Oqtay Gülalıyevin müalicəsi ev şəraitində davam etdirilir

Oqtay Gülalıyevin müalicəsi ev şəraitində davam etdirilir
9 Noyabr 2020
Mətni dəyiş

İstanbul şəhərindəki Amerika Hospitalında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

“Oqtay bəy Bakının Kürdəxanı qəsəbəsindəki evindədir və müalicəsi ev şəraitində davam etdirilir,” hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xəstəxanadan ayrıldıqdan sonra hüquq müdafiəçisinin səhhətində mənfiyə doğru dəyişiklik baş verməyib.

“Əlini tərpədir, gözlərini açır. Orqanizmi sağlamdır, amma şüuru hələ də qapalıdır,” Gülalıyeva deyib.

O bildirib ki, Oqtay Gülalıyevin evdə müalicəsi üçün tibbi personal ayrılıb.

“Amma hələ qaydasında deyil. Dünən Bakıya qaytımşıq. Tibb bacıları gəlib-gedir. Yeməkləri və dərmanlarının bir qismini Türkiyədən gətirmişik. Bundan sonra necə olacağını hələ bilmirik. Onun reabilitasiyası necə olacaq? Hər gün idman etdirlməlidir, ayağa qaldırılmalıdır. Bu, hələ edilmir. Ona görə, hələ tibbi personalla bir qərara gələ bilməmişik ki, evdə müalicə olunacaq, yoxsa xəstəxanaya köçürüləcək,” Füruzə Gülalıyeva qeyd edib.

O ailəsinin Oqtay Gülalıyevin müalicəsinin ev şəraitində dvam etdirlməsini istədiyini deyib.

“Çünki xəstəxanalarda indi koronavirus pandemiyası səbəbindən çoxsaylı xəstələr var,” Gülalıyeva qeyd edib.

Xatırladaq ki, 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Oqtay Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.

Sonradan Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə dəfə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib.

İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. İlkin olaraq ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) üzrə ittiham irəli sürülüb, lakin indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasını nəzərdə tutur. Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun