Ərdəbildə 3 milli fəalın məhkəmə iclası keçirilib

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, noyabrın 22-də Ərdəbil şəhərində Azərbaycan ordusuna dəstək mitinqində həbs edilən 3 güneyli fəal, Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndənin məhkəmə iclasları keçirilib.

Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsində hakim Abdullah Qədiminin sədrliyi ilə keçirilən məhkəmə iclasında bu vətəndaşlar “milli təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” ittihamından özlərini müdafiə ediblər.

Sentyabrın 30-da Ərdəbil şəhərində ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndənin ittihamları barədə hakim Babək Nonəhalın rəhbərlik etdiyi Ümumi və İnqilab Prokurorluğunun 10-cu şöbəsində onlara məlumat verilmişdi.

Ərdəbil şəhərində bu mitinqlərlə əlaqədar həbs edilən vətəndaşlar İran hökumətinin agentləri tərəfindən ağır işgəncələrə məruz qalmışdı.

Əhməd Məhəmmədpurun həbsdə olduğu müddətdə ağır vəziyyətdə döyüldüyü və baş nahiyəsindən xəsarət aldığı bilidirlir.

Oktyabrın 7-də güneyli milli fəal Əhməd Məhəmmədpur 450 milyon tümən, Əli Məali ilə Ramin Danəndə isə hər biri 350 milyon tümənlik girov müqabilində məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.

Amnesty International İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib.