Milli Şura Fransa Senatında qəbul edilmiş qətnaməyə etiraz bəyanatı yayıb

Milli Şura Fransa Senatında qəbul edilmiş qətnaməyə etiraz bəyanatı yayıb
26 Noyabr 2020
Mətni dəyiş

Demokratik qüvvələrin Milli Şurası Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə etiraz bəyanatı yayıb.  Bəyanatı olduğu kimi təqdim edirik

Dünən Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməyə Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası öz etirazını bildirir. Bu Qətnamə beynəlxalq hüquqla və beynəlxalq münasibətlərin universal prinsipləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda 1997-ci ildən başlayaraq Fransa Respublikasının ATƏT-in Minsk Qrupunda 23 illik həmsədrliyini şübhə altına alır. Birmənalı formada qeyd etməliyik ki, Senatın qətnaməsi Fransa dövlətinin ərazi bütövlüyünü tanıdığı Azərbaycan Respublikasının suveren hüquqlarına müdaxilə etmək, onu şübhə altına almaq xarakteri daşıyır. Bu qətnamə münaqişə bölgəsində sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən, ərazi bütövlüyü BMT və ATƏT tərəfindən tanınmış Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfdən tanınmış ərazi bütövlüyünü pozmaq cəhdidir. Senatın Qətnaməsi tövsiyə xarakteri daşısa da, Azərbaycan əhalisi arasında ciddi və haqlı etiraz doğuran bir addımdır. Fransa Senatında belə bir Qətnamə qəbul etməklə Paris Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi öz tərəfsizliyini itirmiş, tərəflər arasında vasitəçi olmaq missiyasını etibardan salmışdır.
Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi olmasa da, bu sənəd siyasi məzmun kəsb edir, uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi mandatı daşıyan bir ölkənin tərəfsizliyini haqlı olaraq ciddi şübhə altına alır, Azərbaycan xalqının Fransanın tərəfsiz və obyektiv vasitəçi olmaq missiyasına inamını sarsıdır. Şübhəsiz ki, məsələ yalnız bununla məhdudlaşmır, bu ədalətsiz qətnamənin qəbul edilməsi müstəqillik dövründə pozitiv inkişaf yolu keçmiş Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrinə ciddi təhlükə yaradır.
Qeyd etmək lazımdır ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə bu qurumun erməni işğal qüvvələrinin işğal etdikləri Azəraycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnaməyə səs vermişdir. Məhz, BMT TŞ-nın qeyd edilən 4 qətnaməsi əməli xarakter alanda, işğal qüvvələri 30 il ərazində zəbt etdikləri, dağıtdıqları, zor gücünə mənimsədikləri əraziləərdən çıxardılanda Fransa Senatı belə ədalətsiz bir qətnamə qəbul etmiş, Fransa hökumətini işğal rejimini himayə edən 1994-cü il “sərhədləri” çərçivəsində fəaliyyətə çağırmışdır. Təəssüf hissi ilə deməliyik ki, bu işğalçını şirnikləndirmək siyasətidir, regionda sülhün, təhlükəsizliyin, tərəqqinin bu günü və sabahə üçün ciddi təhlükədir.
Şübhəsiz ki, məhdud siyasi təkəbbürlərdən qaynaqlanan bu qətnamə beynəlxalq hüquq təməl prinsipləri, Birləşmiş Millətlərin Niamnaməsi və onun Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin ruhu ilə köklü şəkildə ziddiyyət təşkil etməsi ilə yanaşı, Fransanın bundan sonra həm Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti, eyni zamnda BMT TŞ-nın daimi üzvü kimi obyektivliyi ilə bağlı ciddi şübhələr doğurur. Qətnamə eyni zamnda beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan bir ölkənin qanunverici orqanının beynəlxalq hüquqa məhəl qoymamasının açıq ifadəsidr. Bütün bunların fonunda Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması faktına biganə qalmış, XX əsrin ən dəhşətli Xocalı faciəsinə, mülki əhalinin qətl və qarətlərlə öz yurdundan deportasiya edilməsinə, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə, ekoloji fəlakət, beynəlxalq qanunlara zidd olan məskunlaşma və zorla ələ keçirdiyi torpaqları mənimsəmə hallarına qarşı həmsdər olduğu uzun dövr ərazində səssiz müşahidəçi olmuşdur. Təəssüf hissi ilə qeyd etməliyik ki, Fransa Senatı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı konfliktlərə münasibətdə sərgilədiyi prinsipial mövqeyi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğalına münasibətdə nümayiş etdirə bilməmişdir.
Eyni zamanda Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı tövsiyə xarakterli qətnaməsi Azərbaycan hakimiyyətinin bu ölkəyə münasibətdə uzun illər ərzində yeritdiyi siyasətin iflası, böyük vəsaitlər hesabına həyata keçirdiyi mədəni proqramların uğursuz nəticəsi kimi qiymətləndirilməlidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, şəhidi, qazisi uçuq daxmalarda yaşayan bir ölkənin hakimiyyətinin Parisdə Versal sarayının parkındakı tarixi abidələrin bərpasına, Luvr muzeyinin və Notre-Dame kilsəsinin təmirinə, ayrı-ayrı kilsələrin və mədəni layihələrin həyata keçirilməsinə böyük vəsaitlər xərcləməsi sünü xarakter daşımış, özünü doğrultmamışdır.
Biz Milli Şura olaraq Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməsini qətiyyətlə pisləyir, bu ədalətsiz, qeyri-obyektiv, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin universal prinsipləri ilə daban-dabana zidd olan sənədə qarşı öz kəskin etirazımızı bildiririk. Fransa Senatı Dağlıq Qarabağın tanınması barədə 25 Noyabr axşamı qərar qəbul edib. 305 deputat  sənədin lehinə, 1 nəfər əleyhinə səs verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun