Nəhəng dövlət şirkətlərinin idarəçiliyi niyə ‘İnvestisiya Holdinqinə’ verildi? – Ekspert izah edir

Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və bu kimi bir sıra dövlət şirkətlərinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi təsdiq edilib.

Məsələni Abzas-a şərh edən iqtisadçı ekspert Nemət Əliyev deyir ki, iri dövlət şirkətləri öz fəaliyyətləri dövründə özlərini doğrulda bilməyiblər: “İndi hökumət investisiya holdinqini yaratmaqla və iri dövlət şirkətlərinin holdinqə cəmləməklə bu boşluğu aradan qaldırmağa çalışır”.

Onun sözlərinə görə, normal ölkələrdə iri dövlət şirkətləri dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır, ancaq bizdə tam əksinədir.

“İnvestisiya holdinqinin yaranmasından sonra aydın oldu ki, dövlət iri dövlət şirkətləri ilə ümumilikdə üç istiqamətdə iş aparmaq istəyir. Yəni, holdinqin üç əsas vəzifəsi var. Bunlar dövlət şirkətlərinə vahid nəzarətin həyata keçirilməsi, zərərlə işləyən iri dövlət şirkətlərinin fəaliyyətlərində səmərəliliyin artırılması və iri dövlət şirkətlərinin özəlləşdirilməsi ilə bağlı müəyyən addımlar atmaqdan ibarətdir”, deyə ekspert bildirib.

Nemət Əliyevin sözlərinə görə, nəhəng dövlət şirkətlərinin bir idarəçilikdə birləşdirilməsi  ona görə zəruri oldu ki, artıq dövlət bu şirktlərin heç bir xeyrinin olmamasını gördü:

“Artıq dövlət gördü ki, AZAL, Azərbaycan Dəmir Yolları, Azərişıq və bu kimi şirkətlər dövlət büdcəsindən gəlirlər əldə edir, dövlət zəmanəti ilə xarici borcları yığırlar, ancaq dövlət büdcəsinə heç bir xeyirləri dəymir. Hansı ki, başqa dövlətlərdə dövlət büdcəsi demək olar ki, bu cür iri dövlət şirkətlərindən gələn gəlirlərlə formalaşır. Bizdə isə tam əksinədir”,- deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Dövlət İnvestisiya Holdinqinin idarəetməsinə verilən şirkətlərin tam siyahısı:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Əvvəlki məqaləABŞ-ın qütbləşməsinə səbəb nədir?
Növbəti məqalədə‘Facebook’ Tramp tərəfdarlarının “Oğurlamağı dayandırın” adlı böyük qrupunu bağlayıb