Rus general: “Rusiya Qarabağda münaqişəyə müdaxilə etməyəcək”

“Rusiya Qarabağda hərbi vasitələrlə müdaxilə etmək istəmir, çünki Azərbaycan və Türkiyə ilə münasibətlər onun üçün vacibdir”

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin keçmiş rəisi, istefada olan general-leytenant, hərbi ekspert Yevgeni Bujinski ‘İnterfaks’ agentliyinə bildirib.

Rus general bildirib ki, o, Rusiyanın hərbi iştirakını istisna edir, Azərbaycan Rusiya üçün çox vacibdir.

Dünən Ermənistanın baş naziri Rusiya prezidentindən yardımla bağlı təcili məsləhətləşmələrə başlamağı rəsmən xahiş edib, bu gün Rusiya XİN cavab verib ki, Ermənistan ərazisinə hücum və ya belə hücum təhlükəsi olarsa, Rusiya kömək edəcək..

Rusiya hələlik həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlər saxlamağa çalışır və bitərəfliyə əməl edir.

Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir.

Qarabağ müharibəsinin gedişində tərəflər artıq dəfələrlə artilleriya və raket zərbələrinin sərhəddən keçdiyini bəyan ediblər. Bununla yanaşı, Azərbaycan bəyan edir ki, ölkə ərazilərinə təhlükə yaradan hədəflərin olduğu halda Ermənistan Respublikasının ərazisində hərbi hədəfləri vurmaq üçün tam hüquqa malikdir.