Avropa Azərbaycandan müharibə və silahlar məsələsində hansı dərsləri öyrənə bilər?

Avropa ölkələri Azərbaycandan dərs almasa, Ermənistan ordusunun aqibətini yaşaya bilər, nüfuzlu beynəlxalq beyin mərkəzinin hesabatında deyilir.

Azərbaycanın Ermənistan üzərində qələbəsi yalnız maliyyə və texnoloji üstünlüklə izah oluna bilməz və Avropa öz müdafiəsi üçün müharibənin dərslərini öyrənməlidir, Aİ-nin 7 ölkəsində təmsil olunan qurumun mütəxəssisi belə hesab edir.

Avropa Xarici Əlaqələr Şurasının ( The European Council on Foreign Relations – ECFR) saytında dərc edilən təhlilə əsasən, Azərbaycanın öz ordusunu sistematik şəkildə yeniləməsi heç kim üçün sirr təşkil etməsə da, onun Ermənistan üzərində inamlı qələbəsini proqnoz edənlərin sayı çox olmayıb.

Bu qələbə böyük ölçüdə müharibəyə sərf edilən texniki və maliyyə imkanlarına əsaslanırdı, lakin bu, bu qələbə üçün yeganə amil deyildi, müəllif Gustav Gressel-in məqaləsində deyilir.

“Dağlıq Qarabağdan hərbi dərslər: Avropanın narahat olması üçün səbəb” başlıqlı məqalədə deyilir ki, Dağlıq Qarabağdakı müharibənin yekunları texnologiya məsələlərindən daha dərindir və Avropanın özünü necə müdafiə edə biləcəyinə dair aydın dərslər verir.

Dərs 1: Strategiya və siyasət vacibdir

Hər bir müharibənin gedişatı ona təkan verən xüsusi siyasi şəraitdən təsirlənir və bu müharibə də istisna deyildi, ECFR portalındakı təhlildə deyilir.

Azərbaycan və Türkiyə hərbi kampaniyanın uğurlu olacağına əmin idilər, çünki Rusiya müharibənin əvvəlindən ermənilərə dəstək vermək niyyətində olmadığını nümayiş etdirirdi. Moskva həmçinin Azərbaycanın hərbi təzyiqini Nikol Paşinyanı zəiflətmək aləti kimi görürdü.

Məqaləyə əsasən, Azərbaycanda Türkiyənin F-16, Ermənistanda isə Rusiyanın Su-30 hərbi təyyarələri var idi. Lakin Moskva Ermənistanın Türkiyə ilə birbaşa qarşıdurmaya girməsini istəmədiyi üçün Ermənistandakı hərbi aviasiya göyə qalxmadı.

Proqnoz olunurdu ki, hərbi hərəkətlər Ermənistanı Moskvanın əvvəl razılaşdırılmış “sülh planına” məcbur edə bilər. Bu mənfi siyasi vəziyyət ermənilərin döyüş meydanındakı hərbi cəhətdən əlverişsiz mövqeyinə bilavasitə təsir göstərdi, təhlildə deyilir.

“Dərs 2: Kompüter və şəbəkələr vacibdir”

Təhlilə əsasən, Suriya və Liviyada olduğu kimi, Rusiya hava hücumundan müdafiə sistemlərinin kiçik və asta uçan pilotsuz təyyarələrə qarşı qeyri-effektivliyi üzə çıxdı. Bu, ümumiyyətlə, Qərbin Rusiyanın havadan müdafiə sistemlərinə lazım olduğundan yüksək qiymət verdiyi qənaətini yaradıb.

S-300PT, PS seriyaları və 9K37M Buk-M1 kimi komplekslərdən ibarət Ermənistanın havadan müdafiə sistemləri 1980-ci illərdə hazırlanmışdır.

Onların raketləri güclü olsa da, sistemin sensorları asta uçan dronlara qarşı yox, daha sürətli döyüş hədəflərinə hesablanmışdı.

“Dərs 3: Düşmənin güclü cəhətini “yan keçməklə” döyüşmək”

Müharibədən əvvəl, taktiki səviyyədə Ermənistan ordusu daha üstün idi: O, daha yaxşı zabitlərə, üstün motivasiyalı əsgərlərə və daha çevik rəhbərliyə sahib idi. Azərbaycanla əvvəlki bütün müharibələrdə bu, həlledici idi, təhlildə deyilir.

Lakin Azərbaycan dronlar sayəsində bundan yan keçməklə üstünlük əldə etməyə müvəffəq oldu. Pilotsuz təyyarələr hədəf və ehtiyatları müəyyən etdikdən sonra, ermənilərin müdafiəsi artilleriya atəşiylə zəiflədilirdi.

Bunun ardınca təcrid olunmuş hala gətirilən mövqelərə doğru Azərbaycan ordusu irəliləyirdi. Bu taktika, dağlıq bölgədə də effektiv olduğunu nümayiş etdirdi.

“Şuşa uğrunda döyüş, hətta bu ərazidə ermənilərin heç bir şansının olmayacağını göstərəndə, ermənilərin qüvvələri dağılmağa başladı və Yerevanın əlverişsiz şərtlərlə atəşkəsə razılaşmaqdan başqa seçimi qalmadı”.

Məqalədə deyilir ki, Avropa bu münaqişənin hərbi dərslərinə diqqət yetirməli və bunu yoxsul ölkələr arasında kiçikmiqyaslı müharibə kimi qiymətləndirməməlidir.

Çünki Fransa və Almaniyadan başqa, kiçik və orta ölçülü Avropa ölkələrinin çoxu, Ermənistan kimi, müasir döyüş dronlarına qarşı effektiv müdafiə sistemlərinə malik deyil.

“Bu onları düşündürməli və narahat etməlidir”, – ECFR saytında dərc olunan Gustav Gressel-in məqaləsi belə nəticə ilə yekunlaşır.