Tramp kampaniya tədbirlərini yenidən davam etdirir

Tramp kampaniya tədbirlərini yenidən davam etdirir
12 Oktyabr 2020
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp koronavirus testinin müsbət nəticə verməsindən sonra ilk dəfə olaraq ictimaiyyət qarşısında çıxaraq, Ağ Evdə böyük siyasi kampaniya tədbiri keçirib.

ABŞ-ın Cons Hopkins Coronavirus Resurs Mərkəzinin bazar gününə olan məlumatına görə, qlobal səviyyədə COVID-19-a 37.2 milyondan çox yoluxma halı və bir milyondan çox ölüm halı qeydə alınıb.

Bundan bir neçə saat sonra prezidentin həkimi Şon Konli bəyanat açıqlayaraq, şənbə günü səhər aparılmış COVID testinin nəticələrinə görə prezident tərəfindən artıq virusun başqalarına ötürülmə riski olmadığını bildirib.

Konlinin bəyantına əsasən, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin standartlarına görə, prezidentin başqalarından təcrid olunması dayandırıla bilər.

Ağ Evdə keçirilmiş tədbir koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən müalicə olunmaq üçün üç gecə xəstəxanada qalan Trampın ictimai kampaniya fəaliyyətlərini yenidən başladığına işarə edir.

Prezidentin səhhəti ilə bağlı sualların hələ qaldığı bir vaxt Tramp balkondan maska taxmadan danışıb və koronavirun daha çox təsirinə məruz qalmış afroamerikalılar və latın amerikalılardan ibarət izdihama müraciət edərək deyib ki, “çox sayda yoluxma var, amma bunlar yox olacaq.”

Tramp heç bir dəlil göstərmədən bildirib ki, “peyvənd rekord müddətdə, çox tez müddətdə gələcək."

Ağ Evdə “qanun və asayiş naminə dinc etiraz” adı altında keçirilən tədbirin bütün iştirakçılarının maska taxmaları tələb olunurdu. Onların temperaturları yoxlanılıb, sosial məsafə tətbiq etməsi və qısa anket doldurmaları istənilib.

Prezident Ağ Evdə bundan əvvəl sentyabrın 26-da Ali Məhkəmənin hakimi vəzifəsinə Emi Koni Barretin namizədliyini irəli sürmək üçün ictimai tədbirdə iştirak edib. Tədbirdə 200-dən çox adam iştirak edirdi və onların əksəriyyəti üz maskası taxmamışdı. Toplantı yeni infeksiyalara gətirib çıxarmış bir tədbir kimi təsvir edilir. Tədbirdən sonra Tramp, birinci xanım Melaniya Tramp və prezidentin bir neçə köməkçisi daxil olmaqla iyirmidən çox insanın COVID-19-a yoluxduğu bildirilib.

Prezidentin Ağ Evdə tədbir keçirməsi ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi olan Antoni Fauçinin Ağ Evə maskasız insanların kütləvi şəkildə toplanmaması barədə xəbərdarlıq etdiyi zaman elan edilib.

Trampın həkimləri prezidentin oktyabrın 1-də COVID-19 simptomlarını göstərməyə başladığını bildiriblər. Trampın Ağ Evdəki həkimi, ABŞ Hərbi Dəniz Donanmasının komandiri Konli cümə axşamı verdiyi açıqlamada Trampın vəziyyətinin “sabit qaldığını” və onun şənbə günü təhlükəsiz şəkildə tədbirlərini davam etdirə biləcəyini bildirib.

Prezidentliyə Demokrat namizəd Co Bayden şənbə günü kampaniyasını Pensilvaniya ştatının Eri şəhərində davam etdirib. O, Trampın 2016-cı ildə qələbəsindən sonra şəhəri ziyarət edən prezidentliyə ilk namizəddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun