Avropa Belarusla vizasız səfər rejimi danışıqlarını dayandırır

Avropa Belarusla vizasız səfər rejimi danışıqlarını dayandırır
20 Noyabr 2020
Mətni dəyiş

Avropa Komissiyası Avropa İttifaqına Belarusla əməkdaşlığı məhdudlaşdırmağı tövsiyə edib.

Söhbət ilk növbədə ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedir.

Bununla belə, Komissiya vətəndaş cəmiyyəti və ətraf mühitim mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırır.

Avropa Komissiyası noyabrın 19-da İttifaqla Belarus arasında münasibətlərin təhlili barədə icmalı blokun 27 üzvünə göndərib.

Belarusda 9 avqust prezident seçkisindən sonra Minsklə Avropa İttifaqı arasında münasibətlər kəskin pisləşib.

Bu seçkidə ölkəyə 26 il rəhbərlik etmiş Alyaksandr Lukaşenka 6-cı dəfə qalib elan edildikdən sonra Belarus boyunca kütləvi etiraz aksiyaları başlanıb.

Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını bildirir.

Avropa İttifaqı və ABŞ bu seçkinin nəticələrini və Lukaşenkanın legitimliyini tanımadığını bildirib.

Belarusda keçirilən kütləvi aksiyalarda indiyədək minlərlə fəal saxlanıb, polis dinc nümayişçilərə qarşı sərt zorakılığa əl atıb.

Avropa İttifaqı, ABŞ və bir sıra başqa ölkələr buna görə Lukaşenka və onun oğlu da daxil Belarus rəsmiləri üzərinə sanksiyalar elan edib.

Bəzi istisnalar

Noyabrın 19-da Avropa İttifaqı öləkələrinin xarici işlər nazirləri Belarus üzərinə sanksiyalara bu ölkənin bizneslərini də daxil etmək barədə qərar qəbul ediblər.

Sözü gedən rəsmi sənəd isə xarici işlər nazirlərinin dekabrın 7-də keçiriləcək iclasında qəbul edilməlidir.

Sənəddə Belarusun dövlət şirkətləri ilə əməkdaşlığın məhdudlaşdırılması tövsiyə olunur.

İstisnalar yalnız Avropa İttifaqının maraqları olan sahələrə – məsələn nüvə təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sferalarına şamil ediləcək.

Avropa Komissiyası hesab edir ki, bundan sonra Belarusla danışıqlar texniki səviyyədə davam etdirilməli, siyasi məsələlər barədə isə hər bir hal üçün ayrıca qərar qəbul olunmalıdır.

Bu da qeyd olunur ki, Avropa İttifaqı Belarusla “sırf öz maraqları” olmayan hər hansı razılaşmanı imzalamayacaq.

Şərq Tərəfdaşlığı qalır, amma…

Sənəddə deyilir ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Belarusla münasibətlər saxlanmalı, amma insan haqlarını pozan konkret şəxs və qurumların proqramda iştirakına yol verilməməlidir.

Bunlarla yanaşı Belarusa mikromaliyyə yardımlarına, gömrük və vizasız gediş-gəlişə dair danışıqlar hələlik dayandırılmalıdır.

Belarusa Beynəlxalq Valyuta Fondunun yardımlarına gəlincə isə, Avropa Komissiyası bildirib ki, Belarusda demokratik keçid olanadək, bu qlobal qurumdakı Avropa nümayəndələri Belarusa kredit və yardımların verilməsinə qarşı çıxacaqlar.

Bu ilin əvvəllərində Avropa İttifaqı Belarusda səhiyyə sisteminə dəstək üçün 50 milyon avro ayırdığını bildirmişdi.

Bundan başqa Avropa Belarusda müstəqil mediaya dəstək üçün 1 milyon, repressiya qurbanlarının müalicəsi üçün isə 2.7 milyon avro ayırıb.

Minskə 30 milyon avroluq daha bir yardım paketinin hazırlanması davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun