XİN 'Human Rights Watch'un kasetli bomba ittihamına cavab verdi

XİN 'Human Rights Watch'un kasetli bomba ittihamına cavab verdi
23 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 130-dan çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XİN sözçüsü: ""Human Rights Watch" istəsəydi,..."

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə atəşə tutması, Gəncəyə raketlərin atılması nəticəsində əhali arasında ciddi itkilərin olması ilə bağlı faktlar, dəlillər toplanıb, hazırlanıb və müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb".

Bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Human Rights Watch" təşkilatının hesabatı ilə bağlı bildirib.

Beynəlxalq hüquq müdafiə təşkilatı "Human Rights Watch" oktyabrın 23-də hesabat dərc edib. Həmin hesabatda Azərbaycanın Dağlıq Qarabağda yaşayış məskənlərinə qadağan olunmuş kasetli bomba atması ilə bağlı iddialar yer alıb. Kasetli bombalar qadağan olunub.

Qurum bildirib ki, Azərbaycan hökumətinə yerində araşdırma aparmaq üçün dəfələrlə müraciət etsə də, ona icazə verilməyib.

L.Abdullayeva AzadlıqRadiosunun "niyə "Human Rights Watch"un ölkəyə nümayəndələrini yollamağına icazə verilmir" sualına isə belə cavab verib: "İstər şəhərlərin, istərsə də mülki əhalinin hədəfə alınması ilə bağlı faktlar, dəlillər ətraflı şəkildə toplanıb və müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bu faktlar bəllidir, beynəlxalq jurnalistlər tərəfindən də qeydə alınıb. "Human Rights Watch" istəsəydi, həmin o beynəlxalq təşkilatların, beynəlxalq media nümayəndələrinin hesabatlarına, məlumatlarına istinad edə bilərdi".

Azərbaycana kasetli bomba ittihamı

"Human Rights Watch" (HRW) insan haqları təşkilatı Azərbaycanı Dağlıq Qarabağda yaşayış məskənlərinə qadağan olunmuş kasetli bomba atmaqda ittiham edir. Qurum oktyabrın 23-də yaydığı bəyanatda dörd belə insidenti yerində sənədləşdirdiyini bildirir.

Kasetli bombalar geniş əraziyə təsir göstərdiyinə, eləcə də partlamayan kiçik bombalar yaydığına görə qadağan olunub.

İndiyədək həm Azərbaycan, həm də Ermənistan kasetli bombalardan istifadə etdiyini danır, qarşı tərəfi bunda günahlandırır.

HRW Azərbaycanın Ermənistanla bağlı iddialarını yoxlamadığı, ancaq müşahidəçilərinin Xankəndində bu cür bombaların qalıqlarını təftiş etdiyini açıqlayıb.

Qurum bildirir ki, Azərbaycan hökumətinə yerində araşdırma aparmaq üçün dəfələrlə müraciət etsə də, ona icazə verilməyib.

Oktyabrın 5-də "Amnesty International" təşkilatı Azərbaycana oxşar ittihamlar səsləndirmişdi. O zaman prezidentin köməkçisi Hikmət Hacıyev qurumun bu bəyanatını "birtərəfli", "qərəzli", adlandırmışdı.

"Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir. Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir", – Hacıyev deyib.

63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 23-də cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb: "Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2156 yaşayış evi yarasız hala düşüb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun