Ermənistanda parlament seçkisi ‘qaçılmaz olacaq’

Ermənistanda parlament seçkisi ‘qaçılmaz olacaq’
17 Noyabr 2020
Mətni dəyiş

Ermənistan prezidenti bu qənaətə noyabrın 1-da Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat açıqlanandan sonra apardığı siyasi konsultasiyalar nəticəsində gəldiyini deyir

Ölkəni sarsıntılardan qorumaqdan ötrü parlamentə növbədənkənar seçkilər qaçılmaz olacaq. Bunu Ermənistan Prezidenti Armen Sarkisyan noyabrın 16-da deyib. Onun sözlərinə görə, bu qənaətə noyabrın 10-da Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat açıqlanandan sonra apardığı siyasi konsultasiyalar nəticəsində gəlib.

Prezident son bir həftədə parlamentdə təmsil olunan və olunmayan qüvvələrlə, müxtəlif ictimai təşkilatlar və fərdlər, eləcə də diasporla görüşlər keçirib.

“Görüşlərin iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə həmfikirdirlər: Konstitusiyaya uyğun olaraq baş nazirin istefası, yaxud səlahiyyətinə xitam verilməsi və növbədənkənar parlament seçkiləri”, – prezident deyib.

Sarkisyanın müraciətində qeyd olunur ki, yeganə məsuliyyətli yanaşma hökumətin və hakim siyasi qüvvənin öz potensialına obyektiv qiymət verməsi, qısa müddətdə yol xəritəsi təqdim etməsi olardı. Bu xəritədə isə müvafiq konstitusion proseslər göstərilməli, bunun nəticəsində parlamentə növbədənkənar seçkilərin keçirilməsi mümkün olmalıdır.

Prezident hüquq-mühafizə orqanlarını qanun və asayişi qorumağa çağırıb.

Müxalifətin yol xəritəsi

Bu arada müxalifət qüvvələri noyabrın 16-da Yerevanda Azadlıq meydanında keçirdikləri mitinqin sonunda yol xəritəsi təqdim ediblər.

Daşnaksutyun partiyasının ali orqanının təmsilçisi İşxan Saqatelyan deyib ki, bu yol xəritəsi noyabrın 10-da açıqlanmış üçtərəfli bəyanatdan maksimum faydalanmağa imkan verəcək.

Saqatelyanın təqdim etdiyi yol xəritəsində deyilir ki, imzalanmış bəyanat artıq reallıqdır, onunla hesablaşmaq lazımdır, Qarabağda Rusiya sülhməramlılarının olması isə zərurətdir.

“Bu sənədi xalqın arxasından bağlanmış kapitulyasiyasi sazişi hesab edirik. Ancaq hər şey bitməyib. Diplomatik yollar, danışıqlar vasitəsilə indiki vəziyyətdə güzəştlərimizi minimuma endirməyə çalışmalıyıq”, – o vurğulayıb.

Müxalifətin mövqeyinə görə, Baş nazir Nikol Paşinyanın iki seçimi olub: ya dərhal istefaya getməliydi, ya da parlament iclas keçirərək hərbi vəziyyəti ləğv etməli, Paşinyanı vəzifəsindən kənarlaşdırmalı, müvəqqəti milli razılıq hökuməti formalaşdırmalı idi. Bundan sonra yeni parlament seçkiləri keçirilə, nəticədə yeni hakimiyyət formalaşa bilər.

“Nikol, get, Nikol, get! Öz siyasətinlə, öz imzanla Artsaxı (Qarabağı) verdin, Şuşini (Şuşanı) türkləşdirdin, vətənin azad olunmuş hissəsini verdin, mənasız qan tökdün, xalqımızın onillərlə formalaşmış qürurunu əlindən aldın”, – Daşnaksutyunun üzvü Geqam Manukyan deyib.

Baş nazir suallar qaldıracaq

Müxalifət partiyaları artıq bir neçə gündür mitinq və yürüşlər keçirərək baş nazirin istefasını tələb edirlər.

Nikol Paşinyan isə noyabrın 16-da parlamentdə çıxışında deyib ki, baş verənlərə görə o məsuliyyət daşıyır, ancaq eyni zamanda suallar qaldıracaq və bu suallara cavab verilməlidir. Baş nazir noyabrın 16-da keçirdiyi onlayn mətbuat konfransında onu da deyib ki, gündəliyində istefa vermək yoxdur. “Mənim gündəliyimdə respublikada stabillik və təhlükəsizlik yaratmaq var, gündəlikdə başqa məsələlər yoxdur”, – o vurğulayıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun