Rusiya sülhməramlıları Azərbaycana gələ bilərmi?

Rusiya sülhməramlıları Azərbaycana gələ bilərmi?
19 Oktyabr 2020
Mətni dəyiş
"Hazırda hərbi müşahidəçilər də kifayət edər. Əgər bu bizim hərbi müşahidəçilərimiz olardısa, daha doğru olardı. Amma son sözü tərəflər deməlidir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də keçirdiyi mətbuat konfransında belə demişdi.
Sülhməramlıların münaqişə bölgəsinə yerləşdirilməsi şərti Dağliq Qarabağ probleminin nizamlanması ilə bağlı ortaya qoyulan bütün həll variantlarında öz əksini tapıb.
Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" kanalına oktyabrın 3-də verdiyi müsahibəsində Rusiyaya müraciət edərək ATƏT-in Minsk Qrupu çərçivəsində bölgəyə sülhməramlılar yerləşdirməyin mümkün olduğunu söyləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə  RBK-ya bildirib ki (4 oktyabr), sülhməramlılar yalnız hər iki tərəfin razılığı ilə ora daxil ola bilərlər.
Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi sabit qalır.
İlham Əliyev: "Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz"
İ. Əliyev oktyabrın 13-də "Habertürk" kanalına  müsahibəsində məsələyə belə münasibət bildirib: "Sülhməramlıların tərkibi necə olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı ölkə veto qoyarsa, təbii ki, bu olmayacaq. İkincisi, hər kəs anlamalıdır ki, sülhməramlıların göndərilməsi dedikdə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir".
Rus ordusu Azərbaycandan 1993-cü ilin mayında çıxarılıb. Buna nail olan AXC-Müsavat hakimiyyətində təmsil olunanlarsa sülhməramlıların Qarabağa gəlməsinə etiraz edirlər. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri Hikmət Hacızadə bu haqda "Facebook” hesabında yazıb ki, rus qoşunlarının Azərbaycana gəlməsinin qarşısı alınmalıdır, əgər onlar gəlsə, həmişəlik ölkədə qalacaqlar: "Rəhmətlik Elçibəy çətinliklə rus qoşunlarını ölkəmizdən çıxardı. Mən onların bura qayıtmasının qəti olaraq əleyhinəyəm. Gəlin, tarixə nəzər salaq. Rus sülhməramlıları gedib Abxaziya və Osetiyada yerləşmişdi. İndi nə Osetiya var, nə də Abxaziya”.
 "Exo Baku” saytının redaktoru Rauf Mirqədirov da "ToplumTV”yə açıqlamasında deyib ki, buna qətiyyən razılıq vermək olmaz: "Rusiya öz qoşunlarının Azərbaycana qaytarılmasına razılıq tələb edir. Heç bir vəchlə icazə vermək olmaz. Yalnız sözügedən bölgə deyil, bütövlükdə Azərbaycan Rusiyanın nəzarətinə keçmiş olacaq. Bu, müstəqilliyimizin təhlükə altına düşməsi deməkdir".
O, rus qoşunlarının Gürcüstana yerləşdirilməsiylə Osetiya və Abxaziyanın, Ukraynada Krımın və Şərqi Ukraynanın işğal olunması faktını xatırladıb.
Politoloq Şahin Cəfərli "Facebook” hesabında yazıb ki, Rusiya və digər həmsədr ölkələr 27 sentyabrdan sonra yaranmış yeni reallıqları nəzərə almadan Azərbaycana köhnə həll çərçivəsini qəbul etdirməyə, sülhməramlıların müşahidəçi adı altında gəlişinə çalışır. Ş.Cəfərli bunu Azərbaycan üçün tələ hesab edir.
Dağlıq Qarabağda sülhməramlılar hansı halda yerləşdirilə bilər? 
"Madrid prisnsipləri” bu haqda nə deyir?
Baza prinsiplərinə əsasən, ilk mərhələdə Dağlıq Qarabağa daxil olmayan 5 rayon geri qaytarılmalıdır.
Bundan sonra regionda bütün kommunikasiyalar açılmalı, azad edilmiş torpaqların reabilitasiyası üzrə işlər həyata keçirilməlidir. Daha sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilməlidir.
Göründüyü kimi, regionda sülhməramlıların yerləşdirilməsi "Madrid prinsipləri”ndə belə ən son addımlardan biri kimi nəzərdə tutulub.
Politoloq Azər Qasımlı hesab edir ki, Qarabağ probleminin həllində "baza prinsipləri" artıq keçərli deyil.
O,  Türkiyənin Azərbaycanın yanında qarant ölkə kimi çıxış etməsinin və bu məsələdə aktivliyinin bölgədə və Qarabağ məsələsində güc balansını dəyişdiyini dqşünür: "Digər tərəfdən, Azərbaycan ordusunun uğurları "5+2 rayonun azad edilməsi, Qarabağın statusunun müəyyənləşdirilməsi və bölgədə sülhməramlıların yerləşdirilməsi" planını Azərbaycanın xeyrinə dəyişməkdədir”.
Türkiyə sülhməramlı qüvvələrini Qarabağda yerləşdirə bilərmi? 
1990-cı illərdən fərqli olaraq bu dəfə Türkiyə Qarabağ münaqişəsinin həllində daha fəal iştirak edir və Azərbaycana açıq dəstəyini nümayiş etdirir. Hətta ölkə rəsmiləri danışıqlar masasında Türkiyənin də olması  təklifiylə çıxış etdilər, ancaq Rusiya və Ermənistan qətiyyətlə bu təklifi rədd etdilər.
Qərb analitiklərinin indiyə qədər səsləndirdikləri qənaət bundan ibarətdir ki, Rusiya  hərbçiləri bölgəyə gələrsə, aralıq müddətə NATO silahlılarının Qarabağda yerləşdirilməsi daha optimal variantdır. Bu baxımdan NATO üzvü olan Türkiyənin sülhməramlı qüvvələrinin və ya hərbi müşahidəçilərinin münaqişə bölgəsində yerləşdirilməsi ehtimalı nə qədər realdır?
Rauf Mirqədirov deyir ki, münaqişənin tərəfləri heç də yalnız Ermənistan və Azərbaycan deyil; Qərb, İran, Rusiya və Türkiyə də münaqişəyə qarışıb və hər birinin öz maraqları var.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, sülhməramlıların yerləşdirilməsi məsələsində Türkiyə amili də nəzərə alınmalıdır və məsələnin həllində "2+2" formatından istifadə oluna bilər:  "Rusiyanın Ermənistanla hərbi müqaviləsi var. Məlumatlar sızır ki, Rusiya tərəfdən Ermənistana silah yardımı olunur. Ona görə də Türkiyə-Rusiya və Azərbaycan-Ermənistan daha balanslaşdırılmış tərkib olar. Rusiya və Türkiyə Suriyada birgə müşahidəçilik missiyasını artıq təcrübədən keçiriblər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun