Human Rights Watch Qarabağ müharibəsində tərəflərin mülki əhalini hədəf aldığını bildirir

Human Rights Watch Qarabağ müharibəsində tərəflərin mülki əhalini hədəf aldığını bildirir
12 Dekabr 2020
Mətni dəyiş

“Human Rights Watch” təşkilatı dekabrın 11-də Dağlıq Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüququn pozulması ilə bağlı hesabatlar yayıb. Hesabatın birində Ermənistan silahlı qüvvələrinin, digərində isə Azərbaycan silahlı qüvvələrinin yol verdiyi pozuntulardan söz açılır.

Ermənistanın əməlləri ilə bağlı hesabatda bildirilir ki, Ermənistan hərbi qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib.

"Erməni qüvvələri müharibə qanunlarını pozaraq əhalisi olan şəhər və kəndlərə dəfələrlə raketlər, idarə olunmayan raketlər və ağır artilleriyadan mərmilər atıblar. Bir daha vurğulayıram ki, altı həftəlik müharibə dövründə bu hücumlar mülki insanların həyatını, onların evlərini qanunsuz olaraq dağıdıb və bütün hallar qərəzsiz şəkildə araşdırılmalıdır," təşkilatın Avropa və Mərkəzi Asiya ofisinin direktoru Hyu Uilyamson bildirib.

Hesabata əsasən, təşkilatın Azərbaycanın Ermənistan hərbi qüvvələrinin hücumlarına məruz qalan ərazilərində noyabr ayı ərzində apardığı araşdırmalarda erməni qüvvələrinin ballistik raketlər, idarə olunmayan top mərmiləri və iriçaplı artilleriya mərmilərindən istifadə edərək açıq şəkildə və ayrı-seçkilik etmədən dinc əhalinin yaşadığı əraziləri vurmasına dair 11 hal aşkar edilib: “Ən azı digər dörd başqa halda isə bu cür silahlar vasitəsilə açıq hərbi hədəflərin olmadığı ərazilərdə mülki şəxslərə və ya mülki obyektlərə zərbələr endirilib”.

Hesabatda bildirilir ki, "Human Rights Watch" Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər şəhərlərinə, qəsəbələrə və kəndlərə raket və artilleriya hücumlarını araşdırıb.

Təşkilat bildirir ki, Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakyan BBC-yə müsahibəsində Gəncədə dinc şəxslərin ölümüylə nəticələnmiş hücumla bağlı sualdan yayınıb və bunun əvəzinə Azərbaycanın Stepanakertə (Xankəndinə) ölümcül zərbələr endirdiyini deyib.

Azərbaycanın əməlləri ilə bağlı hesabatda Azərbaycan qüvvələrinin müharibə zamanı ermənilərin məskunlaşdığı Xankəndinə müharibə qanunlarına zidd olaraq hədəfsiz zərbələr endirdiyi qeyd olunur. Human Rights Watch bildirir ki, şəhərdə apardığı təhqiqat zamanı Azərbaycan qüvvələrinin fərq qoymadan kaset bombaları, top mərmiləri və ya hərbi hədəflər və mülki obyektlər arasında fərq qoymayan digər silahlardan istifadə etdiyini aşkar edib.

“Azərbaycan qüvvələrinin Dağlıq Qarabağın ən böyük şəhərinə hədəfsiz endirdiyi raket və quru zərbələrində mülki strukturlara dəyən ziyan qərəzsiz şəkildə araşdırılmalıdır. Əməliyyatlar dayansa da, mülki əhali vacib infrastruktura qeyri-mütənasib hücumlardan əziyyət çəkməkdədir,” HRW-un böhran və münaqişə üzrə direktoru Lama Fakih bildirib.

Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycan rəsmiləri münaqişə zamanı hədəfsiz hücumlar həyata keçirdiyini inkar edib. Prezidentin müşaviri Hikmət Hacıyev oktyabrın 18-də BBC-yə verdiyi müsahibədə bildirib ki, Stepanakertdə (Xankəndində) yalnız hərbi hədəflər vurulub, mülki itkilər yalnız qanuni zərbələr nəticəsində baş verib. Prezident İlham Əliyev də noybarın 8-də BBC-yə müsahibəsində hədəfsiz zərbələr endirilməsini, kasset bombalardan istifadəni “saxta xəbər” adlandırıb.

Hesabatlarda bildirilir ki, Azərbaycanla Ermənistana arasında beynəlxalq silahlı münaqişəyə tətbiq olunan beynəlxalq humanitar hüquq və yaxud müharibə qanunları mülki şəxslərə qarşı məqsədli və ya mülki vətəndaşlara və ya mülki obyektlərə qeyri-mütənasib ziyan vuran hücumları qadağan edir. Human Rights Watch təşkilatı Azərbaycan və Ermənistanın 110 ölkənin qoşulduğu klastr bombaları üzrə sazişə üzv olmadığını vurğulayır, tərəfləri konvensiyaya qoşulmaqdan ötrü gərəkən addımları atmağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun