Rusiya azərbaycanlıları Putini RF telekanallarında Azərbaycan əleyhinə təbliğata son qoyulmasına çağırıblar

Rusiya azərbaycanlıları Putini RF telekanallarında Azərbaycan əleyhinə təbliğata son qoyulmasına çağırıblar
30 Oktyabr 2020
Mətni dəyiş

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Rusiya telekanallarında ermənipərəst ekspertlərin antiazərbaycan təbliğatından narahatdır. Bu barədə Rusiya Azərbaycanlıları Federal Milli Komitəsinin AzərRos prezidenti, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Mehriban Sadıqovanın Rusiya prezidenti Vladimir Putinə müraciətində deyilir.

“Bir sıra Rusiya KİV-in separatizmin açıq şəkildə dəstəklənməsi ilə bağlı bu hərəkətləri Rusiyanın maraqlarına və sizin səsləndirdiyiniz sülhməramlı mövqeyə ziddir.

Bununla yanaşı, Ermənistan Cenevrə Konvensiyası üzrə öhdəliklərini kobudcasına pozaraq Rusiyadakı erməni diasporunun nümayəndələrinin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştiraka, Dağlıq Qarabağın qanunsuz rejiminə maliyyə və siyasi dəstək göstərilməsinə cəlb olunması təşəbbüsü ilə çıxış edir”, - müraciətdə bildirilir.

“Biz Rusiya azərbaycanlıları bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə yönəlmiş səylərinizi hər vəchlə dəstəkləməklə Azərbaycan torpaqlarında baş verənlərə göstərdiyiniz diqqətinizi yüksək qiymətləndiririk.

 Lakin Cənubi Qafqazda genişmiqyaslı müharibə aparmaq və münaqişəni Rusiyanın öz ərazisinə keçirmək üçün Ermənistanın qərbpərəst rejiminin Rusiyanı hərbi əməliyyatlara cəlb etmək cəhdlərinin davam etməsi bizi çox narahat edir”, - müraciətdə qeyd olunur.

“Biz, Rusiya azərbaycanlıları – çoxmillətli dövlətimizin vətəndaşları — nəinki ümid edirik, həm də əminik ki, Vladimir Vladimiroviç, siz ölçülüb-biçilmiş və obyektiv mövqeyiniz sayəsində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış sərhədlərindən kənara çıxarmaqla, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında bu çoxillik qarşıdurmanın ədalətli həllinə kömək edə biləcəksiniz”,- müraciətdə bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun