Belçika parlamenti ikinci erməni dövlətinin tanınmasını planlaşdırmır

Belçika parlamenti ikinci erməni dövlətinin tanınmasını planlaşdırmır
4 Dekabr 2020
Mətni dəyiş

Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın tanınması haqda qətnamə qəbul etdikdən sonra bir sıra xarici KİV Belçika parlamentinin də eyni sənədi qəbul edəcəyini anons etməyə tələsib.

Dünən Fransanın Aşağı Palatası da "DQR-in tanınması haqqında" məcburi qüvvəyə malik olmayan tövsiyə qətnaməsini qəbul edib. Öz növbəsində Fransa XİN Azərbaycan ərazisinin bir hissəsini erməni dövləti elan etmək niyyətinin olmadığını bəyan edib.

Dekabrın 2-də Belçika Federal Parlamentinin xarici məsələlər üzrə komissiyasında müzakirələr aparılıb və yekunlara əsasən, bəzi KİV Belçika parlamentarilərinin "DQR"i tanıması haqda saxta məlumat yayıb.

Belçikadakı mənbə Turan-a bildirib ki, Belçika XİN-in parlamentdəki nümayəndəsinin çıxışından sonra deputatlar hər hansı sənəd və ya qərar qəbul etməyiblər.

"Komissiyada tezliklə parlamentin plenar iclasında səsverməyə çıxarılacaq qətnamə layihəsi üzrə müzakirəsi olunub. Təsdiqlənmiş qətnamə layihəsi Dağlıq Qarabağın müstəqilliyinin tanınması və diplomatik münasibətlərin qurulmasına dair müddəaları əhatə etmir. Belçika XİN bu bəndin çıxarılmasına israr edib və onu "keçilməyən qırmızı xətt" adlandırıb", - mənbə bildirib.

Komitə üzvləri hökumətin bu tövsiyələrini qəbul etməyə, erməni lobbiçiləri üçün xoşagəlməz olan düzəlişi etməyə və "tanınma" haqda bəndi çıxarmağa məcbur olublar. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinadın sənədin mətninə daxil edilməsilə bağlı düzəliş təqdir edilib. Bu, ona görə vacibdir ki, qətnamə layihəsi Dağlıq Qarabağın yekun statusu məsələsini həllini tələb edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində məhz "The Nagorno-Karabakh region of the Azerbaijan Republic" ifadəsi var.

Qətnamə layihəsinin mətnində əlbəttə ki, xoşagəlməz məqamlar var, məsələn, Azərbaycanın "təcavüz"də ittiham edilməsi, Türkiyənin bu münaqişədə rolunun tənqid edilməsi, mifik "Suriya muzdluları" haqda xatırlatma, Azərbaycan tərəfinin uydurma "hərbi cinayətləri".

Hazırda vəziyyət belədir. Əlbəttə, qətnamənin yekun mətni dəyişə bilər, çünki erməni lobbiçiləri BMT TŞ-nin Qarabağa dair dörd qətnaməsinə istinadların çıxarılması üçün böyük səylər göstərirlər.

Erməni KİV-də xəbərlər face-saving məqsədi güdür. Onlar özləri üçün ən mühüm olan müddəaların qətnamə layihəsindən çıxarılması faktını rüsvayçı şəkildə gizlədirlər", - mənbə qeyd edib.

Qətnamə parlament səviyyəsində təsdiq edildikdən sonra Belçika hökuməti üçün tövsiyə xarakteri daşıyacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun