ABŞ seçkilərində səslərin sayılması davam edir

ABŞ seçkilərində səslərin sayılması davam edir
4 Noyabr 2020
Mətni dəyiş

Çərşənbə axşamı gecə ABŞ-ın şərq sahilləri boyunca ştatlarda seçki məntəqələrində səsvermənin nəticələri hesablandıqca prezidentliyə Respublikaçı və Demokrat namizədlər yekun nəticələri izləyirlər. 3 noyabr seçki günü Prezident Donald Tramp və sabiq Vitse-Prezident Co Bayden arasında qızğın siyasi yarış kimin növbəti dörd ildə Ağ Evə sahib olacağını müəyyənləşdirir.

ABŞ-ın mərkəzi İndiana ştatında Tramp gözlənildiyi kimi qələbə çalıb. Prezident oxşar nəticəni qonşu Kentaki ştatında sərgiləyib. Respublikaçı namizədin habelə Florida, Texas, Ohayo, Alabama, Arkanzas, Cənubi Dakota, Tennessi, Missuri, Cənubi Karolina, Qərbi Virciniya, Nebraska, Yuta, Vayominq, Montana, Luiziana və Oklahoma ştatlarında qalib gələcəyini proqnozlaşdırılıb.

Demokrat namizəd Co Bayden öz növbəsində Nyu York, Vermont, Massaçusets, Delaver, Merilənd, Minnesota, Nyu Meksiko, Kolorado, İlinoys, Konnektikut, Oreqon, Kaliforniya, Vaşinqton, Nyu Hempşir və Virciniya ştatlarında, habelə paytaxt Vaşinqton DC şəhərində (şimal-qərbdəki Vaşinqton ştatından fərqlidir - red.) rəqibini üstələməkdədir.

Namizədlərin hər ikisi partiya tərəfdarlarının çoxluq təşkil etdiyi ştatlarda qələbə çalmağa yaxın olsalar da, əsas diqqət ictimai dəstəyin təqribən bərabər səviyyədə olduğu güman edilən ştatlara yönəlib.

Şərq ştatlarında səs sayımı davam etdiyi bir məqamda qərb vaxt zonasındakı ştatlarda səsvermə hələ də gedir.

Ölkənin bir sıra bölgələrində səsvermək üçün insanların uzun növbələrə dayandıqları xəbər verilib.

Pennsilvaniya, Ohayo, Texas və Corciya ştatlarında səsvermə cihazlarında müəyyən problemlərin yaşandığı haqda məlumatlar daxil olub.

Federal Təhqiqat Bürosu (FBI) bəzi ştatlarda vətəndaşları səs verməkdən çəkindirən robo-zəngləri araşdırdığını biıdirib. Lakin bəzi gözləntilərin əksinə olaraq məntəqələrdə irimiqyaslı ixtilaflar qeydə alınmayıb.

On milyonlarla adam seçki günü səs vermək üçün növbələrə düzlənib.

101 milyondan çox adam koronavirus pandemiyası dönəmində yoluxmaqdan yayınmaq üçün ötən həftələrdə erkən səs veriblər.

Erkən səsvermə şərqi Pennsilvaniya, Corciya və Şimali Karolina ştatlarında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Tramp hər üç ştatda 2016-cı ildə qələbə çalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun