Nikol Paşinyanla Sergey Lavrovun görüşündə niyə yalnız Ermənistan bayrağı var? – İZAH

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirə edilən fotolarda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı əks olunub. Bəs görəsən, protokol qaydalarının tələbləri pozulubmu?

Məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovla danışdıq.

Keçmiş səfir deyir ki, əgər dövlət rəhbəri başqa ölkənin xarici işlər nazirini, ümumiyyətlə, prezidentdən başqa istənilən şəxsi qəbul edirsə, orada yalnız bir bayraq olur.

Onun sözlərinə görə, yalnız prezidentlər görüşəndə və ya xarici işlər nazirləri görüşəndə iki ölkənin də bayrağı olur. Yəni, subardinasiya qaydalarına görə, eyni vəzifə sahiblərinin görüşlərində hər iki ölkənin bayrağı olur.

Arif Məmmədov deyir ki, burda qanunlar yox, qaydalar işləyir.

Onun sözlərinə görə, protokol qaydalarının detallarını müəyyən edən qanunlar yoxdur. Ümumi mülahizələr əsasında belə müəyyən edilir.

“Xüsusi mülahizələr də ola bilər. Yəni, məsələn, hansısa dövlətin birinci şəxsi başqa dövlətin ikinci və ya üçüncü drəcəli məmuru ilə görüşəndə görüş yeri iki bayraqla təchiz edilirsə, bu o deməkdir ki, ya xüsusi önəm daşıyan tədbirdir, ya da qonaq tərəfdən siyasi asılılıq nümayiş etdirməmək məsləhət deyil”, – deyə diplomat, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov bildirib.