Türkiyə və Rusiya arasında nə baş verir? – Şahin Cəfərli

Şahin Cəfərli

Ötən gün ərzində öncə Çavuşoğlu və Lavrov, sonra Ərdoğan və Putin arasında telefon danışığı oldu. Əsas müzakirə mövzusu Suriyadır.

Bir gün öncə İdlibdə Türkiyə hökumətinin dəstəklədiyi “Feylak-üş Şam” qruplaşmasının Türkiyə sərhədinə cəmi 10 km məsafədə (Hatayın qarşı tərəfi) yerləşən Cebel Duveyla məntəqəsindəki təlim mərkəzi Rusiya aviasiyası tərəfindən bombalandı. Ən müxtəlif mənbələrin məlumatına görə, bombardman nəticəsində islamçı qruplaşmanın 80 civarında üzv və tərəfdarı ölüb.

Oktyabrın 23-də isə Türkiyənin nəzarətindəki Cerablusda neft və neft məhsullarının (mazut və s.) saxlanıldığı və satıldığı bazar Aralıq dənizində, Lazkiye (Latakiya) sahilində lövbər salmış Rusiya hərbi gəmisindən atılan 2 ballistik raketlə vurularaq dağıdıldı.

Bundan bir neçə gün öncə – oktyabrın 19-da türk əsgərləri İdlibin cənubundakı Morikdə yerləşən 9 saylı müşahidə məntəqəsindən geri çəkildi. Bura 1 ildən çoxdur Əsəd qüvvələrinin mühasirəsində idi və Rusiya əvvəllər həmin məntəqə ilə Türkiyənin əlaqəsini təmin etdiyi halda, son həftələrdə bu əlaqəni kəsmişdi və məntəqənin təchizatını (ərzaq, silah-sursat) həyata keçirmək mümkün olmurdu.

Türk ordusunun İdlibdə Əsəd qüvvələrinin mühasirəsində qalmış daha 6 hərbi müşahidə məntəqəsi var. Türkiyə hərbi kontingenti oraları da boşalda bilər, amma bu, hələ İdlibi tərk etmək demək deyil. Hazırda İdlibdə 10 mindən çox türk əsgəri cəmləşdirib və prezident Ərdoğan oranı əldə saxlamağı həyati əhəmiyyətli məsələ sayır.

Bəs, bu hadisələrin Qarabağa nə aidiyyəti?

Dəqiq bilmirik. Ehtimal etmək olar ki, Rusiya Suriyada Türkiyəyə təzyiqi artırmaqla onu Qarabağ cəbhəsində atəşkəsin təmin olunmasında rol oynamağa sövq etmək istəyir. Çünki məhz Türkiyə faktoru səbəbindən Rusiyanın Azərbaycan üzərində əvvəlki təsir gücü zəifləyib və Moskvada hesab edirlər ki, Ankara Bakını hərbi əməliyyatları dayandırmağa razı sala bilər.

Şahin Cəfərli