Rusiya Humanitar Mərkəzi – Bakıdan baxış

Rusiya Humanitar Mərkəzi – Bakıdan baxış
17 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 13-də Rusiya prezidenti “İdarələrarası humanitar reaksiya mərkəzi haqqında” fərman imzalayıb.

Üç bənddən ibarət olan fərmanda Rusiya dövlət qurumlarının Dağlıq Qarabağ (DQ) sakinlərinin bu bölgəyə qaytarılmasına yardım üzrə addımları, Azərbaycana və Ermənistana infrastrukturun bərpa edilməsində və DQ-də normal həyat şəraitinin yaradılmasında yardım, bu istiqamətdə ictimai qurumların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qeyd edilən vəzifələrin həyata keçirilməsində Azərbaycana və Ermənistana yardım məsələləri nəzərdə tutulub. Mərkəzə Rusiyanın güc qurumları, digər federal orqanları və XİN-i daxildir.

Fərmanın mətnindən göründüyü qədər, onun fəaliyyəti Dağlıq Qarabağla məhdudlaşır, Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə birgə həyata keçirilir, qaçqınlar dedikdə bu ölkələrin vətəndaşları nəzərdə tutulur, Fərmanda Dağlıq Qarabağın Azərbaycana mənsubluğu yad edilmir. Rusiyanın Mərkəzin vəzifələrini icra edəcək əsas və əlaqələndirici orqanı RF-nin Müdafiə Nazirliyi olacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bu sənədin ortaya çıxması ilə əlaqədar narahatlığını dilə gətirib, belə ki, sənəddə Rusiyanın güc qurumlarının Azərbaycan ərazisində fəaliyyəti qanuniləşdirilir. AXCP-də hesab edirlər ki, Azərbaycanda bütün qərarlar və fəaliyyətlər Azərbaycan Respublikasının hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir.

“Bu Fərmanın ortaya çıxması və həyata keçirilməsi Azərbaycan Konstitusiyasının və suverenliyinin pozulması deməkdir”, deyə o, Turan-la söhbətində bildirib.

REAL Partiyasının rəhbərlərindən Natiq Cəfərli Putinin fərmanının mətninin Azərbaycan prezidentinin noyabrın 10-da (2020) imzaladığı Qarabağda sülh haqqında üçtərəfli sazişin müddəalarına əsaslandığına diqqət çəkib. Deməli, rəsmi Bakı bu sənədə qarşı çıxa bilməz.

N.Cəfərli fərmanın mətnində gizli məna olduğunu, bunun Rusiya Federasiyasının ermənilərin Dağlıq Qarabağa qaytarılmasında və bu insanların daimi sakin kimi oraya yerləşdirilməsində maraqlı olmasından ibarət olduğunu qeyd edir.

“Rusiyaya Qarabağda daimi yaşayan 50-60 min erməni beynəlxalq aləmdə Rusiya ordusunun sülhməramlılar qismində Azərbaycanda iştirakını əsaslandırmaq üçün lazımdır. Buna görə Moskva ermənilərin DQ-yə gətirilməsi və oraya yerləşdirilməsi üçün əlindən gələni edəcək, onların təhlükəsizliyini təmin edəcək”, deyə N.Cəfərli Turan-la söhbətində bildirib.

İqtisadçı Cəlal Əliyev hesab edir ki, Rusiya başqa dövlətin ərazisində humanitar vəzifələri həyata keçirə bilər. Amma Bakı erməni silahlı qüvvələri Qarabağdan çıxdıqdan sonra Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan əraziləri ilə bağlı məsələləri Yerevanla həll etməməsinə nəzarət etməlidir.

“Bizə lazımdır ki, Rusiya Qarabağı tərk edən ermənilərin geri qayıtmasını əsaslandırmasın. Bu Fərmanın yaratdığı hansısa qurumun (“Mərkəz”) Azərbaycanda yerləşməsi arzuolunmazdır. Qarabağda Azərbaycan qurumları yerləşə bilər və Rusiyanın ermənilərə humanitar dəstək göstərməyinə ehtiyac varsa, RF əvvəlcə Bakıya müraciət etməlidir. Azərbaycan özü öz torpaqlarında humanitar məsələləri həll edə bilər. Rusiya bizə kömək etmək istəyirsə, ona təşəkkür edirik, amma bu yardımın vaxt çərçivəsi olmalıdır”, deyə Cəlal Əliyev Turan-a bildirib.

Hakim “Yeni Azərbaycan” Partiyasının deputatı Aydın Mirzəzadənin fikrincə, Rusiya öz əməllərində Azərbaycanın maraqlarını nəzərə almaya bilməz. Fərmanın təsiri eyni dərəcədə Azərbaycandan və Ermənistandan olan qaçqın vətəndaşlara şamil edilir.

“İndi Ermənistan ağır vəziyyətdədir, erməni qaçqınların ehtiyaclarını qarşılamaq, Qarabağda müharibə nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək iqtidarında deyil. Buna görə Rusiya Mərkəzinin yaradılması izah oluna bilər. Azərbaycan Rusiyanın Ermənistana və bizim ölkəmizə yardımına etiraz etmir. Dağlıq Qarabağda xəstəxanaları, məktəbləri, digər sosial obyektləri bərpa etmək və tikmək lazımdır. Rusiya buna yardım etməyi üzərinə götürür. Əsas odur ki, RF-nin əməlləri Azərbaycanın suveren hüquqlarına zidd deyil”, deyə A.Mirzəzadə qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun