Seymur Həzi: “Status məsələsi qalır və deməli, Minsk Qrupuna ehtiyac da qalır”

Seymur Həzi: “Status məsələsi qalır və deməli, Minsk Qrupuna ehtiyac da qalır”
20 Noyabr 2020
Mətni dəyiş
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlıları atəşkəsə nəzarət məqsədilə Azərbaycana gəldi.Birinci Qarabağ müharibəsindən sonra atəşkəsə nəzarət edilməsi məqsədilə yaradılan  ATƏT-in Minsk qrupu isə bu bəyanatdan kənarda qaldı. 28 ildir münaqişəni həll etmək öhdəliyini üzərinə götürən qurumun bundan sonra tərəflər arasındakı münasibətlərdə hansı funksiyanı yerinə yetirəcəyi isə qeyri-müəyyəndir.
"Toplum Tv” bu  məsələ ilə bağlı bir neçə ekspertin fikrini öyrənib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi danışıqların davam edəcəyini bildirib: "Putinin münaqişəyə dair sonuncu müsahibəsindən aydın oldu ki, Rusiya nəinki Dağlıq Qarabağa aid olan 4 rayonun statusunu, bütövlükdə münaqişənin statusunu açıq qalmış hesab edir. Deməli, diplomatiya hələ bitməyib. Eyni zamanda, digər iki həmsədr açıqlama verərək bildirdilər ki, onlar nizamlanma üçün Minsk Qrupunu alternativsiz hesab edirlər. Hətta üçtrəfli sazişin beynəlxalq səviyyədə tanınması üçün Minsk Qrupunun, həmsədr ölkələrin və BMT Təhlükəsizlik Şurasının münasibətinə ehtiyac var. Həmçinin Minks qrupunun fəaliyyətinə xitam vermək yetkisi ATƏT-dədir. Bu baxımdan missiya hələ ki işləyəcək”.
ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin mövqeyi və bundan sonra prosesdə yenidən iştirakı ilə bağlı sualımıza isə S.Həzi belə cavab verib:
"Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başlamış əks-hücum əməliyyatından sonra Fransa özünü adekvat aparmadı. Bunun nəticəsində Azərbaycan cəmiyyətində həmsədr ölkə kimi Fransaya etimad azaldı. 1994-cü ildə Minsk konfransı çağırılarkən Avropa Birliyi yox idi. Onda 11 ölkənin iştirakı ilə üç həmsədrdən ibarət təmsilçilik missiyası formalaşmışdı. Hazırda Avropa Birliyi var və Fransa missiyada AB-ni təmsil edirmiş kimi görünür. Buna görə də Fransanı Almaniya və ya başqa bir ölkə əvəz edə bilər. Bu, gələcəkdə prosesə etimad yarada bilər”.
Seymur Həzi hesab edir ki, bu məsələnin həll olmasında daha çox iştirakçının olması Azərbaycanın xeyrinədir: "İndi əsas status məsələsi və yekun tanınmadır. Buna görə də vasitəçilərin çoxluğu və obyektivliyi bizim üçün əhəmiyyətlidr. Hətta Türkiyənin də prosesə qoşulmasına nail ola bilsək, bu daha ciddi uğur ola bilər”.
Siyasi şərhçi Rəhim Xoyski də Putinin çıxışına istinad edərək məsələnin tam çözülmədiyini bildirib: "Dağlıq Qarabağın yekun statusu hələ müəyyənləşməyib və bu, siyasi müzakirələrlə müəyyənləşəcək. Düşünürəm ki, müzakirələr Minsk Qrupu formatında davam etdiriləcək”.
R.Xoyski Fransanın hazırki mövqeyinə görə Azərbaycan tərəfinin iki seçimdən birini edəcəyini düşünür: "Fransa münaqişənin həllində birtərəf mövqe nümayiş etdirmir. Mətbuatda Makronun və digər Fransa rəsmilərin çıxışları Azərbaycan auditoriyasında heç də müsbət qarşılanmır.  Yəqin ki, Azərbaycan bundan sonra həmsədr ölkələrin tərkibinin dəyişməsinə və Türkiyənin də danışıqlarda iştirakına çalışacaq. Bu, ya həmsədr ölkələrin sayının artırılmasıyla mümkün ola bilər, ya da Azərbaycan Fransanın kənarlaşdırılmasına və onun yerini Türkiyənin tutmasına çalışacaq.  İkinci variant mənə çox da inandırıcı gəlmir, düşünürəm ki, daha çox birinci variant mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qrupunda üç həmsədr ölkədən başqa daha 8 ölkə var və Türkiyə bu ölkələrdən biridir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun