir hissəsini qanına qəltan elətdirir. Bir sözlə, "inqilab balalarını yeyir”.

Bu, 1793-cü ildə də belə idi, ondan qabaq da, sonra da. Nə qədər ki, hakimiyyətlər çevrilişlərdən, saray xəyanətlərindən doğacaq, belə də olacaq.

Mübarizə yoldaşlarının hər birinə rəqib, hakimiyyətinin düşməni kimi baxmağa başlayan tiran onları "xalq düşməni”, "Vətən xaini” damğaları ilə aradan götürür. Kütlə baxır, alqışlayır, şübhələnir, lakin susur. Kütləvi susqunluq tiraniyanın qan karxanasıdır. Qan yığdıqca coşan tiran qan tökdükcə güclənir, gözlərini qan örtdükcə gələcəyi dumanlı görür. Sabah dumanın çəkiləcəyinə inanmaq üçün qırmızı badəni bir daha başına çəkir.

Yeni hakimiyyət yeni ideologiya və şüarlar tələb edir; "Bütün heyvanların atası”, "Xilaskar”, "Müdrik yoldaş Napoleon” və s. titulları heç yerdə rəhbər özü uydurmur, sadəcə bütün bu rəzaləti boynuna götürmüş yaltaqlar dərhal peyda olur və ənam hərisliyi onların bütün insani hisslərini korşaldır.

Şüar-titullar kütləni kütləvi psixoz vəziyyətinə gətirir. Hətta bu şüarları uyduranların özləri də absurd həqiqətlərinin əsiri olmağa başlayırlar. Tək qalanda ağıllarına gələn asiliyi başlarından çıxarmaq üçün onlar başlarını divara çırpırlar – birdən ağlındakını kimsə üzlərindən oxuya bilər. Bunlar vicdanlarının son işartılarını boğan qatillərdir. Amma elələri də var ki, gəbərənədək rəzalət bataqlığında eşələnir, yeni ənam üçün marığa dururlar – ağasının malına, köləsinə çevrilmək başqa sonuca vara bilməzdi: islanmışın sudan nə qorxusu?!

Oruell 1941-ci ildə yazdığı bir essedə deyirdi: "Yaşadığımız dövr şəxsiyyətin özgürlüyünü və ya daha doğrusu özgürlük illüziyasını məhv etmək təhlükəsi yaradır… Totalitar dövlət insan düşüncəsini kontrolda saxlamağa çalışır, yaradıcı insanı təbii xarici mühitdən təcrid edərək onu süni mühitə salır, müqayisə imkanından məhrum edir”.

Çağdaş "demokratik, hüquq dövlətləri” bu vəzifəni daha incə şəkildə icra edir: hüquq başqalarının "insan hüquq və azadlıqlarının qorunmasına” qurban verilir.

1941-ci il 2021-ci ilə, ondan da sonraya və daha sonralara uzadılır: "insan naminə”.

Hakimiyyət hərislərinin dediklərinə inanan kütlə tiraniyanın, avtoritarizmin yaşam mənbəyidir.

Şahsevən ziyalı, gözəlləmə ədəbiyyatı və incəsənəti isə bu toplumun təbii sonucudur. Hətta tək-tük istedadlı adamların da bu xora züy tutması avtoritarizmi totalitarizmlə bəzəyir.

Şah rəiyyətinin ənam hərisliyini gözəl duyduğundan mükafatlara xəsislik eləmir – istedadlı adamların halal mükafatını ənam kimi paylayaraq mesaj verir: özgür şəxsiyyət olmaq perspektivsizdir.

Başqa bir essesində Oruell yazır: İstənilən kampaniyada – müharibələrdə və ya seçkilərdə iştirak vacib ola bilər. Amma hər bir halda insan öz "mən”inin toxunulmazlığını saxlamaladır.

Bu təkcə yazıçıya aid deyil. Heç olmasa ziyalı zümrəsi siyasi proseslərə qarışanda, bu barədə fikir bildirəndə toxunulmazlıq barədə düşünməlidir. Əks halda xalq kütlədən ibarət topluya çevrilir, kütləvi immunitet öləziyir. Fərdi orqanizm virusun, ictimai mənafe avtoritarizmin qurbanına çevrilir.

İnsanlıqdan başqa hər şey qurban tələb edir…

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun