AXCP funksionerindən Ədalət Vəliyevə: "Siz öz işinizi görsəydiniz, mən sizə təşəkkür edərdim"

AXCP funksionerindən Ədalət Vəliyevə: "Siz öz işinizi görsəydiniz, mən sizə təşəkkür edərdim"
30 Noyabr 2020
Mətni dəyiş

"PA-nın şöbə müdiri Ədalət Vəliyev yenə köhnə dialoq söhbətini ortaya atıb. Bizi inadla dialoqda iştirak etməməkdə ittiham edib".

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib. Partiya funksioneri Prezident Aparatının şöbə müdiri Əldalət Vəliyevə müraciət edərək bildirib ki, Ədalət Vəliyev bu vəzifəyə təyin olunanda ölkədə xeyli müstəqil və müxalif sayt bloklanmış, bir müxalifət partiyasının bir ofisi partladılmış, digərinin qapısı qaynaq edilmişdi.

"Türmələrdə xeyli siyasi məhbus var idi. AHİM-nin qərarları icra edilmir, təzminatlar hələ də ödənmir. Sizin ilk işiniz bu problemləri həll etmək olsaydı, mən özüm sizə zəng edib, təşəkkür edərdim. Siz öz üzərinizə düşəni etmədiniz, əksinə bizi ittiham edirsiniz".

Seymur Həzi deyib ki, partiyası 45 günlük müharibədə üzərinə düşəni etdi və heç kimdən hər hansı təşəkkür və qarşılıq da gözləmirlər.

"Siz əgər istəyirsizsə, yenə leksikon 26 sentyabr öncəsinə qayıtsın, o da sizin əlinizdədir. Amma əvvəlcə düşünün, bunun ölkəyə və hakimiyyətə nə xeyiri olacaq? Qaldı dialoq prosesinə dair bizim mövqeyimizə, orada şəxsən sizin şəxsiyyətiniz heç bir mənfi və müsbət rol oynamayıb. Biz, sadəcə, ümumi prinsipləri bəyan etmişik", - deyə Seymur Həzi bildirib.

Bundan əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin AXCP və Milli Şura haqda deyib ki, ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, dialoq təklifləri səsləndirilməsinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan “Milli Şura” inadla siyasi dialoqdan yayınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun