ATƏT-in Minsk Qrupunun və Avropa İttifaqının Qarabağ nizamlanmasında edəcəkləri bir şey yoxdur

ATƏT-in Minsk Qrupunun və Avropa İttifaqının Qarabağ nizamlanmasında edəcəkləri bir şey yoxdur
8 Dekabr 2020
Mətni dəyiş

Qarabağ münaqişəsinin hərbi fazası başa çatdıqdan, Azərbaycan ordusu Ermənistanın azad etdiyi rayonlara qayıtdıqdan, qalan ərazilər isə Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin nəzarətinə götürüldükdən sonra birdən-birə Avropada adı çəkilən iki ölkənin bu köhnə münaqişədə vasitəçiliyinin əleyhinə çıxdılar. Aİ diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Rusiya və Türkiyə Avropa İttifaqını Dağlıq Qarabağ, Suriya və Liviyada nizamlanmadan sıxışdırır və bunu regional münaqişələrin "astanalaşması" adlandırıb. Burada Suriya üzrə nizamlanmanın Astana formatı ilə analogiya aparılıb, belə ki,  Türkiyə və Rusiya Avropa və ABŞ-ın iştirakı olmadan məsələləri özləri həll edirlər. Borrel Aİ qarşısında vəzifə qoyub:  “Biz öz potensialımızdakı bir çox boşluqları aradan qaldırmalıyıq, həmçinin maraqlarımızın risk altında olduğu yerlərdə fəal iştirak etməliyik”.

Bu qiyabi diskussiyada Moskva öz sözünü prezident V. Putinin və onun nümayəndəsi D. Peskovun dili ilə deyib: “Dağlıq Qarabağın mənsubluğu kifayət qədər çoxdan Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874 və 884 saylı qətnamələr) ilə müəyyənləşib”.

Bakının qarşısında vəzifə durur: hansı tərəfi tutmalı? ATƏT-in Minsk Qrupu bəyanatla çıxış edib və Qarabağda prosesləri yenidən öz nəzarətinə götürmək istəyini bildirib. Moskva və Türkiyə isə hesab edirlər ki, Qarabağ məsələsi ümumilikdə bağlanıb, regionda mehriban qonşuluq münasibətlərinin, iqtisadiyyatın bərpası mərhələsi başlayıb və bu ölkələr bunda fəal iştirak edirlər.

Turan "Şərq-Qərb" Analitika Mərkəzinin direktoru Ərəstun Orucludan Avropa İttifaqının gecikmiş fəallığının səbəblərini açıqlamağı xahiş edib.

- C. Borrelin gözlənilməz bəyanatının səbəbi nədir?

- Avropa İttifaqı diplomatik missiyası rəhbərinin narahatlığını başa düşmək olar. Qarabağ problemi 30 il ərzində həll olunmasa da  onun münaqişələrin həllində Aİ-nin rolundan məhz indi danışması təsadüfi deyil. Onun fəallığı bizim münaqişə ətrafındakı vəziyyətdən daha çox, idarəsinin və  şəxsən özünün ünvanına sərt tənqidlərlə bağlıdır. Avropa KİV-də isə bu cür tənqid heç də nadir hal deyil. Məsələ ondadır ki, Avropa İttifaqının ümumi xarici siyasəti faktiki olaraq bu təşkilatın üzvü olan ölkələrin xarici siyasi fəaliyyətlərinin kölgəsində qalıb. Üstəlik, Aİ üzvü olan dövlətlərin milli maraqlarının reallaşmasına yönələn bu fəaliyyət idealdan uzaqdır.

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrdən biri olan Fransa həm Qarabağ münaqişəsində, həm də Liviyada separatizmi açıq şəkildə dəstəkləyir. Xatırladım ki, Fransa Liviyada bu ölkənin beynəlxalq səviyyədə tanınmış Milli Etimad Hökumətinə qarşı döyüşən qiyamçı general Həftarı açıq şəkildə dəstəkləyir. Fransa parlamentinin iki palatası və bu ölkənin prezidenti Qarabağda erməni separatçıların tərəfini tutdular. Sonradan Makron öz ermənipərəst bəyanatını təkzib etdi, lakin  Fransa parlamentinin yuxarı və aşağı palataları Azərbaycan dövlətinin dağılmasına yönəlmiş mövqe tuturlar.

Təəssüf ki, Aİ-nin xarici siyasət idarəsi ümumavropa xarici siyasətini yürütmək iqtidarında deyil və bunun nəticəsində yaranmış geosiyasi və diplomatik boşluğu Rusiya, Türkiyə kimi ölkələr öz effektiv xarici siyasətləri sayəsində doldururlar. Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın tarixdə də məhz bu baş verdi.

- Avropa İttifaqının Qarabağdakı fəaliyyəti ilə Rusiya-Türkiyə tərəfdaşlıq dueti arasındakı fərq nədir?

- Qeyd edək ki, cənab Borrel Qarabağ prosesində Avropa İttifaqının prioritetini müəyyən etmək niyyətini səmimi etiraf edir, ancaq onun həlli üçün az iş görüb. Onun Avropa İttifaqının maraqları ilə bağlı qeydlərini nəzərdə tuturam. Anladığım qədərilə, istənilən münaqişənin həlli üçün səylər ilk növbədə, münaqişə ölkələrində gərginliyin aradan qaldırılmasına və sakinlərin iztirablarının azaldılmasına yönəldilməlidir, hər hansı geosiyasi maraqların axtarışına yox. Aİ Qarabağda ilk növbədə sonuncu məsələ ilə məşğul olub, bundan sonra da bununla məşğul olmağı davam etdirmək istəyir.

Türkiyə və Rusiya başqa cür hərəkət edirlər. Bizim bütün tənqidi rəylərimizə zidd olaraq, Ankara və Moskva Qarabağ hadisəsində həqiqi sülhə, düşmənçilik edən tərəflərin beynəlxalq tanınmış sərhədlər üzrə bölgüsünə və üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti bölgü xəttinə nail oldular. Qoy, bu, lap kövrək sülh olsun, yenə də qanlı qarşıdurmadan daha cəlbedici görünür. Əsasən də bu qarşıdurmanın qurbanları olan sadə insanların nöqteyi-nəzərindən.

Bu baxımdan, görünür, Aİ ümumilikdə münaqişələrə yanaşmasına yenidən baxmalı, ilk növbədə, yumşaq desək, "münaqişənin idarə edilməsi" kimi  anlaşılmaz taktikadan imtina etməlidir. Hər halda, münaqişələri həll etmək lazımdır, "idarə etmək" yox.

ATƏT-in Minsk Qrupunun etirazına gəlincə, zənnimcə, bu qurum çox istəsə də belə, işlək olmayacaq. Hər halda, bu qrupun həmsədr ölkələrinin davranışı bu planda yaxşı heç nə vəd etmir. Rusiya ayrı fəaliyyət göstərir, Fransa az qala münaqişə tərəfi kimi çıxış edir, ABŞ isə ancaq “növbətçi” bəyanatlar verməklə kifayətlənir. Belə mövqe ATƏT-in Minsk Qrupu institutunun Qarabağda yenidən fəallaşması üçün az şans verir. Üstəlik, Rusiya, Türkiyə və Azərbaycan Qarabağ üzrə Madrid prinsiplərini və BMT TŞ-nin dörd qətnaməsini yerinə yetiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun