Gədəbəyin icra başçısının jurnalisti sifarişlə həbs elətdirdiyi deyilir

Anews.az xəbər portalının Gədəbəy rayonu üzrə  bölgə müxbiri Zaur Qənbərov həbs edilib. 

Jurnalistin həbsi ilə bağlı Anews.az xəbər portalı məlumat yayıb.

Məlumatı sizə təqdim edirik: Anews.az xəbər portalının Gədəbəy rayonu üzrə  bölgə müxbiri Zaur Qənbərov artıq 21 gündür ki, həbsdədir. Belə ki,  Gədəbəy rayon məhkəməsi oktyabrın 29-da Zaur Qənbərovun  3,6 il  azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Məhkəmə hökmünün çıxarıldığı tarix ikinci Qarabağ savaşı zamanına təsadüf etdiyindən jurnalistimizin həbsi ilə bağlı məlumat vermədik, gündəmi dəyişmək istəmədik. Amma onun yazılarında özünü əyri görən Gədəbəyli məmurlar bundan qayğılanmadı, jurnalistin həbsini təşkil etdilər. Hətta müharibə vaxtı səfərbərliyə çağrılan jurnalist haqqında cinayət işi olduğuna görə, onu  döyüşə getməkdən məhrum etdilər.

4 May  2020-ci ildə   Zaur Qəmbərov sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb. Bu zaman özünü DSMF Gədəbəy şöbəsinin rəhbəri Elsun Xudaverdiyevin sürücüsü kimi təqdim edən İsfəndiyar Qələndərov (DSMF Gədəbəy rayon şöbəsinin rəhbərinin xidməti maşını olmadığından ona sürücünün niyə təyin olunduğu da sual doğurur – red.) otağa daxil olaraq jurnalisti nalayiq sözlərlə təhqir edir, onu  təxribata çəkməyə çalışır. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edir.

Dəhlizə çıxandan sonra İsfəndiyar Qələndərov DSMF Gədəbəy idarəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında  jurnalisti  təhqir etməkdə davam edir. Səsə  gələn idarə rəisi Elsun Xudaverdiyev  baş verənlərin jurnalist tərəfindən mobil telefona çəkildiyini görəndə telefonu onun əlindən zorla alaraq yerə çırpır və təpiyi ilə sındırmağa başlayır. Müxbirimiz telefonu  götürmək istəyəndə isə ayağı ilə onun əllərinə zərbələr endirir.

Məsələ ilə bağlı jurnalist polis idarəsinə şikayət ərizəsi versə də Gədəbəy rayon polisi bu ərizəyə baxmır.Amma Elsun Xudaverdiyevin şikayət ərizəsi əsasında dərhal   jurnalist barədə Cinayət Məcəlləsinin xuliqanlıq etmə nəzərdə tutan maddəsi ilə cinayət işi qaldırılır.  Həmin ərizədə jurnalistə faktiki xəsarətlər yetirmiş  Elsun Xudaverdiyev iddia edir ki, əslində jurnalist idarənin işini pozub, telefonunu özü sındırıb və əlini masaya  vuraraq özü özünə xəsarət yetirib.  Elsun Xudaverdiyevin tabeliyində olan  əməkdaşlar  da rəislərinin sözunu təsdiqləyiblər. Şahidlərin fərqli  ifadə vermələrinin  nə istintaq orqanları, nə  də məhkəmədə şübhə doğurmaması bu işin sifarişli xarakter daşıması qənaətinə gəlməyə imkan verir.

Zaur  Qəmbərov həm polis, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli saymadığını və peşə fəaliyyətinə görə, şərləndiyini bildirib.

“Mən  Gədəbəy rayon icra başçısı İbrahim Məmmədovun sifarişi ilə tutulmuşam. Buna səbəb isə  icra başçısının yol verdiyi pozuntularla bağlı  əlimdə xeyli sayda  audio və video materialları açıqlamağım olub”,  –  deyə jurnalist məhkəmədə bildirib.

Jurnalistin vəkili Cavad Cavadov  artıq Gədəbəy rayon  məhkəməsinin qərarından apellyasiya şikayəti etdiyini bildirib.

” Biz artıq Apellyasiya məhkəməsinə müraciət etmişik. Yəqin ki, on gün ərzində məhkəmə prosesinin hansı tarixdə olması barədə məlumat olacaq. Bu hadisədə jurnalist özünü təqsirli bilmir. Ümid edirik ki, apellasiya məhkəməsi şikayətimizi düzgün qiymətləndirəcək və jurnalisti azadlığa buraxacaqdır”, – deyə vəkil vurğulayıb.

Məlumat üçün onu da bildirək ki, Zaur Qənbərov məhkəmə qərarına etiraz olaraq bir müddət  aclıq aksiyası keçirib.  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin rəsmiləri jurnalistin durumunu nəzarətə götürüb.

Ombusman aparatından bildiriblər ki, hazırda Zaur Qənbərovun məsələsi diqqətlərindədir.

“Zaur Qənbərova həkimlərimiz tərəfindən nəzarət olunur. Onunla bağlı sorğular da prokrorluğa gedib. Hazırda işi Gədəbəy məhkəməsindədir. Əslində Ombusman bu cür prosesə qarışmır. Sadəcə Zaur Qənbərov jurnalist olduğuna görə istisna hal kimi diqqətimizdədir”.

Jurnalistin həbsi il bağlı Anews.az saytı olaraq beynəlxalq hüquq müdafiəçilərinə də mürciət edilib.

Ümid edirik ki, Ölkə rəhbərliyi işə qarışacaq, işə obyektiv baxılacaq, jurnalist azadlığa buraxılacaq və günahkarlar layiqli cəzasını alacaqlar.