Atəşkəs razılaşmasından nigaran qalanlar var…

Atəşkəs razılaşmasından nigaran qalanlar var…
14 Noyabr 2020
Mətni dəyiş

Azərbaycanda çoxları qələbəni qeyd etsə də, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs razılaşması bəyanatından nigaran qalanlar da var.

İctimai fəal, hüquqşünas Ələsgər Məmmədli deyir ki, bəyanatda bir sıra sual doğuran məqamlar var və indiki mərhələdə belə bir forma qəbulolunandır.

Onun sözlərinə görə, əgər bu bəyanat sülh razılaşmasına çevriləcəksə, burdakı suallar doğuran məqamlara aydınlıq gətirmək lazım gələcək:

“Çox məqam var. Birincisi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, ikincisi Dağlıq Qarabağ ərazisi də daxil bütün işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin tamamilə çıxarılması. Bunun baş verməsi bəyanatda Rusiya ordusu ilə yerdəyişmə baş verən zaman təmas boyunca nəzərdə tutulub. Halbuki, bu, bütün ərazidən çıxmalıdır. Üçüncü aydın olmayan məqam orda Azərbaycan hüquq mühafizə orqanlarının və gələcəkdə idarəetmə sisteminin hansı formada fəaliyyət göstərəcəyidir. Xüsusilə indiki halda ermənilərin qaldığı və rusların nəzarət etdiyi yeri nəzərdə tuturam”.

Ələsgər Məmmədli hesab edir ki, əsas məsələ budur ki, əgər bu bəyanat sülh müqaviləsinə çevriləcəksə, Ermənistan tərəfi gərək 30 ilə yaxındır Azərbaycana vurduğu zərəri də ödəsin.

Ələsgər Məmmədli deyir ki, bu şərtləri nəzərdə tutan sülh müqaviləsi olarsa, bu, Azərbaycanın milli marağındadır.

“Bəyanat aydındır və sual doğurmur”

Siyasi şərhçi Zərdüşt Əlizadə isə hesab edir ki, bəyanat ona aydındır və burda suallar yoxdur:

“Bu bəyanat onun mətnində yazıldığı qədər məzmun ehtiva edir. Onun digər gizli maddələri yoxdur. Onu diqqətlə oxumaq və yozmaq lazımdır”.

Hüquqşünas Ələsgər Məmmədli isə əlavə edir ki, atəşkəs müqaviləsi belə bir müqavilə bağlanana qədər – üç ölkə rəhbərinin noyabrın 10-da imzaladığı bəyanat hərbi münaqişənin başlamayacağına təminat vermir, çünki bundan əvvəl olan atəşkəs razılaşmaları üç dəfə pozulub.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri atəşkəs razılaşması imzalayıb və sentyabrın 27-də Qarabağda başlamış döyüşlər başa çatıb. Azərbaycan 90-cı illərin əvvəlində işğal olunmuş 200-dən çox yaşayış məntəqəsini azad etdiyini bildirib.

Atəşkəs razılaşmasına görə, Ermənistan Azərbaycanın qərb rayonları Naxçıvana, Azərbaycan da Ermənistanın Dağlıq Qarabağa quru yolu ilə əlaqəsi üçün dəhliz yaradılmasına zəmanət verir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun