Siyasilərin vəkilinə cinayət işı açılması istənilir

Siyasilərin vəkilinə cinayət işı açılması istənilir
24 Noyabr 2020
Mətni dəyiş

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da daxil, bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıcın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmədə iddia qaldırılıb. Xüsusi ittiham qaydasında qaldırılmış iddianın müəllifi isə Real TV-nin aparıcısı və azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur. O, vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir.

Noyabrın 23-də Nizami rayon Məhkəməsində sözügedən iddiaya baxılıb. V.Məmmədovun vəkili iddia ərizəsində yazılanları müdafiə edərək deyib ki, A.Layıc Facebook hesabında sayt rəhbərini təhqir edib, ona böhtan atıb.

"Mənim yazdıqlarımdan çox-çox əvvəl..."

A.Layıc isə iddiaya yazılı şəkildə etiraz verərək bildirib ki, kiminsə haqqında yalan və böhtan olduğunu bildiyin halda, onun şərəf və ləyaqətini ləkələmək məqsədilə qəsdən məlumat yayılanda cinayət tərkibi yaranır:

"Mənim yazdıqlarımdan çox-çox əvvəl onun haqqında cəmiyyətdə mənfi fikir formalaşıb. Bu da onun vaxtilə "Lider" telekanalında müxalifətçi, tənqidçi jurnalistlərin şəxsi həyatına aid özəl görüntüləri yaymasından, ikrah doğuran şərhlər verməsindən irəli gəlib".

A.Layıc məhkəməyə "Wikipedia"da V.Məmmədov haqqında əks olunan fikirləri, həmçinin onun özünün mediaya müsahibəsindən bir hissəni təqdim edib. Müsahibədə də jurnalist V.Məmmədova insanların şəxsi həyatına aid görüntüləri yaymasına görə cəmiyyətdə onun haqqında formalaşmış fikir haqda sual verib.

Baş redaktorun vəkili Mehman Muradlı isə iddianın icraata götürülüb baxılmasını, A.Layıcın təqsirləndirilən şəxs qismində tanınmasını istəyib.

Müzakirələrdən sonra hakim Nəriman Mehdiyev vəkilin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında qaldırılmış iddianın icraata götürülməməsinə qərar verib.

"Hüquq hər kəsə lazımdır"

V.Məmmədov A.Layıcın cəzalandırılması üçün Vəkillər Kollegiyasına da şikayət edib. A.Layıc İntizam Komissiyasında izahat verərkən bildirib ki, Facebook hesabında yazdığı onun şəxsi qiymətləndirməsidir, vəkillik fəaliyyətinə aidiyyəti yoxdur:

"Mən ifadə azadlığımdan və şəxsi qiymətləndirmə hüququmdan istifadə eləmişəm. Şəxsi qiymətləndirməmin isə vəkillik fəaliyyətinə heç bir aidiyyəti yoxdur. O insan mənim vəkilliyimin obyekti və subyekti olmayıb. Hüquq hər kəsə lazımdır. Məndən şikayət edən şəxs başa düşməlidir ki, insanların şəxsi həyatını, intim videolarını efirdə vermək hüququn ali dəyərlərinə, mənəviyyata ziddir".

A.Layıc V.Məmmədovun "Lider" telekanalında tənqidçi jurnalistlərin, siyasətçilərin intim həyatına aid videoları yayması barədə fikirlərini paylaşıb. V.Məmmədov həmin fikirlərin onun şərəf və ləyaqətini ləkələdiyini iddia edir.

A.Layıc hazırda həbsdə olan bir sıra siyasi fəalların, o cümlədən, AXCP funksioneri Ramid Nağıyev, Aqil Məhərrəmovun hüquqlarını müdafiə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun