Şəhid olan polkovnik Babək Səmidli kimdir?

Polkovnik Babək Səmidli

Səmidli Babək Mətləb oğlu 1974-cü ildə Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun önəmli simalarından olan polkovnikin döyüş yolu birinci Qarabağ müharibəsinə qədər gedib çıxır. Babək Səmidli hələ əsgər ikən Qarabağ savaşının da iştirakçısı olub.

Babək Səmidli Türkiyənin Kara Harp Okulunun 1997-ci ildə məzun olub. 46 yaşlı şəhid ‘Aprel döyüşlərin’də də iştirak edib. 4 gün davam edən həmin döyüşlərdə Babək Səmidli Ağdam istiqamətində yaralanmışdı.

Polkovnik bildirir ki, Azərbaycan əsgərləri bir daha səngərdən üzü yuxarı baxmamalıdır, dağların üstündə, ucalarda oturmalıdır:

“Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Mən imkan vermərəm ki, o şəhidlərin ruhu qarşısında, qazilərin qanı qarşısında qorxaq, döyüşdən imtina edənlər rahat yaşasın”.

Babək Səmidli şəhid olmamışdan bir gün öncə Göyçaya gedib, ailə üzvləri ilə görüşərək yenidən xidməti yerinə qayıdıb. Polkovnikin iki oğlu yadigar qalıb. B.Səmidlinin atası Mətləb Səmidli həkim, qardaşı Müşfiq Səmidli isə Fövqəladə Hallar Nazirliyinin zabitidir.

Polkovnikin tez-tez işlətdiyi bir fikir olub: “Azərbaycan əsgərinin üç yolu var – ya qalib gəlməldir, ya qazi olmalıdır, ya da şəhid olmalıdır. Azərbaycan əsgərinin başqa yolu yoxdur”.

Bu fikirlərin müəllifi noyabrın 23-də Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlidir.

Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun müavini olan şəhid polkovnik II Qarabağ müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb, həmin torpaqların düşmən işğalından azad olunmasında iştirak edib.

Babək Səmidli Tovuzda tabor komandiri vəzifəsində çalışıb. Lənkəranda hərbi polisin rəisi də olan Babək Səmidli daha sonra Ağcabədi və Füzulidə “N” saylı hərbi hissələrində qərargah rəisi vəzifəsində fəaliyyət göstərib.

Korpus komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində də çalışan Babək Səmidli polkovnik rütbəsini 2018-ci ildə alıb.

Torpaqların işğaldan azad olunması ilə Babək Səmidlinin dediyi kimi, Azərbaycan əsgəri həm şəhid, həm qazi, həm də qalibdir. Babək Səmidli isə qalibiyyəti görən şəhid oldu.