Ekspert: Sərt karantin rejimi kiçik və orta sahibkarlığı iflas edəcək səviyyəyə çatdırıb

Ekspert: Sərt karantin rejimi kiçik və orta sahibkarlığı iflas edəcək səviyyəyə çatdırıb
10 Dekabr 2020
Mətni dəyiş

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Qeyd edilir ki, həmin müddətdə ölkənin bütün ərazisində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş iş, xidmət sahələri istisna olmaqla digər sahələrdə fəaliyyət dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsi-nə açıqlamasında deyib ki, Azərbaycanda sərt karantin rejiminin mart ayından başlayaraq dalğa-dalğa tətbiq olunması kiçik və orta sahibkarlığı iflas edəcək səviyyəyə çatdırıb:

"Bugünə qədər məsələn onların icarə problemi həll olunmadı, kredit problemləri həll olunmayıb və bu bir qar uçqunu kimi artır. Əgər özünüz də monitorinq aparsanız görəcəksiniz ki, şəhərin mərkəzi və mərkəzə yaxın küçələrində son bir neçə ayda icarə elanları nə qədər artıb. Yəni, bu, kifayət qədər ciddi məsələdir və pandemiyadan kiçik orta sahibkarlığın böyük bir qismi ümumiyyətlə ayaqda qalmağı bacarmayacaq. Bu isə təəssüf ki on minlərlə itirilmiş iş yeri deməkdir. Çünki kiçik və orta sahibkarlıq ümumi iqtisadi prosesdə rəqəmsal olaraq az iştirak eləsə də, amma iş yerləri yaradılmasında böyük tövhəsi var idi" - deyə ekspert bildirib.

Hökümətin əsasən leqal iş yerlərini önə çəkdiyini bildirən Natiq Cəfərli, həmçinin qeyd edib ki, xidmət sahəsində kiçik və orta sahibkarlıqda illeqal, yəni rəsmiləşdirilməmiş iş yerlərinin sayı minlərlərlə, hətta on minlərlədir:

"Günəmuzd işləyənlər insanlar var, onlar böyük əziyyət çəkirlər. Hökümətin indi hansı addımlar atacağını, ümumi prinsipləri elan ediblər. Amma kiçik və orta sahibkarlara hansı dəstək proqramı olacağı bilinmir. Keçən təcrübəyə əsaslansaq, mart-aprel aylarında, bu ondan ibarət idi ki, rəsmi çalışanların və rəsmi fəaliyyət göstərənlərin maaşlarının bir qismini dövlət ödədi və kredit faizlərinin bir neçə aylıq ödəmələrinin yarısını, yarı faizini məsələn 15 faizdirsə 7,5%-ni dövlət öz üzərinə götürdü. Bu da çox kiçik bir rəqəmdir və kiçik bir dəstəkdir. Əgər çalışmırlarsa bu krediti necə ödəyəcəklər? Fərqi nədir faizin yarısına dövlət kömək elədi, yoxsa yox?!"

Operativ Qərargah məlumatında bildirilir ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.

İqtisadçı ekspert isə düşünür ki, bu yardımlarla bağlı da ciddi problemlər var. Onun fikrincə, əvvəldən say məhdudiyyətinin qoyulması doğru deyil:

"Hökümət nə qədər işsiz, nə qədər möhtac olan insanlar olduğunu dəqiq müəyyənləşdirə bilməz. Bundan əvvəlki təcrübədə də sayın məhdudu öncədən 600 min qoyuldu və sonradan 600 001-ci adamdan başlayaraq buna tam haqqı çatan insanlar o say məhdudiyyətinə görə 190 manat yardımı ala bilmədi. Məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, bu siyahıyaalınma mart-aprel aylarında olub. İndi isə üstündən 6 ay keçib və bu aylar ərzində yeni işsizlər ordusu yaranıb, onların ümumiyyətlə, qeydiyyatdan keçmək şansı yoxdur. Çünki o say məhdudiyyəti imkan vermir və on minlərlə yeni işsiz varsa, onların bu müavinəti necə ala biləcəkləri ilə bağlı ümumiyyətlə məlumat və istiqamət yoxdur, təəssüf ki. Ona görə də, kiçik orta sahibkarlığın durumu çox ağırdır. Onlara ediləcək yardımlar da yetərli olmayacaq, çünki yardımların həcmi çox kiçik və qəlizdir. Yardım mexanizmlərinin özü də qəlizdir. Ona görə də, Azərbaycan iqtisadiyyatında çox böyük problemlər yaşanacaq, əsasən də xidmət sahəsində. 2021-ci ilin yaxşı və ya müsbət keçəcəyi ilə bağlı indidən fikir söyləmək çətindir. Çünki bağlanan bizneslər, borclanan biznes sahələri 2021-ci ildən çox qısa bir müddətdə aya qalxması mümkünsüz görünür".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun