Hədsdə olan jurnalist altıncı gündür aclıq edir

Hədsdə olan jurnalist altıncı gündür aclıq edir
9 Noyabr 2020
Mətni dəyiş

Həbsdə olan “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqov altıncı gündür aclığı davam etdirir.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“Əfqan Sadıqov hazırda həkim nəzarətindədir. Onun təzyiqi düşüb, narahatlıqları başlayıb,” Sevinc Sadıqova qeyd edib.

Jurnalist Əfqan Sadıqov noyabrın 4-də aclıq aksiyasına başlayıb. O Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edir.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Sadıqovun səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələ şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun