Mayk Pompeo İordan çayının Qərb sahilindəki yəhudi məntəqələrini ziyarət edib

Fələstinlilərin İsrailin beynəlxalq səviyyədə boykot edilməsi hərəkatının dayandırılmasına dair yeni təşəbbüslər irəli sürdükdən sonra dövlət katibi Mayk Pompeo ABŞ-ın ilk yüksək səviyyəli rəsmisi kimi İsrailin işğal etdiyi İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqəsini ziyarət edib.

Dövlət Departamentinin rəsmisi Pompeonu müşayiət etmələrinə icazə verilməyən jurnalistlərə ABŞ diplomatının Qüds yaxınlığındakı Psagot şərabçılıq bölgəsini ziyarət etdiyini bildirib.

Pompeo cümə axşamı İsrailin 1967-ci il müharibəsi zamanı Suriyadan aldığı Qolan təpələrinə gedəcəyini deyib.

“Buranın İsrailin bir hissəsi kimi tanınması prezident Trampın qərarı idi və bu qərar tarixi əhəmiyyətli və reallığın tanınması idi,” Pompeo deyib.

İsrail fələstinlilərin gələcək dövlətlərini qurmaq istədikləri İordan çayının Qərb sahilində yəhudilər üçün çox sayda yaşayış məntəqəsi inşa edib. Beynəlxalq ictimaiyyətin əksəriyyəti bu məskunlaşmaların beynəlxalq hüququn pozulması və fələstinlilərlə sülh razılaşmasına maneə kimi qiymətləndirir.

İsrailin Qolan təpələrini ilhaq etməsi də beynəlxalq səviyyədə tanınmayıb. Tramp keçən il həmin ərazinin İsrail ərazisi kimi suverenliyini tanıyan bir bəyannamə imzalayıb.

Bundan əvvəl Pompeo İsrailə qarşı boykotu müdafiə edənləri anti-semit hesab edəcəyini demişdi.

İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə Qüdsdə danışan Pompeo Dövlət Departamentinin həmin səyi dəstəkləyən təşkilatlara maliyyələşdirməni dayandırmaq üçün təcili addımlar atacağını deyib.

Fələstinlilərin rəhbərllik etdiyi `Divestment and Sanctions` (BDS) adlı boykot hərəkatının tərəfdarları bunun İsrailin işğalına qarşı bir etiraz növü olduğunu və 1980-ci illərdə Cənubi Afrikanı aparteidə son qoyması üçün təzyiq göstərən boykota bənzər olduğunu deyir.

Təşkilatçılar BDS hərəkatının anti-semitizmlə əlaqəsini inkar edir.