UNICEF uşaqların həyatını itirməməsi üçün hərbi əməliyyatların dərhal və tam dayandırılması üçün tərəflərə müraciət edib

UNICEF uşaqların həyatını itirməməsi üçün hərbi əməliyyatların dərhal və tam dayandırılması üçün tərəflərə müraciət edib
29 Oktyabr 2020
Mətni dəyiş

BMT-nin Uşaq Fondu UNICEF Dağlıq Qarabağ bölgəsi və onun ətrafında hərbi əməliyyatların başlamasının bir ayının tamam olduğu zaman açıqladığı bəyanatda uşaqların həyatını itirməməsi üçün tərəfləri döyüşləri dərhal və tam dayandırmağa çağırıb. Təşkilatın bəyanatında sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında başlayan hərbi əməliyyatlar nəticəsində həlak olmuş 10 uşağın adı qeyd edilib.

“On aylıq Narin; bir yaşlı Mədinə. Aysu, 8; Viktoriya, 9; Şəhriyar, 13; Artur, 13; Fərid, 14; Fidan, 15 yaş; Nigar, 15; Orxan, 16. Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı məlum olduğu kimi öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları açıqlanmayıb”, UNICEF-in bəyanatında deyilir.

Təşkilat 130 mindən çox insanın evlərindən didərgin düşdüyünü, 76 məktəb və uşaq bağçasına zərər vurulduğunu və bir doğum evinin atəşə tutulduğunu bildirib.

UNICEF uşaqların mülki vətəndaşların yaşadığı bölgələrin “gündəlik raket hücumlarına məruz qalması” nəticəsində qorxu keçirdiyini vurğulayıb. Təşkilat atəşkəsə dair əldə edilmiş üç razılaşmaya əməl edilmədiyini qeyd edib.

“UNICEF bir daha uşaqların həyatını itirməməsi üçün hərbi əməliyyatların dərhal və tam dayandırılması üçün müraciət edir” – deyə, təşkilatın bəyanatında bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüepp mülki əhali arasında qurbanların sayının artması ilə əlaqədar son eskalasiyanı qınayan bəyanatla çıxış edib. Bəyanatda cəbhənin hər iki tərəfində şəhər ərazilərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölüm halları və yaralananların olduğunu bildirilib.

“Bu, yolverilməzdir. Faciəli bir şəkildə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, iki övlad atası atəş nəticəsində həyatını itirib. Digər iki könüllü yaralanıb. BQXK könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə başsağlığı bildirir”, bəyanatda deyilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi sentyabr ayının sonunda hərbi əməliyyatların başlamasından bəri tərəfləri “xəstəxanalar, məktəblər, bazarlar və mədəni abidələr kimi mülki əhali və mülki infrastrukturu qorumaq və müdafiə etmək üçün bütün mümkün tədbirləri görməyə” çağırdığını bildirib.

“Bunlar könüllü olaraq edilən jestlər deyil. Bunlar beynəlxalq humanitar hüquqa əsasən öhdəliklərdir”, Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib.

Komitə beynəlxalq humanitar hüquqlar çərçivəsində öhdəliklərini xatırlatmaq üçün hər iki tərəflə dialoq aparıldığını bildirib.

“Şahidi olduğumuz dəhşətli səhnələr davam edə bilməz”, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüepp bəyanatda bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun