Tramp bir halda Ağ evdən gedəcəyini deyir

Tramp bir halda Ağ evdən gedəcəyini deyir
27 Noyabr 2020
Mətni dəyiş

Prezident Donald Tramp deyir ki, Seçici Kollegiyası Demokrat Co Baydenin qələbəsini rəsmiləşdirərsə, Ağ evdən gedəcək. İndiyədək o, seçkinin nəticələrinə qarşı mübarizəni davam etdirəcəyini deyirdi.

“Əlbəttə, gedəcəyəm. Bunu bilirsiniz”, – Tramp noyabrın 26-da söyləyib. Jurnalistlər ondan Seçici Kollegiyasının təsdiqini tanıyıb-tanımayacağını soruşublar.

Seçici Kollegiyası seçkinin nəticələrini rəsmiləşdirərsə, “səhv edəcəklər”, – Tramp vurğulayıb.

“Buna yol vermək çox çətin olacaq”, – o, sözlərinə əlavə edib.

Prezident seçkisinin qalibini müəyyənləşdirən Seçici Kollegiyası dekabrın 14-də Baydenin qələbəsini təsdiqləmək üçün bir araya gələcək. Bayden seçkidə 306, Tramp isə 232 səs yığıb.

“‘Çox şey baş verə bilər”

Tramp yenə israr edir ki, nəticələr təsdiqlənənə kimi “çox şey” baş verə bilər. O, “seçkidə saxtakarlıq” iddialarını səsləndirməkdə davam edir.

Prezident seçkini uduzduğunu etiraf etməsə də, administrasiyası noyabrın 23-də rəsmi keçidə işıq yandırıb. Bununla da Baydenin kəşfiyyat brifinqləri əldə etməsinə, maliyyəyə, ofis məkanlarına, federal rəsmilərinə görüşlərinə yol açılıb.

3 noyabr seçkisindən üç həftədən çox keçməsinə baxmayaraq, Tramp nəticələri mübahisələndirir, uğursuz məhkəmə iddiaları qaldırır, seçkidə saxtakarlıqla bağlı əsassız iddialar səsləndirir.

Bu arada Bayden administrasiyasını formalaşdırmaqdadır. Bu həftə hökumətdə aparıcı postlara nominantlarının adlarını açıqlayıb. Onlar əsasən Baydenin vitse-prezident olduğu keçmiş Prezident Barak Obama administrasiyasının veteranlarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun