Prezidenti: "Qubadlı şəhəri azad edilib" - 25 oktyabrda nələr baş verib?

Prezidenti: "Qubadlı şəhəri azad edilib" - 25 oktyabrda nələr baş verib?
26 Oktyabr 2020
Mətni dəyiş

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bildirib.

Ermənistan tərəfi bu məlumatı təsdiq etməsə də Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, Qarabağ münaqişəsi zonasında şiddətli döyüş əməliyyatları davam edir.

"Qarabağın cənub-qərbində - Qubadlı (Sanasar) qəsəbəsi yaxınlığında xüsusilə şiddətli döyüşlər gedir," o, qeyd edib.

Bundan öncə Prezident Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxış edib.

“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.”

Əliyev bildirib ki, `işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılması, bütün dağıntıların qeydə alınması, aktların tərtib edilməsi, vətəndaşların dağıdılmış əmlakının uçota alınması` barədə göstəriş verib. “Əlbəttə, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir.”

Əliyev bildirib ki, Ermənistan bu gün də silahlanır.

“Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var.”

Onun sözlərinə görə, indiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb.

“Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var,” prezident qeyd edib.

Bu gün Ermənistanın Baş Naziri Nikol Paşinyan Fransa parlamentinin nümayəndə heyəti ilə görüşündə bildirib ki, Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalır, Azərbaycan beynəlxalq atəşkəs çağırışlarını rədd edir.

Baş Nazirin sözlərinə görə, Ermənistan bu və ya digər kompromisin məqbulluğundan danışsa da, bu kompromis Azərbaycan üçün qəbuledilməz olur.

"Bu vəziyyəti danışıqlarda çoxdan müşahidə etdik. Bunun yeni bir fenomen olmadığını aydınlaşdırmaq üçün 2011-ci il danışıqlarına bir nümunə gətirə bilərəm. Kazandakı məlum prosesin davam etdiyi həmin il Ermənistan bəzi kompromislərə razı oldu və razılığa gəlindi. Azərbaycan son anda mövqeyini daha da gücləndirərək sənədi imzalamaqdan imtina etdi,” o, qeyd edib.

Paşinyan bildirib ki, Yerevan mövqeyindən geri çəkildikcə Bakı daha çox tələb edərək mövqeyini daha da sərtləşdirir.

Baş Nazirə görə, nəticədə bu proses müharibəyə səbəb olub.

O, Azərbaycanı humanitar atəşkəsi pozmaqda günahlandırıb.

"Üstəlik, eyni proses müharibə gedişində də baş verir. Moskva prosesindən başlayaraq Prezident Makronun vasitəçiliyi ilə barışıqla bitən razılaşmaları Azərbaycan daim pozur," o, qeyd edib.

Bu arada Prezident İlham Əliyev humanitar atəşkəs razılaşmasının pozulmasında Ermənistanı günahlandırıb.

“Biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə (Gəncə şəhəri nəzərdə tutulur-red) ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur. Biz bu gün də atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın Baş Naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur,” prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziyasına müsahibəsində bildirib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca lokal döyüşlərin davam etdirildiyi bildirilir. Tərəflər çoxsaylı itkilərin olduğunu bildirir.

Münaqişə ətrafında siyasi səviyyədə çalışmalar da davam edir.

ABŞ Dövlət Katibi Maykl Pompeo digər qlobal liderlərə qoşularaq Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağda gedən döyüşlərin dayandırılması üçün səyləri artırıb.

Dövlət Katibi Pompeo oktyabrın 23-də əvvəlcə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, daha sonra isə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun