AXCP fəalına 1 il həbs cəzası kəsildi

AXCP fəalına 1 il həbs cəzası kəsildi
1 Dekabr 2020
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlı koronavirus yaymaqda suçlanaraq 1 il azadlıqdan məhrum edilib. Dekabrın 1-də Sabunçu rayon Məhkəməsində hakim Mirheydər Zeynalov onun haqqında belə hökm çıxarıb. Hakim bildirib ki, M.İmanlıya qarşı CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapıb.

Amma M.İmanlı ittihamı qəbul etmir və özünü təqsirli bilmir. O deyib ki, ittiham saxtadır, həbsinin yeganə səbəbi AXCP üzvü olması, ictimai-siyasi fəaliyyətidir.

Atası Ramiz İmanov da hökmdən sonra AzadlıqRadiosuna bildirib ki, oğlu təqsirsizdir: "Mən bu qədər haqsızlıq, ədalətsizlik təsəvvür etmirdim. Azərbaycan elə bir vəziyyətə çatıb ki, burada istənilən şəxsi polis, prokurorluq və ya məhkəmə işçisi evindən oğurlayıb apara və istədikləri cəzanı verə bilər. Öz başımıza gəldi, gördük. Adamı evdən çağırıb aparıblar, yazıblar ki, guya koronavirus idi, küçədə tutublar. Bu qədər yalan, bu qədər saxtakarlıq olmaz axı...".

M.İmanlının vəkili Əsabəli Mustafayev də hökmün ədalətsiz olduğunu düşünür. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Ölkədəki birliyi, bərabərliyi, Məhəmməd İmanlının özünün təqsirsizliyini sübut edən faktları nəzərə alaraq, onun haqqında belə hökm çıxarılmasını gözləmirdim".

Xatırlatma

Məhəmməd İmanlı bu ilin iyulunda – orduya dəstək yürüşündən sonra həbs olunan 50-yə qədər AXCP fəalından biridir.

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 nəfər AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun