“The Guardian”: Baş nazirə gündə 4 min adamın öləcəyini deyiblər

“The Guardian”: Baş nazirə gündə 4 min adamın öləcəyini deyiblər
5 Noyabr 2020
Mətni dəyiş

Böyük Britaniyanın məşhur “The Guardian” qəzeti yazır ki, ölkənin baş nazirinə koronavirusla bağlı çox həyəcan doğuran məlumatlar təqdim edilib. Bir proqnozda gələn ay İngiltərədə hər gün koronavirusdan 4000 xəstənin öləcəyi bildirilib.

“The Guardian” bildirir ki, hökumət məhz alimlərin verdiyi bu proqnozlardan sonra ölkədə yenidən karantin rejimi tətbiq etmək qərarına gəlib.

Novator.az saytı bununla bağlı “The Guardian” nəşrində dərc olunmuş, İngiltərədə ikinci karantin rejiminin elmi əsaslarından bəhs edən məqaləni Azərbaycan dilinə tərcümə edib. Məqaləni oxucuların diqqətinə çatdırırıq.

Ölkənin bir neçə yerində koronavirus infeksiyasına yoluxanların və xəstəxanalara yerləşdirilənlərin sayının artdığı barədə həkimlərin xəbərdarlığından sonra İngiltərə ikinci xüsusi karantin rejiminə hazırlaşır. Əslində bu qərarın arxasında nə dayanır?

Karantin rejiminə nə səbəb oldu?

Baş nazirin və iki aparıcı məsləhətçinin, hökumətin baş elmi işçisi Patrik Valansın, İngiltərənin baş həkimi, professor Kris Vittinin hazırladığı hesabatlar ikinci karantin rejiminin başlanmasına səbəb oldu. Onlar ilk olaraq Milli Statistika Mərkəzinin bəyan etdiyi kimi gündə 50 minə yaxın insanın koronavirusa yoluxacağını bildirdilər. Həm də qeyd etdilər ki, Londonda yerləşən İmperial Kollecin hazırladığı infeksiya anketi günlük 100 minə yaxın yoluxma göstərir. Onlar avqustun axırından xəstəxanaya yerləşdirilənlərin və ölənlərin artdığını vurğuladılar. Hökumətin “Sage” adlı elmi məsləhətçilərinin orta müddətli proqnozlarına görə, xəstəxanalarda indiki qəbullar noyabrın sonuna kimi birinci dalğanın göstəricilərini ötüb keçəcək. Bir həftə sonra gündə 800 xəstə öləcək. Beləcə xəstəxana yataqları dekabra qədər tam dolacaq.

Bu məlumatlar nə dərəcədə düzgündür?

İnfeksiya və ölümlərlə bağlı açıqlanan statistika tam dəqiq deyil. Bir mənbənin məlumatları isə daha çox narahatlıq yaradır. Fərqli akademik qrupdan ibarət olan həmin mənbə indidən başlamaqla gələn yaya qədər İngiltərədə koronavirus ölümlərini proqnozlaşdırmaq üçün yeni model təqdim edir. İmperial Kollec və London Gigiyena Tropik Məktəbi kimi elmi qurumlar ilin axırına qədər ölüm sayının gündə 2000-ə qalxacağını proqnozlaşdırmışdılar. Ən təəccüblü proqnoz isə Kembricdən və İngiltərənin Milli Səhiyyə Xidmətindən gəlib. Onların qənaətinə görə, dekabrda sutkada 4000 ölüm olacaq. Bu mülahizə əvvəlki proqnozlaşdırma modelləri ilə oxşar olsa da, daha ciddi qəbul edildi.

Kembric modeli digərlərindən bir çox vacib məqamına görə fərqlənir. Bu modelin müəllifləri bildirirlər ki, ölüm halı 28 gün sonra deyil, 60 gün sonra baş verir. Amma bu, yanlış yanaşmadır. Bununla belə Kembric modeli başqa bir cəhətinə görə digərlərindən üstündür. Üç həftə əvvəl həyata keçirilmiş elmi modelləşdirmə zamanı virusun nə qədər yoluxucu olduğu müəyyənləşdirilib. Bundan ötrü koronavirusdan ölənlərin neçə həftə əvvəl infeksiyaya yoluxduğu araşdırılıb. Belə bir nəticəyə gəlinib ki, infeksiyanın hazırkı dərəcəsi və indiki ölüm sayı əslində fevral ayındakı vəziyyətin nəticəsidir. Bu model epidemiyanın 6 həftə və ya ondan əvvəlki durumuna baxmaqla sonrakı vəziyyəti təxmin etməyə imkan verir. Ona görə Kembric modeli üzrə proqnozlaşdırmada günlük ölüm sayı həddindən artıq çox göstərilib.

“Fed”in paylaşdığı ən son məlumatlar “Sage” modeli ilə daha uyğun gəlirdi; virusla mübarizə metodları dəyişməz qaldığı halda ikisi də dekabrın ortalarına qədər günlük 1000 ölüm təxmin edirdi. Amma bütün modellər xəstələrin və ölənlərin birinci dalğadan daha çox olacağını göstərir.

Yaxın dörd həftədə nələr olacaq?

Hökumətin elmi məsləhətçiləri sentyabrda nəzarətdən çıxan epidemiyanı dayandırmaq üçün dərhal tədbirlər görməyə çağırıblar. Tətbiq olunan “üçpilləli sistem” epidemiyanın yayılma səviyyəsini azaltmaq üşün kifayət etməyib. Nəticədə nəzarətə götürülməsi daha çox vaxt tələb edən böyük bir epidemiya ortaya çıxır. Önümüzdəki dörd həftə ərzində insanların bir-biri ilə təmasını azaltmaq üçün nəzərdə tutulmuş yeni qaydalara riayət etmək zəruri olacaq. Alimlər epidemiyanın azalması əlamətlərini öyrənmək üçün həftəlik yayılma səviyyəsinə və xəstəxanaya giriş sayına nəzarət edəcəklər.

Alimlər epidemiyanın səngidiyini necə biləcəklər?

“Sage” modelləşdirmə qrupunun tədqiqatçıları koronavirusun milli və regional yayılma dərəcəsini hesablamaq üçün bir neçə məlumat axınından istifadə edirlər. Xəstəxanalarda aparılmış testlər və ictimai testlər, həmçinin İmperial Kollecin apardığı anketlər infeksiyanın səngiyib-səngimədiyini aşkara çıxarmaq üçün birincilər arasında olmalı idi.

Amma yoluxmuş insanların təmasda olduğu adamlarla bağlı aparılmış telefon sorğusuna dair məlumatlar, habelə “Facebook” və “Google” şəbəkələrinin topladığı mobil məlumatlar da gəlməkdədir. Ölümün azalması yaxşılaşmanın olduğunu bildirən sonuncu göstərici olacaq. Çünki bu həftə koronavirusa yoluxmuş insanın sonrakı dörd həftədə ölməsi mümkündür.

Yoluxma səviyyəsinin enməsi epidemiyanın azalması deməkdir, amma yalnız bunu nəzərə almaq düzgün deyil. Alimlər yayılma və ya yoluxma sayına da nəzarət edəcəklər. Karantin müddətində yoluxanların və xəstəxana şəraitində müalicəyə ehtiyacı olanların sayı azalarsa, təcridolunma şərtləri yüngülləşdirilə bilər.

Qapanmanı yüngülləşdirmə qərarında “Sage” rol oynayacaqmı?

“Sage” qrupu koronavirus məlumatlarını daim nəzərdən keçirir və hər həftə koronovirusun yayılma həddi və epidemiyanın böyümə sürəti barədə konsensusa gəlir. Həmin məlumatlar daha geniş müzakirə üçün “Sage” qrupunun rəhbərliyinə ötürülür. İstənilən siyasətdə olduğu kimi, karantini yüngünləşdirmək qərarını “Sage” yox, nazirlər verir, amma komitə sonrakı addımlara dair təkliflər təqdim edəcək. Ekspertlər ilk növbədə Milli Səhiyyə Xidmətinin yükünü azaltmaq və qış mövsümü ilə bağlı ölüm hallarının artmasının qarşısını almaq istəyirlər. Amma testlər və Milli Səhiyyə Xidmətinin araşdırmaları, habelə insanların planları, məsələn, Milad bayramı ərəfəsində tələbələrin ölkə daxilində hərəkətliliyinin artması kimi faktorlar mütəxəssislərin tövsiyələrinə təsir edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun